“Hafka”nın ölkədən qaçmasının səbəblər
Bizi izləyin

Qırmızı.az

“Hafka”nın ölkədən qaçmasının səbəblər

Hafka” ölkədən qaçmaq istəyib; Hafiz Məmmədovun maliyyə krizisinə girməsi xəbərləri bir oyundur; onun vəziyyəti heç də göründüyü qədər çətin deyil; “Hafka”nın Avropa banklarının yalnız birindəki hesabında 1 milyard avro var...

“Bakı” futbol klubunun prezidenti, “Hafka” kimi məşhurlaşan iş adamı Hafiz Məmmədov ölkədən qaçarkən saxlanılıb. Bu haqda qaynar.info saytı xəbər yayıb. Sayt iddia edir ki, Hafiz Məmmədov ölkədən qaçarkən hüquq-mühafizə orqanları tərəfindən Bakı Hava Limanında saxlanılıb və geri qaytarılıb.

Məlumatı yayan mənbə iddia edir ki, hazırda iş adamı nəzarətdədir. Bakı Hava Limanından isə axar.az-a belə bir halın qeydə alınmadığını deyiblər. DİN də olaya qeyri-müəyyən reaksiya verib. Məsələnin maraqlı tərəfi isə budur ki, haqqında bu cür iddiaların getməsinə rəğmən, Hafiz Məmmədovun özündən, yaxud səlahiyyətli nümayəndəsindən heç bir təkzib, ya da hər hansı bir reaksiya yoxdur.

H.Məmmədovun adı son günlər mətbuatda çox hallanırdı. Belə ki, “Baghlan Group”-un prezidentinin biznes fəaliyyətindəki “axsamalar”, ölkədə ən güclü futbol kulublarından biri hesab olunan “Bakı” futbol klubunun bazasının satışa çıxarılması, “Bank of Azerbaijan” ətrafında yaranan böhran və “Hafka”nın nəqliyyat naziri Ziya Məmmədovla əlaqələri medianın gündəmindən düşmürdü. H.Məmmədovun nəzarət səhm paketinə sahiblik etdiyi Fransanın “Lans” klubuna da son günlərə qədər on milyonlarla dollara yaxın borcu olub. İyulun 3-də isə “Hafka” “Lans”ın hesabına 10 milyon dollar ödəməklə borcu 11.5 milyona qədər endirə bilib. Virtualaz.org saytı xəbər verir ki, “Lans” klubunun prezidenti Jerve Martel H.Məmmədovun klubun bank hesabına 10 milyon avro köçürdüyünü təsdiqləyən sənədi təqdim edib. Xəbər verildiyi kimi, “Hafka” bu il yüksək liqada oynayacaq “Lans”ın 43 milyon avroluq büdcəsinin təxminən yarısını vermək barədə öhdəlik götürüb. Lakin o, may ayında ödəmə haqda sənədləri imzalasa da pulları hesaba köçürməyi ləngidirdi. Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) yetərli maliyyə qarantiyasının olmamasını və pulların iyunun 26-dək köçürülmədiyini əsas gətirərək klubun yüksək liqada oynamasına icazə verməyib. Jerve Martel “Hafka”nın kluba 10 milyon avro köçürdüyünə dair sənədi DNCG-yə təqdim edib və indi komissiyanın qərarının dəyişdirilməsini gözləyir. Lakin klubun büdcəsinin formalaşması məsələsi bununla da tam həll edilməyib. İndi “Hafka” vəd etdiyi qalan 10 milyon avronu da köçürəcəyinə dair möhkəm təminat verməlidir.

“The Daily Mail” qəzeti isə yazır ki, “Lans”a vəd etdiyi pulları çətinliklə tapıb göndərən “Hafka” İngiltərənin II liqada oynayan “Şeffild Uednesdi” (“Sheffield Wednesday”) klubunun səhmlərinin 100 faizinin alınması üçün vəd etdiyi pulları da hələ ödəməyib. Baxmayaraq ki, klubun səhmlərinin alınmasına dair bütün sənədlər imzalanıb. İndi klubun keçmiş sahibi, prezident vəzifəsində qalan Milan Mandariç “Şeffild Uednesdi” üçün yeni futbolçu transferlərinə tərəddüd edir: “Bu, heç də xoş olmadı. Gözləmək məcburiyyətindəyik. Stüart Qrey kimi bir neçə futbolçu cəlb edib komandanı yaxşılaşdırmağa can atırdıq” - deyə M.Mandariç bildirib.

“Hafka”nın Azərbaycandakı klubu “Bakı” ağır maliyyə böhranındadır və bu günlərdə klubun səhmlərini onun əlindən nəqliyyat nazirinin oğlu Anar Məmmədov və Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev alıb. Belə ki, “Hafka”nın Beynəlxalq Banka iri məbləğdə borcu var və səhmlər onun borcunun bir hissəsi kimi alınıb.

“Hafka”ya qarşı addım atanların sırasına nəqliyyat naziri Ziya Məmmədovun oğlu vasitəsi ilə qoşulmasının da özəl səbəbi var. Nəqliyyat naziri bu addımı ilə ona yaxınlığı ilə tanınan “Hafka”nın biznesinin tam nəzarətindən çıxmasına çalışır. “Yeni Müsavat”a daxil olan məlumata görə, H.Məmmədovun maliyyə vəziyyəti heç də göründüyü qədər çətin deyil. Onun Avropa banklarının birindəki hesabında 1 milyard avro pulunun olması haqda bilgi var. Və həmin para çox yüksək səviyyəli qarantiya altındadır. Yəni H.Məmmədov hansısa 20-22 milyonu tapıb “Lans” futbol klubuna ödəyə bilməyəcək qədər kasıb deyil. “Hafka”nın Azərbyacandan çıxarılmasının kökündə onun Fransada özünün məşhurlaşması yönündə atdığı addımlar, xərclədiyi fantastik pullar əsas rol oynayıb. Nəqliyyat nazirinə yaxın oliqarxın bu hərəkəti hakimiyyət daxilindəki 2 əsas qruplaşma rəhbərliyindən birinin xoşuna gəlməyib. Bundan sonra həmin qruplaşmanın nəzarətində olan Azərbaycan Beynəlxalq Bankına H.Məmmədovun məhkəməyə verilməsi və “Bakı” futbol klubunun əlindən alınması tapşırılıb.

H.Məmmədovla bağlı redaksiyamıza daxil olan məlumatları təsdiqləyən fikirləri bu ilin fevralında “France Fotball” nəşrinə Fransanın “Mets” klubunun keçmiş müdafiəçisi, 2010-2011-ci illərdə “Bakı” futbol klubunda oynamış Stefan Barbikoni demişdi. Futbolçu

“Lans” klubunun yeni sahibi, azərbaycanlı oliqarx Hafiz Məmmədovla “Bakı”da oynadığı vaxtlarda “görüşdüyünü deyib.

“Hafiz Məmmədov istəsə ”Lans"a 20 milyon yox, lap 40 milyon avro da verə bilər! Futbol onun üçün qətiyyən qazanc mənbəyi deyil. Hafiz Məmmədovun bir neçə milyard avro pulu, Londonda, Dubayda, Bakıda və Moskvada fəaliyyət göstərən çoxsaylı neft-qaz, taksi, tikinti şirkətləri var" - deyə S.Barbikoni bildirib.

“Bakı”nın keçmiş oyunçusu “Hafka”nın Fransa futboluna pul qoymasının motivlərini “özünü təbliğ etmək istəyi” ilə izah edib. Stefan Barbikoni bundan əvvəl Fransa mətbuatına Hafiz Məmmədovun “Bakı” klubunun braziliyalı oyunçusunun uşağının anadan olması münasibətilə ona “bir uşaq arabası dolu pul verdiyini” demişdi.

“Lans” klubunun keçmiş müdafiəçisi, kapitanı və məşqçisi olmuş Jan-Gay Vallem isə “France Football”a açıqlamasında deyib ki, Hafiz Məmmədov bu kluba 20 milyon avro qoyubsa, deməli, onun nəsə gizli motivi olmalıdır. “Əgər o, 20 milyon avro yatırırsa, deməli burada nəsə etmək istəyir” - deyə keçmiş kapitan bildirib.

Bu “gizli motiv” hər nədirsə, deyəsən tərs təpib və artıq iş adamını bitirməkdədir.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm