• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Minsk Qrupu fəaliyyətində dönüş yaratmalıdır

Minsk Qrupu fəaliyyətində dönüş yaratmalıdır

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun səylərinin gücləndirilməsi və fəaliyyətində dönüş yaradılması vacibdir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edərkən deyib.

Ə.Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, Fransa, ABŞ-ın münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllində, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qaytarılması istiqamətində fəaliyyətinin hələ də bir nəticə verməməsindən təəsüfləndiyini bildirib.

Rəsmi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Səfir ulu öndər Heydər Əliyevin əvəzolunmaz xidmətlərini xoş təəssüratlarla yada salıb.

Sonda müxtəlif ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşlərdən aldığı təəssüratdan, onlarla söhbətlər zamanı ən böyük istəklərinin doğma ocaqlarına qayıtmaq istəyi olduğundan məmnunluğunu bildirən səfir səmimi qəbula görə minnətdarlığını ifadə edərək Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

Qəbulda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bugünkü durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR