Deputatın restoranında dava salana bəraət verildi
Bizi izləyin

Qırmızı.az

Deputatın restoranında dava salana bəraət verildi

Bakı Apelyasiya Məhkəməsində “1001 gecə” restoranında baş verən kütləvi dava ilə bağlı təqsirli bilinən Elnur Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər 2012-ci il, iyulun 16-da axşam saatlarında Səbail rayonu ərazisində fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində Rəşad Mirələmovla mübahisə ediblər. Bu vaxt mübahisəyə Rəşad Mirələmovun yaxın dostları kimi tanınan Əli İbrahimov, Elxan Məmmədli, Elşən Əsədov və Orxan Həsənov da qoşulub. Nəticədə təqsirkar şəxslər Rəşad Mirələmovu və onun dostlarını döyüblər.

İyulun 17-də gecə 3 radələrində restoranda dava yenidən başlayıb. Həmin vaxt Rəşad Mirələmov odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Ramal Bayramovu döş qəfəsindən, İmişli rayon sakini Səməd Mənsimovu isə qolundan yaralayıb. Ramal Bayramov aldığı xəsarətdən vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Firdovsi Bağırov 8 il, Elnur Qasımov 6 il, Elmar Süleymanov 6 il, Səməd Məsimov 4 il, Orxan Məlikov və Şahin Novruzovun hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqasirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bir müddət əvvəl hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriıən şəxslərin apelyasiya şikayəti təmin edilməməsi ilə bağlı qərar qəbul edilib.

Müdafiə tərəfi məhkəmənin qərarından kasasiya şikayəti verib. Ali Məhkəmə işə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib və cinayət işinin materialları yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Firdovsi Bağırovun vəkillərinin apelyasiya şikayəti təmin edilib. Məhkəmə Firdovsi Bağırovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi üzrə bəraət verilməsi barədə qərar qəbul edib. Həmçinin Firdovsi Bağırovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsini həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsif edilib. Həmin maddə ilə Firdovsi Bağırovun barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Qeyd edək ki, Rəşad Mirələmovun barəsində Cinayət Məcəlləsinin 120.2. 4-cü (xüsusi amansızlıqla qətl törətmək) və 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir.

Sonuncu məhkəmə iclasında çıxış edən prokuror Rəşad Mirələmovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Sentyabrın 2-də həmin iş üzrə müdafiə tərəfi çıxış edəcək. Rəşad Mirələmov millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğludur. “1001 gecə” restoranının deputata məxsus olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm