Daş atanın daşı...
Bizi izləyin

Qırmızı.az

Daş atanın daşı...

Daş atanın daşı indi uzaq gedir, Ölən ölür, daşı ondan qabaq gedir.

Hər gün sosial şəbəkələrdə statuslardakı fikirlər xəbərlərdə verilən informasiyadan daha geniş anlamı cəm edir özündə.

Yəni bu statusların müəlliflərinə elə gəlir ki, gündəmdəki söhbəti ən doğru şəkildə bunlar “tutublar” və rəngarəng rəyləriylə xəbərin vurğusunu artıra bilərlər. Düzdü, bəzən doğru hədəfə vuranlar da olur. Onlardan da bəzilərini vaxtında çox tərifləsən, növbəti bir hadisəyə bildirdikləri rəydə vurub gözünü çıxaracaqlar.

Qısası, “mərdi qova-qova namərd edən” cəmiyyət üzvləri, indi də ölənin arxasınca daşı elə atır ki, fantastik bir şəkildə daş ölüdən qabaq çatır o biri dünyaya.

Yəqin ki, ilk abzasımın son cümləsindən aydın oldu mənim nə barədə danışmaq istədiyim. Çox istərdim hamının “mövzuya” çevirdiyi mövzunun başqa aspektlerindən mən də bəhs edəm, ancaq lənət şeytana.

Xasiyyətim pisdi, ölünün dalınca danışmağı xoşlamıram. Bunu edənlər özlərinə “onu (ölü də olsa) tənqid etmək lazımdı ki, gələcək nəsil eyni səhvləri etməsin” haqqını qazandıraraq bülbül kimi rəy-rəy ötə bilərlər. Ancaq mən ədalətin özünü gizlətdiyi bu dünyada özümün yarada biləcəyi ədalətin əleyhinə deyiləm.

Əgər bir insan yaşamına son verərək özünü layiq görmədiyi mühitdən ayırırsa, varlığını silirsə onların arasından demək ki, onun öz müdafiəsinə qalxa bilməyəcəyi mühitdə sağ qalanlar onun dalınca çox danışmamalıdırlar. Nə boğazdan yuxarı tərifləyin, nə də ki, boğazınızda sümük edin.

Adam öldü. Xəbər çıxdı. Tənqid edən tərəf bir dəfə tənqid etdi. Müdafiə edən tərəf müdafiə etdi. Söhbət bağlandı. Niyə uzadırsınız? Deyəsən, cəmiyyət elə özü öz düşmənidir. Əgər kiminsə varlığının və yaşarkən göstərdiyi fəaliyyətin əleyhinə idinizsə, o sağ ikən güclü mübarizənizi indi statuslarınızı bəzəyən fikirlərdə nümayiş etdirəydiniz.

Həqiqətən, müşahidə edərkən, yəni qıraqdan baxarkən iyrənc görünür ölüm mövzu olduqda “ariflik” dərəcəsi qazanmaq istəyənlər. Cəmiyyətin zövqü olmalıdır. Keyfiyyəti keyfiyyətsizlikdən ayıran zövq. İndi belə bir mənzərə var ki, maddiyyatda zövqlü olanlar, mənəviyyatlarında zövqsüz hisslərə ya da instinktə malikdirlər. Mən deyirəm ki, insanın zövqu onun bütün ruhuna yayılmalıdır. Həm maddi dünyasında, həm mənəvi dünyasında özünü göstərməlidir. Əgər uyğunsuzluq varsa, demək ki, özünü aldatmaq vərdişi insanların qanından təmizlənməyib. Günahsızlar və günahkarlar.

Ha ha ha. Həqiqətən, özlərini təmiz hiss edənlər, başqalarını çirkaba buladıqda özlərinin bulaşmayacağınımı düşünürlər? Təəccüb etməyi tərgitmişdim, amma deyəsən yenidən başlayacam öyrəşməyə. Çox uzatmayacağam. Təəssüf ki, elə bir tendesiya var ki, yanlış fikrə sadiq qalanlar doğru fikri dinləmir və gözlərinin oxuduqları cümləyə reaksiya verirlər.

O cümlələr gedib beynin süzgəcinə düşmədən beynin xaricində qalırlar. Gözlərdə qalırlar. Gələcək nəsil. Mükəmməl cəmiyyət. Bir baxın, görün bəlkə sizin atdığınız daşları götürüb gələcək nəsil də sizin ardınızca atmaq istəyəcək? Bilmirəm. Bəlkə də istəməyəcək. Keçmişin gələcək nəsli bugün sizsiniz və hələ də daş atırsınız, sizin də gələcək nəsliniz sizdən olub daşı özünkülərə atmayacaq.

Yenə də iki və ya daha çox cəbhə yaranacaq, yenə gələcək nəsillər özlərindən sonrakı gələcək nəsli düzəltməyin dərdinə qalacaqlar. Zəmanəsini yaşayıb, özünü düzəldən yenə də nadir tapıntıya çevriləcək. Bunu görməyənlər indi zəmanənin “Nostradamus”larıdır. Görənlər isə “uşaq-muşağı”. Heyf.

Ləman Məmmədova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm