Qırmızı.az
“Deyirlər, o, hicablı xanım idi, niyə belə elədi” - BRİFİNQ
Əməkdar artist, istedadlı müğənni Tünzalə Ağayeva “Brifinq”in qonağıdır. Vətənpərvərlik mövzusunda ən yaddaqalan və tutumlu mahnılar ifa edən Tünzalə xanım bu mövzuya daha çox diqqət ayırmasının səbəblərinə aydınlıq gətirdi. Bir vaxtlar baş örtüyü ilə səhnəyə çıxan müğənni şalların dəbə gəlməsindən, simvolikadan, hətta mediadan uzaq tutmağa çalışdığı qızı Fidandan danışdı. 2015-ci il parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə suallarımızı da cavablandırdı.
Naibə Qurbanova: Sizi kifayət qədər
peşəkar mahnı müsabiqəsindən tanıdıq. Maraqlıdır, vətənpərvərlik
mövzusuna istiqamətlənməyiniz necə oldu?
- Bu, təbii və normal istiqamətdir. Çünki ən azı bu ölkənin
vətəndaşı, bu torpağın övladıyam. Əslində bu, düşünülmüş bir şey
deyil. Yaradıcılıqda hər zaman bir imic seçirsən. O sənin
xarakterindən, musiqiyə, həyata baxışından asılıdır. Amma
vətəndaşlıq mövqeyi bunların hamısından üstündür. Bu gün gənclər
oxuduğum mahnıdan bir mesaj götürə bilirlərsə, bu çox sevindirici
haldır. 15 ildir ki, Azərbaycan səhnəsindəyəm. Amma 15 ildən öncəyə
baxanda hər zaman belə olmuşam. Bəlkə də meqapolis ortamında
yox...
“Saatlarla zirzəmilərdə gözləyirdik”
Taleh Şahsuvarlı: Elə onu soruşmaq
istəyirdim ki, bəlkə sərhədyanı bölgədən olmağınızın təsiri
var?
- Bəli, mən atışmalar görmüşəm. Beşmərtəbəli hökumət binasının
dördüncü mərtəbəsində yaşayırdıq, amma elə vəziyyət yaranırdı ki,
biz saatlarla zirzəmilərdə gözləyirdik. Qəlpələr atılırdı, insanlar
həyət-bacasına çıxa bilmirdi. Yəqin ki, bu da minlərlə azərbaycanlı
kimi mənim də alın yazım olub, bəlkə də o sınaqları, dəhşətləri
görməyim mənə güc verib. Lap uşaqlığıma gedəndə gözümü açandan
torpağa bağlı olmuşam. Mənim ilk tamaşaçılarım dağlar, ağaclar,
quşlar olub. Çıxıb dağlara oxuyurdum, düşünürdüm ki, bu dağların
tanıdığı müğənniyəm, onlar da mənim tamaşaçılarımdır. Belə bir
dünyam olub. Bundan başqa gözümü açıb evimizdə zəngin kitabxana
görmüşəm. Uşaqlıqda kimi başa düşürdümsə, hansı kitabdan nə götürə
bilirdimsə, onları vərəqləyirdim. Pafosla şeir oxumağı sevərdim.
Mən rusdilli məktəbdə oxuyurdum, dərsə gəlib Molla Pənah Vaqif,
Əliağa Vahidin qəzəllərini söyləyərdim. Rus bölməsində təhsil alan
şagirdin Azərbaycan dili dərsində dərsdən əlavə olaraq qəzəllərə,
şeirlərə maraq göstərməyimə təəccüblə baxırdılar. Kimsə bunu müsbət
qarşılayırdı, başqası düşünürdü ki, bunun dərdi-azarı yoxdur,
deyəsən. Mən özümü rahat hiss etmişəm, eləcə də musiqidə.
Vətənpərvərlik hissi məndə yaşayırsa, bu, o qədər təbii bir
şeydir.
“Şəhidim" mahnısını ağlaya-ağlaya yazmışdım"
N.Qurbanova: Son günlər çətin
günlər yaşadıq. Radio və televiziyalarda Sizin mahnılarınız
səsləndirilirdi, hamı da ona köklənmişdi sanki. İndi vətənpərvərlik
mahnıları çox oxunur. Arasında bayağısı da çoxdur. Amma Sizdə və
Azərin xanımda bütün nəsillər tərəfindən qəbul olunan üslüb
var...
- “Efirdə danışa bilən sənət insanlarımız azdır, yaxud
vətənpərvərlik mahnılarını oxuyanlar o qədər də qəbul olunmur”
deyiləndə bu hal məni sevindirmir. Hər ifaçının repertuarında çoxlu
vətənpərvər mahnılar var. Amma niyə birində ruh yoxdur, o birisində
var? Bu da yəqin ki, musiqiçinin özünə bağlı məsələdir. Vaxt var
idi Mübariz İbrahimovun xəbəri yeni çıxmışdı, təbii ki, hamımızı
dəhşət bürümüşdü, biz bir tərəfdən ağlayırdıq, bir tərəfdən də
qürurlanırdıq. Bu anda bizim hörmətli millət vəkilimiz, əziz dostum
Qənirə xanım Paşayeva Mübarizin öz valideynlərinə qoyduğu məktubun
əsasında böyük şeir yazdı. Biz o zaman görüşdük, onun da içindən
gəlirdi, mənim də. Əl-ayağım bağlı qalmışdı. Ki, o boyda
qəhrəmanlığı 3-4 dəqiqədə necə vəsf edə bilərəm? Yaxud məndən istək
olaraq səsləndirəndə ki, ulu öndərimizin söylədiyi “Mən fəxr edirəm
ki, azərbaycanlıyam” kəlməsinə mahnı yazsın, deyirdim, ay Allah,
mən nə edə bilərəm? Bu o qədər məsuliyyətli və ağır bir şey idi ki.
“Şəhidim” mahnısının yazılma prosesini xatırlamıram, melodiya
yazılıb və mən bunu ağlaya-ağlaya yazmışdım. Göz yaşı içində
ayıldım, sanki 10- 15 dəqiqəlik meditasiyaya düşmüşdüm. O mahnı çox
uzun zamana yazılmadı, “Şəhidim” dəqiqələrin mahnısıdır. Yəqin
burada professional tərəflər də işləyir. Musiqiçi kimi qarşıma
hədəf qoyuram və s. Amma inandırım sizi ki, bu, Allahın lütfüdür.
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı ilə bağlı həm ölkədə,
həm də xaricdə yaşayan azərbaycanlılar mənə yaxınlaşıb deyirlər ki,
Tünzalə xanım bu, bizim gənclik himnimizdir. Bu söz mənim üçün
bilirsiniz, nə deməkdir? Elə bil ki, dünyanın musiqisini
yazmışam.
T.Şahsuvarlı: Formalaşmaqdan
danışdınız, dediniz dağlarda oxuyurdunuz, özüm də kənd uşağıyam.
Yadımdadır ki, yeniyetmə qızlar qaz, hinduşka otarırdılar, heç Siz
otarmısınız?
- Mən otarmamışam. Nənəmgilin həyətinə gedirdim, onun bol
toyuq-cücəsi vardı. Bir çubuq götürürdüm, tərpədirdim, elə bilirdim
onlar mənim orkestrimdir. Hinduşkaya azca səsini ucalt, 10 dəfə
artıq qaytaracaq.
T.Şahsuvarlı: Yəni hinduşkalara
dirijorluq etmisiniz?
- Bəli (gülür). Bunu mən dəfələrlə demişəm, öz də sevinc hissi ilə
danışıram. Sənətçinin üzdə olan halı var ha, niyə danışma
qabiliyyəti yoxdur, bir sıra məsələlərə biganədir, dar
düşüncədədir, niyə fəlsəfə və strategiyası yoxdur, bunlar bizim
öndə gördüyümüz nəticədir. Amma arxaya baxanda niyə insan bu
nöqtəyə gəlib? Orada o qədər səbəblər ortaya çıxacaq ki.
Ü.Bağırova: Bu, həm də bizim
sənətçilərin dünya arenasına çıxmasına maneədirmi?
- Əslində, bu sualın cavabı da çoxşaxəlidir. Youtube sosial
şəbəkəsində qeyri-adi hərəkət və ya fikrini çəkib yükləyəndə,
əxlaqdan kənar bir şey edə bilərsən, dünya səni ona görə tanıya
bilər. Sən bununla dünyada tanına bilərsən. Bunun üçün böyük elm,
zəhmət, təhsil tələb olunmur. İnternet imkan yaradır ki, sən məşhur
olasan, hamı tanısın. Sənət baxımından tanınmaq üçün təhsil və
istedad tələb olunur.
“TRT ilə münasibətlərimin qurulmasında Türkiyə səfirliyinin köməyi olub”
T.Şahsuvarlı: Türkiyədə tez-tez
olursunuz və AKP tədbirlərində çıxış edirsiniz.
- Türkiyənin baş naziri Ərdoğan Bakıya gələndə, bizim prezidentlər
görüşəndə həmin qala gecələrində olmuşam. Necə ki muğam
sənətkarlarımız, orkestrlərimiz, şairlərimiz, o cümlədən sayılıb
seçilən ifaçıları dövlət başçılarının tədbirində iştirak edir. Bu,
gözəl şeydir. Türkiyə ilə məni oranın dövlət kanalı - TRT bağlayır.
“Bir səsin cazibəsi” adlı musiqi yönlü layihə ilə bu televiziya
kanalında çıxış etdim. TRT-nin özünün xahişi olmuşdu ki, heç bir
siyasi mesajlar verilməsin. İncəsənət istər Türkiyənin içində,
istərsə də Türkiyə ilə Azərbaycan münasibətlərində beynəlmiləl
gücdür.
T.Şahsuvarlı: Mətbuat
kuluarlarından belə fikirlər səslənir ki, Sizin və Azərin xanımın
Türkiyəyə çıxış imkanlarının yaranmasında məşhur telejurnalist
Sevil Nuriyevanın rolu olub. Bu xəbərlər nə qədər
doğrudur.
- Sevil xanımı çox istəyirəm, o, mənim yaxın dostumdur. Sevil
xanımın qətiyyən rolu yoxdur. Onu sadəcə, çox gözəl ziyalı kimi
tanıyıram. Mənim TRT kanalı ilə münasibətlərimin qurulmasında
Türkiyə səfirliyinin köməyi olub. Onların tədbirlərinə qatılmışıq,
Azərbaycan TRT nümayəndələrinin mənim üçün ciddi qatqısı olub. “TRT
müzik” bu layihəni təklif edəndə 1 ilə yaxın danışıqlar apardıq.
Azərinlə, Qənirə xanımla, Sevil xanımla isti münasibətlərimiz var.
Bu da müxtəlif insanlarda fikirlər oyadır ki, görəsən, Tünzalənin
TRT-yə bağlılığında onların təsiri varmı. Fürsətdən istifadə edib
demək istəyirəm ki, qətiyyən elə deyil. Biz eyni insanları,
çevrələri tanıyırıq. Heç şübhə etmirəm ki, Sevil xanım, Azərin, çox
yaxın dostum Qənirə xanım Azərbaycan sənətçilərindən söz açılanda,
təbii ki, mənim adım çəkilə bilər. Amma "Tünzalənin filan
layihəsində əlim var, onu mən gətirdim", - sözünü kimsə deyə
bilməz. TRT mənim yaradıcılığımı izləyir, dedilər ki, hər bir
formatda bizə yaxınsınız.
T.Şahsuvarlı: 2015-ci il parlament
seçkiləri olacaq. Sizi də nədənsə millət vəkilliyinə iddiası olan
xanım kimi təqdim edirlər...
- Hər parlament seçkiləri ərəfəsində mənim ətrafımda qəribə
hadisələr baş verir. Əslində, bu xəbərlərə çox üzülürəm. Mənim
timsalımda bir sənətçi müxtəlif mövzularda normal fikir irəli sürə
bilirsə, nəyə görə cəmiyyət onu qeyri-adi qəbul edir. Mənim kimi
minlərlə ziyalı var. Özümü bəsit insan sayıram, öz işimdə
professional olmağa çalışıram. İnanın ki, heç nəyə iddiam yoxdur.
Mənim normal fikir söyləməyim niyə cəmiyyətdə təəccüblə qarşılanır?
Axı nə baş verir?
“Mən yaradıcı insanam, azad həyat sürmək istəyirəm”
Ü.Bağırova: Siz sənət adamı olaraq
çox fərqlənirsiniz...
- Amma bu, o demək deyil ki, mən nəyəsə, hansısa vəzifəyə, kresloya
hədəflənirəm. Mən yaradıcı insanam, azad həyat sürmək
istəyirəm.
N.Qurbanova: Bəlkə müğənni də
deputat kimi danışdığından insanlar belə düşünür?
- Siz mənim suallarınıza cavablarımı deputatın cavablarına
bənzədirsiniz? Mən istəyərəm ki, evdar xanımlarımız da fikrini
düzgün izah edə bilsin.
“İnsanların məni deputat postunda görməsinə minnətdarlıq etməliyəm”
T.Şahsuvarlı: Azərbaycan
parlamentində artistlərə kvota verilib. Amaliya Pənahova deputat
olub, Zeynəb Xanlarova millət vəkilidir. Sizdə də seçiciləri
inandırmaq qabiliyyəti var...
- İnsanların məni deputat postunda görməsinə bəlkə də haradasa
minnətdarlıq etməliyəm.
“Parlamentə iddialı deyiləm”
T.Şahsuvarlı: Belə iddianız olsa,
namizədliyinizi Bakıdan, yoxsa Tovuzdan verərdiniz?
- Doğrudan da, çalışmışam ki, maksimum ictimai insan olum. Əslində,
musiqi özü də buna imkanlar açır, musiqi özü də ictimai qüvvədir.
İnsanları Qarabağ döyüşünə, vətənpərvərliyə, düşmənlərimizi
tanımağa, gənclərimizin güclü ruhla böyüməsinə musiqimlə çağıra
bilərəm, başqa şeylə yox. Deyirsiniz ki, danışığınızla insanlara
təsir edə bilərsiniz. Bunu özümə o qədər az hal hesab edirəm ki.
Çünki millətin səsini toplayıb ona cavab verəndə sadəcə danışmaq
yetməyəcək. Seçicilərin problemlərini həll etməyi bacarmaq
lazımdır. Sənin sözün yalnız sadə tamaşaçılara ünvanlanmayacaq.
Müxtəlif qurumların, vəzifəlilərin, o işi həll edə biləcək qapıları
döyməyi bacarmalısan. Orda sənin sözün keçməlidir. Bax burda mən
özümü nə ona hazır hiss edirəm, nə də güclü hesab edirəm. Düşünürəm
ki, mənim iddia etdiyim məkan incəsənətdir, musiqidir. Bəli sabah
bəlkə filmdə yaxşı obrazı ifa edərəm, orada da insanlara təsir
göstərə bilərəm. Vətənpərvər ruhlu qadını, ananı, faciəni
oynayaram. Bunu açıq etiraf edirəm. Topluma yaxşı mesaj verən
serialda oynaya bilərəm, amma mən vəzifədə oynamaq istəmirəm
(gülür). Mən orada oyun oynaya bilmərəm. Orada dürüst olmalıyam.
Səsini aldığın toplumun problemlərini çatdırmayacaqsa o, səni məhv
edər.
Ü.Bağırova: Demək istəyirsiniz ki,
bizim millət vəkilləri çatdırmır?
- Yox, niyə çatdırmır? kimin gücü nəyə çatırsa, gedib orada
otursun. Mən parlamentə iddialı deyiləm. Amma rusların bir sözü
var, “heç vaxt heç vaxt demə”. İxtiyar Allahdadır. Bu gün durub
desəm ki, yox bu vəzifəyə mütləq gələcəyəm, bəlkə o qapı mənim üçün
bağlıdır, onu Allah-təala açmayacaqsa, özümü yüz dəfə öldürüm,
xeyri yoxdur. Yaxud mən desəm ki, filan şeyi etməyəcəyəm, qismət
elə yerə gətirib çıxaracaq ki, onu doğrudan da, yerinə yetirmiş
insan sayılacağam.
Ü.Bağırova: Qismətə
inanırsınız?
- Bəli. Həzrəti Geylaninin gözəl sözü var: “Allahın Sizə verdiyi
özgürlüyü ona qarşı kullanmayın”. Allah insana iradə verib. Bizim
qismət qapılarımız müxtəlifdir. Mən müğənni yox, sırf bəstəkar ola
bilərdim, səsimi heç kəsə göstərməyə bilərdim, böyük sinfonik
musiqi, opera yazardım. Ki, bu, mənim arzularımdan biri
olub.
“Kitabı da modaya çevirmək lazımdır”
T.Şahsuvarlı: Opera yazsaydınız,
nəyi operalaşdırardınız?
- XXI əsrin bəstəkarı olsaydım, əlbəttə ki. Qarabağ mövzusuna
müraciət edərdim. Necə ki, 3-4 dəqiqəlik mahnılarımda onu vəsf
eləməyə çalışıramsa, böyük janrın bəstəkarı olsaydım, mütləq
şəkildə Xocalı soyqırımına, iki cütlüyün melodramasına müraciət
edərdim ki, orada Qarabağ münaqişəsi onların taleyinə necə təsir
göstərdi və s.
T.Şahsuvarlı: Türk roman yazarları
son dönəmlərdə çox populyardırlar...
- Bəli, mən hazırda Elif Şəfəqin “Şəms parəsi”ni
oxuyuram.
T.Şahsuvarlı: Başqa kimləri
oxuyursunuz?
- İsgəndər Pala ilə çox maraqlanıram. Yunus Əmrəyə ithaf etdiyi
əsəri oxuyuram. Bilirsiniz, Türkiyənin nəyini xoşlayıram, bu ölkə
hər şeyi dəbə çevirə bilir. Biz hələ ora gəlib çıxmamışıq. Mən
istərdim ki, bizim yazıçılarımız da modanın içində olsunlar.
Operalarımız, muzikıllarımız olsun, gənclərin maraq dairəsində
olaq. Bu gün gənclərin istəyinə göz yumub onlar düz fikirləşmir,
biz ağıllı davranırıq söyləmək doğru deyil. Biz onların nəbzi ilə
oturub duracağıq. Bu gün geyim tərzi, imic dəbdədirsə, kitabı da
modaya çevirmək lazımdır.
“Qənirə Paşayeva qadınlar üçün örnəkdir”
Nərgiz Ehlamqızı: Sosial
şəbəkələrdə tez-tez Siz Qənirə Paşayeva və Gülnarə Xəlilovanın
birgə fotolarına rast gəlirik. Maraqlıdır, bu üç qadını daha çox nə
birləşdirir. Tovuz amili yoxsa?
- Gülnarə Xəlilova ümumiyyətlə, tovuzlu deyil. Bir neçə gün öncə
Gülnarə xanımla bir yerdə idik, qayıtdı ki, Tünzalə xəbərin var,
hamı məndən soruşur ki, sən də Tovuzdansan? Dost olmaq üçün eyni
bölgədən olmaq şərt deyil, hamımız azərbaycanlıyıq. Biz gec-gec
görüşürük, amma bir-birimizi çox istəyirik. Gülnarə xanımın sahəsi
maraqlı sahədir, onun müasir günümüzdə geyim mədəniyyətimizə
qatqısı var, milli geyimlər üzrə fəlsəfə doktoru adı aldı, elmi
zəhməti var. Biz üç qadını birləşdirən hər bizimizin işimizdə
professional olmağımızdır. Mən Gülnarə xanımla əməkdaşlıq edirəm,
o, mənim səhnə imicimin üzərində çalışır. Bu gün əynimdə gördüyünüz
libas onun libasıdır. Daima onunla işləyirəm, biz dostuq. Qənirə
Paşayevanı mənimlə qadın, vətəndaş, millət vəkili, dost kimi çox
şey bağlayır. O, qadınlar üçün örnəkdir.
Ü.Bağırova: Deyirlər ki, qadınların
dostluğu alınmır...
- Vallah bizdə alınır (gülür). Bir-birimizin kaprizlərini də,
mənfilərini də bilirik.
T.Şahsuvarlı: Simvolikalara
münasibətiniz necədir?
- Bəzi simvolikalar var ki, iradəsi zəif olmayan insanlara mesaj
göstərir.
T.Şahsuvarlı: Siz daha çox hansı
simvolika ilə mesaj göndərmək istəyərdiniz?
- Mənim sevdiyim işarələrdən biri butadır ki, qolumda çalışmışam
ki, onu yaradım. Bunu mənə Türkiyədə ediblər. “Body art” deyirlər,
xına ilə buta həkk etdirmişəm. Dəhşətli suallar eşidirəm ki,
döyməmi, butamı edirsiniz? Xına ilə qadınların bəzənməsinin min
ildən çox tarixi var, niyə bunu bu qədər şişirdirlər? 2011-ci ildə
baş yaylığı ilə səhnəyə çıxanda buna çox qeyri-adi baxdılar.
Halbuki hər birimizin çantamızda, evimizdə çoxlu şallarımız var.
Türkiyə hər şeyi dəbə gətirir. Əgər mən bəsit əşyaları modaya
gətirə bilirəmsə, nə mutlu mənə. Xanımlar yaylığa məndən sonra daha
çox diqqət etməyə başladılar. Bu barədə çox eşidirdim, deyirdilər
ki, Tünzalə xanım, küçədə baş yaylıqları çoxaldı. Mən təzə-təzə
inanmırdım, deyirdim şişirdirsiniz. Mənim baş yaylığımı hicablı
deyə başa düşənlər də vardı. Hətta bu gün də şərh yazırlar ki, axı
o, hicablı xanım idi, niyə belə elədi (gülür). Ay balam, siz nə
danışırsınız, bu məsələləri qarışdırmayın. Sonra başa düşdüm ki,
nəhayətdə xırda şey cəmiyyətə təsir göstərir. Bu gün döymə edə
bilərdim. Amma bu, mənim xarakterimə uyğun deyil. Bilirəm ki, ən
xoş mesajlı işarəti döymə ilə əlimdə gəzdirə bilərəm və hamı bunu
görə bilər. Mən dəyişməyi tez-tez sevirəm. Döymə mənim müsbət
qarşıladığım bir şey deyil. Baxmayaraq ki, bu, hər kəsin öz
ixtiyarındadır. Daha qədim bir üslubdan istifadə etdim. Hamını
çaşdırdım, eyni zamanda cavab bu oldu ki, bu axı bizim qədim
ənənəmizdir, burada nə qeyri-adi bir şey var? (gülür)
“Vətəndaşlıq mövqeyi bunların hamısından üstündür”
N.Ehlamqızı: Yenidən baş örtüyü
olan imicinizə qayıdacaqsınız?
- Zaman-zaman qayıdıram. Baş örtüyü ilə yeni fotolar, videolar da
paylaşıram. Bir də baş örtüyü mənim dadıma çatır. Saçımı
düzəltdirməyə çatdırmayanda baş örtüyü ən gözəl çarəmdir. Xanımlara
tövsiyə edirəm (gülür).
T.Şahsuvarlı: Ən çox sevdiyiniz
musiqi aləti nədir?
- Daha çox fortepianodur. Çünki mən orada mahnılarımı, əsərlərimi
yazıram. Mənə doğmadır, ailə üzvlərimdən biridir. Gözümü açıb onu
görmüşəm. Balabanı, tütəyi, udu sevirəm. Mən musiqiçiyəm, necə deyə
bilərəm yalnız balabanı sevirəm, udun, sazın gözəlliyini necə
kənara qoya bilərəm? Neyi sevirəm, bizim mədəniyyətdə tar,
kamançadır. Ney məni bir az başqa yerlərə, ilahiyyətə aparırır.
İçimdə bir az dərvişəm.
Ü.Bağırova: Dinə münasibətiniz
necədir?
- Mənim üçün dinə münasibət deyə anlayış yoxdur. Din nə bir fəndir,
nə də sahədir ki, mənim ona münasibətim olsun. Din və həyat sözləri
mənim üçün sinonimdir. İnsanın əxlaqı onun dinidir.. 100 dəfə
Allah-Allah deyək, kim nəyə itaət edirsə, dini odur. Mənim dinim
nədirsə, onu Allah və mənim vicdanım bilir. Din mənim əxlaqım,
vicdanımdır, qarşı-qarşıya oturub Sizə dürüst cavab verməyim, yaxud
nadürüstlüyümdür.
T.Şahsuvarlı: Dindardan daha çox
ateist cavabı verdiniz...
- Yox, ateistlik deyil. İnsan gözəllik və sevgidən yaranıb. Biz onu
qəbul etsək də, etməsək də bir sistem altında yaşayırıq. Bu
sistemin adı gözəllik, əxlaq, sevgidir.
Ü.Bağırova: Bayaq qismətə
inanırsınızmı, deyə bir sual verdim. Quranda da deyilib ki, sizə
muxtariyyat verdim. Sizə görə seçim bizdədir, yoxsa Allahın yazdığı
qismətdədir?
- Bunlar hamısı bir-birinə bağlı şeylərdir. Onsuz da Allah bilir
biz nəyi seçəcəyik, hansı qapıya gedəcəyik. Bizi yaradan bizim
haradan gəlib hara gedəcəyimizi bilir.
Ü.Bağırova: O zaman seçim nəyə
lazım idi?
- Gözəllik də elə o imtahandadır. Seçmək olmasaydı, zombi kimi
olardıq.
N.Ehlamqızı: Sənət adamlarının ailə
üzvləri, xüsusən övladları tamaşaçılar üçün maraqlıdır. Gərgin iş
rejimində çalışan sənətçilərdənsiniz, öz qızınıza vaxt ayıra
bilirsiniz?
- Ən həssas yerimə toxunursunuz. Çünki qızımla daha çox ünsiyyətdə
olmaq istəyirəm. Amma qızım elə bir yaşa gəlib ki, artıq onu özümlə
harasa apara bilirəm. Düzdür, çalışıram mətbuat nümayəndələrinin
qarşısına az çıxarım. Çünki axırıncı dəfə Heydər Əliyev sarayında
bir konsertə gəlmişik, məni qızımla birgə dəvət ediblər. Özünə
dedim ki, Fidan, üzün gülsün. Evdə sərt söhbətimiz olmuşdu, qanı
qara halda evdən çıxmışıq, deyirəm ki, camaat baxır, kameralar
çəkir. Qayıdır ki, ey, çəkməsinlər məni. Deyirəm istəsən də,
istəməsən də kiminsə kamerasına düşəcəksən. Səhəri gün də
portalların birində xəbər çıxdı: “Tünzalənin hər kəsdən gizlətdiyi
qızının fotoları”. O da elə oturub ki, elə bil gəmiləri batıb.
Dedim Fidan xoşuna gəldi? Artıq səni çəkib, barı pozitiv
dur.
Ü.Bağırova: Neçə yaşı
var?
- 16 yaşına keçib.
Ü.Bağırova: Atalar və oğullar kimi
qızlar, analar problemi də olur. Sizdə bu problem var?
- Bu gün onun elə dövrüdür ki, hər valideyn hazırlıqlı olmur. Gərək
onu yaşayasan. O nöqtəyə gələndə başa düşürsən ki, sənə
valideynlərin əslində nə deyirmiş. Uşaqların keçid dövrü mənim üçün
asan deyil, deməyəcəyəm çətindir, amma asan da deyil. Bir az
əziyyət çəkirəm.
T.Şahsuvarlı: Sənədlərini hansı
ixtisasa vermək istəyir?
- Bizim Fidanımız yəqin ki, I qrup üzrə imtahanlarda iştirak
edəcək. SOCAR-ın Ali Neft Məktəbində oxumaq istəyir. Tamamilə
incəsənətdən uzaqdır.
Ü.Bağırova: Siz istəyirsiniz, yoxsa
özü istəyir?
- Özü istəyir. Bir həqiqəti etiraf edəcəyəm, bu uşaq dünyaya
gələndə qulağına pıçıldayırdım ki, sən incəsənət adamı
olmayacaqsan, olmayacaqsan ( gülür), Allah-təala mənim duamı
eşitdi.
T.Şahsuvarlı: Həm də praqmatik
seçimdir. Neft ölkəsində neftçi olmaq...
- Mühəndislik istəyirik, bilmirəm bəlkə də kimya, yaxud yol
mühəndisi, yaxud arxitektor olacaq. Dedim, Fidan, ağıllı-başlı
fikirləşək, elə sahəni seçək ki, sənin ürəyincə olsun. Dizaynerliyə
meyli var, bütün uşaqlar fotomakina ilə çox yaxşı işləyə bilirlər.
Çox gözəl ideyalı uşaqdır. Onun özünə demişəm ki, istedadının
qarşısını almayacağam, sabah foto studiya açmaq istəsə sənə kömək
edəcəyəm. Amma öncə sabah səni ayaqda tutacaq peşə
seç...
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ