• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Jurnalistlərin sevimli mətbuat katibləri – SORĞU

Jurnalistlərin sevimli mətbuat katibləri – SORĞU

Jurnalistlərə dövlət orqanlarından informasiya əldə etmək üçün əsas yardımçı qurumlardan biri də həmin orqanların mətbuat xidmətləridir.

Təəssüf ki, bəzi dövlət qurumları jurnalistlərə informasiya vermək əvəzinə, onlardan qaçaq düşürlər. Ancaq hər bir mətbuat xidmətinin rəhbərinə məlumdur ki, KİV nümayəndələri ilə ünsiyyətdə olmaq həm təmsil etdiyi qurum, həm də onun öz işi üçün xeyirlidir. Bununla belə, jurnalistləri unutmayan və hər zaman onlarla sıx ünsiyyətdə olmağa maraq göstərən mətbuat katibləri də az deyil. Məsələ ilə bağlı Mətbuat günündə müxtəlif KİV-də çalışan jurnalist və redaktorlar arasında sorğu keçirdik və ortaya fərqli mənzərə çıxdı.

AzNews.az saytının baş redaktoru Elçin Zahidoğlu: “Burada iki məsələ var, əlaqə yarada bilmək və cavab ala bilmək. Bəzən əlaqə yarada bilirik, amma cavab ala bilmirik. Məsələn DİN-nin mətbuat xidməti ilə əlaqə yaratmaq çox rahatdır, amma cavab almaq o qədər də asan deyil. Amma elə qurumlar var ki, ümumiyyətlə, həmin qurumun rəhbərləri ilə əlaqə saxlamaq, mətbuat katibləri ilə işləmək daha rahatdır. Buna Səhiyyə, Müdafiə Nazirliklərinin mətbuat xidmətlərini misal göstərmək olar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Vergilər Nazirliyinin mətbuat xidmətləri ilə də işləmək nisbətən rahatdır”.

Yeni Müsavat” qəzetinin əməkdaşı, jurnalist Röya Rəfiyeva: “Bir neçə dövlət qurumu ilə tez-tez əlaqə saxlamağa ehtiyac yaranır. Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratmaq asandır, onlar suallara vaxtında cavab verirlər. Təhsil Nazirliyinin mətbuat xidməti isə daha çox suallardan yayınır. Onlarla işləmək bizim üçün çətinliklər yaradır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də, adətən, sualları cavablandırmaqda həvəsli olmur”.

“Media forum” saytının redaktoru, jurnalist Yeganə Oqtayqızı: “İş əsnasında bir çox dövlət qurumlarının mətbuat xidmətləri ilə əlaqə saxlamalı oluruq. Deyə bilərəm ki, beynimdə qurumların mətbuat xidmətləri haqqında iki siyahı da formalaşdırmışam. Ağ siyahıya düşənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə, Vergilər Nazirliyi analitik-informasiya şöbəsindən Şahin Məmmədov, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqədar şöbəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti Nəsimi Paşayevin adlarını çəkə bilərəm.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayevə zəng edəndə isə başlayır adama jurnalistika dərsi keçməyə. Bir anlıq özümü universitetdə hiss edirəm. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin qəbuluna düşmək isə mümkün deyil. Eyni hal Təhsil Nazirliyinin mətbuat xidmətində də hökm sürür”.

Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli: “Mətbuatla ən fəal əməkdaşlıq edən mətbuat xidmətləri sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovu xüsusi fərqləndirmək istərdim. Məncə, bu nazirlik mətbuatla ən sıx işləyən və ən operativ nazirlikdir. Bundan başqa Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliklərinin mətbuat xidmətlərini qeyd edə bilərəm. Ən pis işləyən nazirliklərin mətbuat xidmətlərinə gəlincə isə, Təhsil Nazirliyinin mətbuat xidmətinə Cəsarət Valehov başçılıq edir. Çünki bu adama düşmək mümkün olmur. Düşəndə də deyir ki, sorğu göndər, cavablandıraq. Bundan başqa, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov da məmurlaşan jurnalistlərdəndir. Səhiyyə Nazirliyinin mətbuat xidməti də eyni vəziyyətdədir”.

Virtual.org saytının əməkdaşı, jurnalist İlkin Muradov: “Mənim fikrimcə, jurnalistlər ən rahat şəkildə Müdafiə Nazirliyinin, “Azəriqaz” İctimai Birliyinin, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin mətbuat xidmətləri ilə işləyə bilirlər. Bu dövlət qurumlarının mətbuat xidmətləri mətbuatla işləməkdən, jurnalistlərin suallarını cavablandırmaqdan yayınmırlar. Bəzi dövlət qurumlarının mətbuat xidmətləri isə jurnalistlərin suallarını cavablandırmaqdan ya birbaşa, ya da dolayısı yolla yayınırlar.Bunun səbəbi isə birbaşa həmin qurumun rəhbərliyinin tələbi ilə bağlıdır. Rəhbərliyin icazəsi olmadan onlar suallara ya cavab vermir, ya da sualları cavablandırmaq üçün sorğu tələb edirlər. Sorğunu da həmin rəhbər şəxsin baxışından sonra cavablandırırlar ki, bu da bəzən günlərlə çəkir. Elə dövlət qurumları da var ki, onların mətbuat xidmətlərinin varlığı ilə yoxluğu bilinmir”.

Publika.az saytının müxbiri Gülxar Şərif: “Mənə elə gəlir ki, dövlət qurumlarının mətbuat xidmətləri jurnalistlərlə “Facebook”da işləsələr, daha yaxşı olar. Çünki email vasitəsi ilə göndərilən sorğuları vaxtında cavablandırmırlar. Ümumiyyətlə, tənqid daha çox Təhsil Nazirliyinin əvvəlki mətbuat xidmətindən idi. Amma yenisi gələndən sonra vəziyyət nisbətən düzəlib. Bakı Şəhər Təhsil İdarəsinin yeni mətbuat xidməti isə Zəminə Əliqızının yerini doldura bilmədi. Zəminə xanım daha operativ idi, bundan əlavə, jurnalistlərlə işləməyə meyilli idi. Ancaq idarənin indiki mətbuat xidmətinin rəhbəri Arzu xanım jurnalistlərlə işləməyə o qədər də maraq göstərmir. Bu da təbii ki, jurnalistlərin işini xeyli çətinləşdirir. Eyni sözü “Azəryolservis” in mətbuat xidməti haqqında da demək olar. Pünhan müəllim nadir hallarda telefona cavab verir. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənova isə sms yazmamış telefonu açmır. Ancaq bununla yanaşı, jurnalistlərlə yaxşı işləyən dövlət qurumlarının mətbuat xidmətləri də var. Onlara Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblını, “Azərsu” nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllını misal göstərmək olar. Səhiyyə Nazirliyinin mətbuat xidməti də son vaxtlar jurnalistlərlə daha yaxşı işləməyə başlayıb”.

Axar.az saytının baş redaktoru Anar Niftəliyev: “Mənim bildiyim belədir - DİN bu sırada öndə gedir, Ehsan Zahidov və yaxud Orxan Mansurzadə ən əlçatan şəxslərdir. Daha sonra Eldar Sultanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, SOCAR-dan Nizaməddin Quliyev, DYP-dən Kamran Əliyev, XİN-dən Elman Abdullayev, “Azərsu”dan Anar Cəbrayıllı, “Azəriqaz”dan Araz Ağayevə və başqalarına əlimiz çatır. Bunları nümunəvi mətbuat katibləri sayırıq. Olan bilsin ki, bəzilərinin adı yadımdan çıxdı, bağışlasınlar.

Əllərindən dad çəkdiklərimizin başında isə Arif Babayev gəlir. İnanın ki, cənab nazir Eldar Mahmudovdan açıqlama almaq olur, amma Arif Babayevdən söz almağa cəhd Marsda oksigen axtarmaq kimi mənasız görünür. Bu siyahıda əziz dostumuz Cəsarət Valehoğlunun da adını çəkə bilərəm. Əvvəllər mətbuata daha açıq olsa da, indi ancaq yazılı cavab verməklə kifayətlənir ki, bu da işimizi xeyli çətinləşdirir. Doğrudur, onun adını “dad etdiklərimiz” sırasına yazmaq ədalətsizlik olardı, amma son vaxtlar yaman gec-gec tapılır. Bu siyahıya Nəqliyyat Nazirliyinin, Prezident Administrasiyasının mətbuat xidmətlərini də əlavə etmək olar. Siyahını xeyli uzatmaq da olar. Yeri gəlmişkən, iki gündür Azər müəllimi axtarsaq da, tapa bilmirik”.

“Gündəlik Teleqraf” qəzetinin redaktoru, jurnalist Zahid Nurəliyev: “DİN, Baş Prokurorluq, FHN, MTN, Ədliyyə, Vergilər, Sərhəd Qoşunlarının mətbuat xidmətləri ilə əlaqə saxlamaqda problemimiz olmur, onlar vaxtaşırı suallarımızı cavablandırırlar. Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi. Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi və Bakı Metropoliteninin mətbuat xidmətləri ilə isə əlaqə saxlamaqda çətinliklər var. Vaxt aparan proseduralar vasitəsi ilə cavab verməkdən yayınırlar”..

Hikmət Kərimoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR