Çimərlik mövsümü: günah həmişə öləndə olur
Bizi izləyin

Qırmızı.az

Çimərlik mövsümü: günah həmişə öləndə olur

Avqustun 3-də Qazax rayonunda Kür çayında Çivişovlar ailəsinin 4 üzvü – ana və onun 3 övladı, avqustun 7-də Bakının Şüvəlan qəsəbəsinin ərazisindəki Şimal DRES deyilən çimərlikdə Məmmədovlar ailəsindən 3, Fərziyevlər ailəsindən 2 nəfər olmaqla 5 uşaq, avqustun 9-da isə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində Xəyalə Mayılzadə, iki uşağı, eləcə də yaxın qohumlarının iki uşağı ilə birlikdə boğulub.

Bu, yalnız avqust ayı ərzində kütləvi boğulmalardır. Tək-tək boğulanlar da az deyil. 2013-cü ildə çimərlik mövsümündə 54 nəfər boğulubsa, bu il mövsüm başa çatmamış boğulanların sayı 38 nəfərə çatıb.

Xilas edilənlərin sayı isə bundan dəfələrlə çoxdur.

Publika.az-ın “Qırmızı xətt” layihəsində suda boğulmaların səbəblərini araşdıracağıq.

Avqustun 7-də 2 ailədən 5 uşağın boğulması, bəlkə də son illərin ən dəhşətli hadisəsidir. Övladlarını itirən valideynlər heç kimi günahlandıra bilmirlər. Bəlkə də, günahın özlərində olduğunu qəbul etdikləri üçün.

Üç uşağını itirən Qafil Əliyev hər gün onları dənizə aparırdı. Ana İlahə Əliyevanın başı işə qarışmışdı və heç biri bir gün övladlarının icazəsiz dənizə gedəcəklərini və belə bir hadisənin baş verəcəyini ağıllarına da gətirməzdilər. Elə uşaqlar da hər gün getdikləri sevimli məkanlarının bir gün onların canını alacağından xəbərsiz idilər. Valideynləri uşaqlara dənizin həm də təhlükəli yer olduğunu başa salsaydılar, bəlkə də, onlar dənizə təkbaşına getməyə cəsarət etməzdilər.

Əslində, heç bir valideyn belə bir halın yaşanmasını istəməz. Lakin onların diqqətsiz davranmaları, övladlarına dənizin təhlükəsi ilə bağlı yetərincə məlumat verməmələri danılmaz həqiqətdir. Əks halda, baş verən boğulma və ölüm hallarında uşaqların sayı bu qədər çox olmazdı.

Bundan başqa, əsas səbəblərdən biri də insanların çimərlik sahəsi olmayan yerlərdən istifadə etməlidir. Xilasetmə orqanları və təcili yardım briqadalarının keşik çəkdiyi çimərliklərdə, bir ölüm halının belə olmamasını ciddi faktdır.

Lakin insanların qeyri-çimərlik əraziləri, çay və göllərə üz tutmalarının əsaslı səbəbləri var. Bu da həmin çimərliklərə girişin ödənişsiz olmasıdır. Xilasetmə Xidmətinin olmadığı bu ərazilərdə batanlara heç kim yardım edə bilmir. Üzməyi bacarmayan insanlar da onları xilas etmək istəyərkən özləri boğulurlar.

Boğulan şəxsə ilkin yardım

Son məqamda isə “112” qaynar xətt xidmətinə müraciət edilir. Müraciət edilən qurumlardan biri də Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdır(BŞTTTYS) ki, onlar da hər dəfə mətbuata açıqlamalarında ölüm hallarının məhz qeyri-çimərlik ərazilərində olduğunu bildirirlər. BŞTTTYS baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib ki, bu il mövsüm başlayandan 64 nəfər suda boğulma ilə bağlı təcili yardıma müraciət edib: “Onların 48-sı kişi, 16-ı qadındır. Ümumi müraciətlərin 14-ü uşaqlarla bağlıdır. 25 nəfər xəstəxanaya yerləşdirilib, onların 6-sı uşaqdır. Bu il ərzində 29 nəfər ölüb ki, onların 7-i uşaqdır”.

Suda boğulma hallarının artmasına gəlincə, O.Şahmalıyev bildirib ki, 2 il əvvəllə müqayisədə say azalıb. Lakin bu göstərici ötən il nisbətən daha az idi: “Bu il mövsüm hələ başa çatmadığından dəqiq rəqəm söyləmək mümkün deyil. Builki boğulmaların 90%-i nəzarət edilməyən ərazilərdədir”.

Onun sözlərinə görə, insanlar yanlarında batan adamı xilas etmək üçün ilkin yardım göstərməyi bacarmalıdırlar. Ürəyin masajı və süni tənəffüs ölümlərin sayı azala bilər.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev 2014-cü il ərzində xidmətin fəaliyyət göstərdiyi rəsmi çimərlik ərazilərində bir suda batma faktının belə qeydə alınmadığını bildirib: “Qadağan olunmuş su hövzələri, çaylar, su kanalları, göllər, Xəzər dənizinin qadağan edilmiş ərazilərində 38 nəfər suda boğulub, 193 nəfər xilas edilib. Boğulanların təxminən 70%-i gənclər, yeniyetmələrdir. Ötən il ərzində qeyri-çimərlik əraziləri, çaylar, su kanalları, göllərdə 54 nəfər boğulub. 377 nəfər isə həm çimərlik, həm də qeyri-çimərlik ərazilərində xilas edilib.

Son illərin statistikasını araşdırarkən, boğulmaların daha çox su kanalları, göllərin ərazisinə düşdüyü aydın olur. Həmin su hövzələrində boğulanlar daha çox azyaşlı uşaqlardır.

Su hövzələrinə yaxın ərazilərdə yaşayan valideynlərə bir daha müraciət edirik ki, uşaqlarını nəzarətsiz qoymasınlar. Onları özləri ilə gətirəndə belə, diqqətdən kənarda qoymasınlar”.

Spirtli içki ilə dənizə gələnlər

Bəs orta yaşlılar və gənclərin boğulmalarının səbəbləri nədir?

M.Piriyev bildirib ki, bu qrup insanların boğulmalarının əsas səbəbi qadağan edilmiş ərazidə suya girmələridir. Bundan başqa, spirtli içkilər qəbul edərək dənizə daxil olmaq, əyləncə məqsədilə texniki vasitələrdən istifadə etmək də boğulma ilə nəticələnə bilir: “Qanunsuz fəaliyyət göstərən obyektlərdə spirtli içkilər satılır və həmin ərazilər çimərlik kimi təqdim edilir. Vətəndaşlar da bilməyərəkdən əraziyə daxil olurlar. Hər hansı hadisə baş verdikdə “112”qaynar xəttinə məlumat verilir, yaxınlıqdakı xilasetmə məntəqəsindəki əməkdaşlarımız hadisə yerinə gəlib kömək edirlər. Lakin bəzən xilasedicilər gələnə qədər bədbəxt hadisə baş verir. İstənilən halda vətəndaşlar bilməlidirlər ki, qadağan edilmiş ərazilərə daxil olmaq təhlükəlidir. Bu qaydanı pozanlar artıq həyatlarını təhlükəyə atırlar. Təhlükəli ərazilərdə suya daxil olanları görən adamlar “112”yə zəng etsinlər. Biz əraziyə xilasedicilərimizi, yaxud da hüquq mühafizə orqanlarını göndərək ki, onlar bədbəxt hadisələrin qarşısını alsınlar”.

Bir sıra ölkələrdə çimərliyə spirtli içki qəbul edərək daxil olmağa görə cərimələr müəyyən edilib. Bizdə isə insanlar çimərliyə pivə və digər spirtli içkilər alaraq getməyə adət ediblər. İçkisiz gedənlər üçün isə bəzi çimərliklərdəki satış məntəqələrindən əldə edə bilirlər. Çimərlik ərazisində spirtli içki içmək və ya satmağa görə cərimə və cəzanın olmaması boğulmaların artmasına səbəb olur.

Spirtli içkilərin çimərlik ərazilərində satanlar, ya da kənardan gətirənlər üçün cərimələr nə zaman tətbiq ediləcək?

M.Piriyevin sözlərinə görə, Nazirlər Kabinetinin 1998-ci il 216 saylı sərəncamına əsasən, spirtli içki qəbul edərək suya daxil olmaq qadağandır: “Qanunvericilikdə qadağan edilmiş qaydalarla bağlı müddəaları çimərlik ərazilərində lövhələrdə asırıq. Bu il ərzində 10 minə yaxın kağız, 6 yüzə yaxın dəmir plakatlar vurulub. İstərdik ki, maarifləndirmə ilə bu halların qarşısını alaq. Su hövzələrində, qeyri-rəsmi çimərlik ərazilərində, göllərdə çimənlər və müəyyən edilmiş qaydaları pozanlarla bağlı cərimələrin tətbiq edilməsi üçün təkliflər hazırlanır. Cərimələrin tətbiq edilməsi gündəmə gələ bilər. Bununla bağlı təkliflər hazırlanıb. Yaxın zamanda həmin təkliflərin təsdiq olunmuş formada tətbiq ediləcəyinə inanırıq. Çimərlik ərazisində spirtli içki satan obyekt sahiblərinin cərimələnməsi və cəzalandırılması gündəmə gətiriləcək”.

Müsahibimiz deyir ki, Xəzər dənizinin 825 km sahil zolağı var ki, bunun hamısına nəzarət etmək mümkün deyil. Bu məsələdə yerli qurumlar da üzərilərinə düşən vəzifələri yerinə yetirməlidirlər: “Yerli icra hakimiyyəti tərəfindən çimərlik statusu alan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də vətəndaşlara xidmət göstərir. Amma hazırda Xəzər dənizinin sahil zolağının əksər hissəsində özəl obyektlər müxtəlif restoran və başqa obyektlər yaradır və vətəndaşları ora cəlb edirlər.

42 xilasedicinin nəzarət etdiyi obyektlərdə boğulma hadisəsi baş verməyib. Xilasedicilərin olduğu yerdən yüz kilometr kənarda insanların boğulması mümkündür. Çünki xilasedicilərin qısa zamanda əraziyə gəlib bu halın qarşısını alması mümkün deyil. Çay və kanal ərazilərində xilasedicilərin olması mümkünsüzdür. İnsanlar bilməlidirlər ki, xilasedicilərin olmadığı ərazilərdə çimmək olmaz”.

Bəs vətəndaş qadağan olunmuş əraziləri necə fərqləndirməlidir?

Çimməyə icazə verilməyən ərazilərdə qadağanedici nişanlar olmalıdır. İcazə verilən məkanlarda bu cür plakatlar Fövqəladə Hallar Nazirliyi tərəfindən vurulur.

M.Piriyev bildirib ki, qeyri-çimərlik ərazilərinə yerli icra hakimiyyətləri nəzarət etməlidir: “Hər il rəsmi çimərlik ərazilərində qadağanedici və təbliğat xarakterli 600 lövhə quraşdırılır. Qeyri-rəsmi çimərliklərdə isə bu işi icra hakimiyyətləri həyata keçirməlidir. Çünki həmin sahil zolağı icra hakimiyyətinin tabeliyindədir. İcra nümayəndələri, bələdiyyələr, polis orqanlarının sahə müvəkkilləri nəzarət etməlidir. Hər hansı təhlükə gördüyü halda mütləq bu qurumlar tədbir görməlidir. Lövhələr qoyulmalıdır, insanların bu ərazilərdən kortəbii istifadəsinin qarşısı alınmalıdır.

Gələcəkdə insanların təhlükəli ərazilərdən dənizə daxil olmaları ilə bağlı işlər görüləcək. Hazırda bir sıra qurumlarla birlikdə su hövzələrində monitorinq keçiririk”.

“Heç kimə çimməyi qadağan edə bilmərik”

Bakı Şəhər İcra hakimiyyətinin mətbuat xidmətindən bildirdilər ki, sahil zolağı boyunca xəbərdarlıq nişanlarının quraşdırılması rayon icra hakimiyyətlərinə həvalə edilib. Hansı rayon ərazisində sahil zolağı varsa, həmin icra hakimiyyətləri qadağanedici nişanlar quraşdırır.

Ərazisində qadağan edilmiş çimərlik, eləcə də qeyri-çimərlik zolağı olan Səbail Rayon İcra Hakimiyyətindən bildirdilər ki, hər il çimərlik mövsümü başlayanda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə müvafiq qurumlarla birlikdə seminar keçirilir: “Bu il də Bibiheybət qəsəbə nümayəndəliyi və bələdiyyəsinə çimərlik, eləcə də qeyri-çimərlik ərazilərində xəbərdarlıqedici nişanların qoyulması ilə bağlı plakatlar yerləşdirilsin. Sahil boyunca ümumi istifadə olunan ərazilərdə yerləşdirilən plakatlarda çimməyin qadağan olması barədə məlumatlar vurulub. Bundan başqa, özəl obyektlərin yerləşdiyi sahil ərazilərində də sahibkarlara xəbərdarlıq edilib. Həmin ərazilərin çimərlik kimi istifadə edilməsi qadağandırsa, obyekt sahibləri də bu barədə plakatlar yerləşdirməlidirlər. Qeyri-çimərlik ərazilərində plakatlar yerləşdirilsə də, bəzən insanlar buna əhəmiyyət vermir. Onlar bunu digər ərazilərin ödənişli olması ilə əlaqələndirirlər. İcra hakimiyyəti isə hər kəsə nəzarət edə bilmir. Ərazidəki polis patrul xidməti də bu faktlarla qarşılaşanda insanlara çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq edir. Lakin heç kimə çimməyi qadağan edə bilmərik”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm