Türkiyədə işgəncəyə məruz qalan azərbaycanlı Elmiranın dramı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Türkiyədə işgəncəyə məruz qalan azərbaycanlı Elmiranın dramı - FOTOLAR

Hazırda Antalyada yaşayan Azərbaycan əsilli Türkiyə vətəndaşı Elmira D. türk mətbuatına müraciət edərək illərdir işgəncəyə məruz qaldığını bildirib.

Virtualaz.org saytı sondakika.com-a istinadən xəbər verir ki, 28 yaşlı Elmira 2 uşağının atası olan keçmiş əri, 33 yaşlı A.H.D-nin onu davamlı şəkildə təqib etdiyini, döydüyünü, işgəncə verdiyini və Azərbaycana gəlib uşaqlarını oğurladığını bildirir.

Elmira D. 8 il əvvəl Bakı Dövlət Universitetinin pedaqogika fakültəsində oxuyarkən Siirt vilayətindən olan A.H.D. ilə tanış olub və onunla evlənərək Türkiyəyə gəlin köçüb.

Elmira deyir ki, evlənib Türkiyəyə köçəndən sonra ərinin xarakteri kəskin dəyişib: “İlk işi məni çarşaba bürümək oldu. Səbəb kimi isə bildirdi ki, sarışın və mavi gözlü olduğuma görə Türkiyədə hamı məni fahişə zənn edəcək. Bunun ardınca zorakılıq başladı, hər gün onun və ailəsinin təhqirlərinə məruz qalırdım. Döyürdülər, sonra bir həftə qapıları bağlayıb heç yana buraxmırdılar”.

Bəxtsiz azərbaycanlı gəlin deyir ki, davamlı döyülmələrə dözməyərək boşanmağa qərar verib və vəkilin yanına gedib. Ancaq vəkil ona “Türkiyədə hər kişi arvadını döyür, sən bunu əsas gətirib uşaqlarını ala bilməzsən” deyib.

“Sonda çarəm ona qaldı ki, 7 yaşlı oğlumu və 5 yaş yarımlıq qızımı götürüb ilk fürsətdə Azərbaycana qaçdım. Ancaq o, arxamca Azərbaycana gəlib mənim nə etdiyimi gizlicə izləyib. Sonda ortaya çıxıb məni yenidən ələ almağa çalışdı, uşaqların xatirinə ayrılmamağı xahiş etdi. Zamana ehtiyacım olduğunu deyəndə uşaqlarımı da götürüb Türkiyəyə qaçırdı. 2 il boyu uşaqlarımı görə bilmədim, boşanma iddiası qaldırdım, amma o, məhkəmənin heç bir tövsiyəsinə əməl etmədi” - deyə qadın bildirib.

Elmira D. deyir ki, uşaqlarını yenidən görə bilmək və həyatını yenidən qurmaq üçün Antalyaya gedib. Ancaq əri yenidən onu təqib etməyə başlayıb, hər dəfə onu taparaq işlədiyi yerlərin sahiblərini təhdid edib və işdən çıxartdırıb.

Sonda Elmira izini itirib vəkil kontorlarının birində tərçüməçi kimi işə düzəlir, ancaq ərinin yenidən onu tapdığını və danışmaq üçün qaldığı evə gəldiyini, telefonunu götürüb oradakı nömrələrin sahiblərinə bir-bir zəng edərək “mənim arvadımla yatırsan?” deyib söydüyünü bildirir.

Elmira deyir ki, əri həmin gün onu sabaha qədər döyüb: “Mən “Polis!” deyə qışqıranda yastığı üzümə basırdı, huşumu itirirdim, döyüb ayıldırdı. Səhər məni atıb gedəndə prokurorluğa gedib şikayət etdim. Prokuror “ailədə belə şeylər olur” deyib şikayətimə məhəl qoymadı. Sonra polisə gedib mühafizə istədim, polis bu istəyimi prokurora bir həftə sonra göndərdi, üstəlik sual verdiyim üçün məni təhqir etdi”.

Nəhayət, qadının şikayətlərindən sonra Antalya məhkəməsi A.H.D-nin Elmiraya 3 ay ərzində yaxınlaşmaması barədə qərar çıxarıb. Qadın deyir ki, əri və uşaqları hələ Siirtdədir və o, uşaqlarını almaq üçün Türkiyə dövlətindən yardım istəyir.

“İstər vəkil olsun, istər ərim kimi müəllim, istərsə də prokuror, Türkiyədə kişilərin hamısı eyni tipdir. Mən artıq uşaqlarımla yeni həyat qurmaq, bu kabus adamdan xilas olmaq istəyirəm” - deyə azərbaycanlı qadın bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm