• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İlham Mirzəyevin ittiham aktı - ŞOK FAKTLAR (2-ci hissə)

İlham Mirzəyevin ittiham aktı - ŞOK FAKTLAR (2-ci hissə)

“Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Əliyev İsrayıl İsrayıl oğlu Mirzəyev İlham Əlikram oğlunun Azərbaycan Respublıkasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1419000153 nömrəli cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edərək Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsini rəhbər tutub, hazırkı ittiham aktını tərtib etdim. Həmin cinayət işi 10 aprel 2014-cü il tarixdə tərəfimdən faktlara görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış və icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmışdır”.


Əvvəli bu linkdə: http://publika.az/p/41707

İlham Mirzəyev: “Narahat olma, elə edəcəyəm ki, o oğlan it kimi sənin ayağına gələcək, ömürlük səninlə bir yerdə olacaq”

“Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun təqsirliyini təsdiq edən aşağıdakı mötəbər sübutlar əldə olunmuşdur:


Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X.X. (hələlik ad şərtidir, məhkəmə istintaqında dindiriləcək - red.) ifadəsində göstərmişdir ki, subaydır, əvvəllər bir neçə dəfə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” univermağında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan A. adlı oğlandan qızıl-zinət əşyaları alarkən tanış olmuşlar. A.-dan bir oğlan kimi xoşu gəlmiş, münasibətlərində A.-nın da ondan xoşunun gəldiyini hiss etmişdir. Fikirləşir ki, A. ilə daha yaxından münasibəti yaransın və gələcəkdə belə bir insanla ailə həyatı qursun. Eşitmişdi ki, cavan qızlar, xanımlar ailə həyatı qurmaq üçün, xoşu gələn insanla yaxın münasibət yaratmaqdan ötrü falçı yanına gedirlər, falçı onlara şirinlik duası yazır, bunun nəticəsində qızlar istədiyi oğlanla ailə həyatı qurur, xoşbəxt olurlar. Eşitmişdi ki, “İlhaMed” Tibb Klinikasının direktoru İlham Mirzəyev falçılıqla məşğul olur, bəxt açır, elə dua yazır ki, oğlanı qızın ayağına gətirir, oğlan qıza elə bağlanır ki, ömürlük ondan əl çəkmir. Hələ bu məsələdən əvvəl o, İlham Mirzəyevi televizorda veriliş apararkən (Space-də.Red.) görmüş, onu ekstrasens, öncəgörücü kimi tanımış və onun gələcəkdə baş verəcək hadisələrdən xəbər verdiyini, falçılıqla məşğul olduğunu eşitmişdi. O, imkanlı insanla ailə həyatı qurmaq, gələcəkdə daha yaxşı ömür sürmək istəmiş və bu niyyətlə də A. adlı qızıl alverçisi ilə evlənməyinə kömək göstərməsindən ötrü İlham Mirzəyevə müraciət etmək qərarına gəlir. 02 aprel 2014-cü il tarixdə o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Cıdır” atçılıq stadionunun arxa tərəfində yerləşən yeni inşa olunmuş çoxmərtəbəli binanın ikinci mərtəbəsində fəaliyyət göstərən “İlhaMed” Tibb Klinikasına gələrək klinikanın direktoru İlham Mirzəyevə müraciət edir. İlham Mirzəyev onu öz otağında tək qəbul etmiş, o, gəlişinin məqsədini danışmışdır. İlham Mirzəyev ondan həyatı barədə soruşub sorğu-sual etmiş, o isə subay olduğunu, dörd ay əvvəl anasını itirdiyini, sevdiyi oğlanla ailə həyatı qurmaq, oğlanla münasibətlərinin yaxınlaşmasını istədiyini danışır. İlham Mirzəyev özü ona bildirir ki, “Sən narahat olma, hər şey yaxşı olacaq. Mən həmin sevdiyin oğlanı sənin ayağına gətirəcəyəm. Elə edəcəyəm ki, sizin münasibətləriniz yaxşılaşacaq. Mən sizin münasibətlərinizdə şirinlik yaradacağam və sizi bir-birinizə qovuşduracağam”.


İlham Mirzəyev elə danışır, adama elə sözlər deyir ki, adam onun bütün sözlərinə inanır.


“Əgər 15 gün müddətində mən dediyim işi görə bilməsəm, o oğlan ayağına düşməsə, mən İlham Mirzəyev olmaram”


Ona elə gəlib ki, bu insan həqiqətən də hansısa qeyri-adi gücə, bacarığa malikdir. Hətta İlham Mirzəyev ona tam əminliklə deyib ki, “əgər 15 gün müddətində mən dediyim işi görə bilməsəm, o oğlan ayağına düşməsə, mən İlham Mirzəyev olmaram”. İlham Mirzəyev söhbətin əvvəlində özü haqqında elə danışmışdır ki, guya xeyirxah insandır, ondan yaxşı insan yoxdur, onun əsas məqsədi insanlara kömək etmək, onların xoşbəxt olmasında vasitəçilik etməkdir, pul onun üçün heç nədir. İlham Mirzəyev demişdir ki, “mənim üçün əsas sənin xoş günündür”.


“Başqalarına bu işi 3-4 min Avroya edirəm, sənin üçün də hörmətə 3000 Avroya görərəm”


“Beləcə, o, bir neçə dəfə “İlhaMed” Tibb Klinikasına İlham Mirzəyevin yanına getmiş və onun qəbulunda olmuşdur. İlham Mirzəyev hər dəfə onunla bu cür danışmış və onu tam inandırmışdır ki, sevdiyi insanı onunla qovuşduracaq. Hər dəfə də oraya gedərkən İlham Mirzəyevin qəbuluna düşmək üçün kassaya 50 manat pul ödəmiş və bunun müqabilində kassadan ona qəbz verilmiş, hər dəfə qəbula girdikdə İlham Mirzəyev pulun ödənilməsinə dair qəbzi ondan almışdır. Növbəti dəfə bu məqsədlə qəbula gəldikdə İlham Mirzəyev puldan söhbət açmış və bildirmişdir ki, “bu iş elə-belə başa gəlmir, başqalarına bu işi 3-4 min Avroya edirəm, sənin üçün də hörmətə bu işi 3000 Avroya görərəm”.

“O, 3000 Avro pulu, onun və sevdiyi oğlanın fotoşəkillərini İsrail dövlətinə göndərəcək ki, oğlanla onu qovuşdursunlar, sevdiyi oğlan gəlib ayağına düşsün...”


Bir də, İlham Mirzəyev ondan sevdiyi oğlanın və özünün ayrı-ayrı foto şəkillərini istəmiş və demişdir ki, pulla birlikdə həmin fotoşəkilləri də gətirməlidir. O, 3000 Avro pulu, onun və sevdiyi oğlanın fotoşəkillərini İsrail dövlətinə göndərəcək ki, oğlanla onu qovuşdursunlar, sevdiyi oğlan gəlib ayağına düşsün. İlham Mirzəyev hətta bildirmişdir ki, ondan alacağı 3000 Avro pulun hamısını şəkillərlə birlikdə İsrailə göndərəcəyi səbəbindən pulu Avro ilə istəyir və demişdir ki, bu iş həll olunandan sonra onun özünə də ayrıca nə istəsə hörmət edər. İlham Mirzəyevin sözündən elə çıxmışdır ki, guya verəcəyi 3000 Avrodan ona bir qəpik də qalmır, hamısını İsrailə göndərəcək. İlham Mirzəyev ondan sevdiyi oğlanın fotoşəklini də istəmişdir. O, “WhatsApp” proqramındakı profilindən A.-nın fotoşəklini çıxarıb əldə etmişdir. Özündə olan milli pulu valyutadəyişmə məntəqəsində Avroya dəyişdirib 1600 Avro pul əldə etmişdir. 09 aprel 2014-cü il tarixdə, təxminən saat 16:30 radələrində “İlhaMed” Tibb Mərkəzinə gəlmiş və İlham Mirzəyev onu otağında qəbul etmişdir. O, İlham Mirzəyevə otağında üstündə olan 1600 Avro pulu, özünün və A.-nın şəklini ayrı-ayrı fotoşəkillərini vermişdir. İlham Mirzəyev bildirmişdir ki, pulun qalan hissəsini də sabah gətirib versin, çünki İsrailə pulun hamısını göndərəcək. İlham Mirzəyev ondan A.nın şəklini alıb baxmış və sevdiyi şəxsin bu insan olduğunu bir daha soruşmuşdur. O, “hə” dedikdə, İlham Mirzəyev bildirmişdir ki, “narahat olma, 15 günə kimi sevdiyin oğlanla səni qovuşduracağam”. O, İlham Mirzəyevin söylədiyi kimi bu işi belə qısa müddətdə görə biləcəyindən təəccüblənmiş və ondan “doğrudan?” deyə soruşmuşdur. İlham Mirzəyev isə ona rus bilində “obijayeş” deyə cavab vermiş, sözündən elə çıxmışdır ki, onun bu qabiliyyətinə şəkk-şübhə etməsin.


O, həmin gün pulu və fotoşəkilləri İlham Mirzəyevə verəndən sonra çıxıb getmiş, evə gəldikdən sonra götür-qoy etmiş, fikirləşmişdir ki, görəsən, bu insan həmin işi görə bilər, yoxsa yox? Söhbət əsnasında bir-iki nəfər tanışı ilə bu barədə ümumi danışmış, tanışları bunun yalan söhbət olduğunu, falçılığın boş, cəfəngiyat olmasını və bu cür insanların onun kimi sadəlövh, hamıya inanan adamları tez bir zamanda aldadıb toruna salaraq pullarını ələ keçirdiklərini söyləmişlər. Bu söhbətdən sonra anlamışdır ki, İlham Mirzəyevin də ona söylədikləri, verdiyi vədlər boş yalandır. Bu cür sözlərlə onu aldadaraq 3000 Avro pulunu ələ keçirmək istəyir. O, tam qərara gəlmtşdir ki, vermiş olduğu 1600 Avro pulunu geri tələb etsin. Bu məqsədlə İlham Mirzəyevin 0502112979 nömrəli mobil telefonuna həmin gün iki dəfə zəng vurmuş, lakin zənglərinə cavab verməmişdir. Halbuki 3-4 gün əvvəl o, İlham Mirzəyevin bu nömrəsinə zəng vurmuş, İlham Mirzəyev özü telefonda onun zəng etdiyini bilib, geriyə, ona zəng vurub bu iş barədə danışmış, hətta “əlini qoy döşünün üstünə” deyərək ona 100 faiz ümid vermişdir. Yəni İlham Mirzəyev telefon nömrəsini bilmiş, bu dəfə zənglərinə cavab verməyəndən sonra ona qarşı şübhələri daha da artmış, tam əmin olmuşdur ki, bu insan fırıldaqçıdır və onu aldatmışdır”.


“Polis əməkdaşları İlham Mirzəyevdən ondan pul alıb-almadığını soruşduqda, o, həqiqətən bir qədər əvvəl iş otağında ondan 1400 Avro pul aldığını etiraf etmişdir”


“Bundan sonra qərara gəlmişdir ki, İlham Mirzəyev barəsində şikayət etsin. 10 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək şikayət ərizəsi ilə müraciət etmiş və bildirmişdir ki, İlham Mirzəyev ondan əlavə 1400 Avro da pul istəyir. O, həmin pulu tapmış, amma başa düşmüşdür ki, bu adam onu aldadıb, lazım gəlsə, onun qanunsuz hərəkətlərinin ifşa olunmasında iştirak edib, polis əməkdaşlarına köməklik edə bilər. Həmin gün baş idarədə polis əməkdaşları onun şəxsi vəsaiti olan 14 ədəd 100-lük Avro pul əsginazlarını seriya və nömrələrini hal şahidlərinin iştirakı ilə protokolda yazıb İlham Mirzəyevə verməsi üçün ona qaytarmışlar. Həmçinin, polis əməkdaşları ona əməliyyat planına uyğun necə hərəkət edəcəyini bir daha başa salmışlar. Bundan sonra saat 15:30-da əməliyyat qrupunun üzvləri ilə birlikdə “İlhaMed” Tibb Klinikasının qarşısna gəlmişlər. O, özü tək halda tibb mərkəzinə daxil olaraq birbaşa İlham Mirzəyevin otağına daxil olmuşdur. O, 14 ədəd 100-lük Avro pul əsginazlarından ibarət cəmi 1400 Avro pulu İlham Mirzəyevə təqdim etmiş, İlham Mirzəyev pulu alıb bir daha düzgünlüyünü müəyyən etmək üçün saymış və “dünən 1600 vermisən, bu da 1400” deyib oturduğu stolun sağ tərəfindəki şkafın siyirtmə gözünə qoymuş, ona da “sən narahat olma, biz bacı-qardaş olacağıq”.

O, bundan sonra otaqdan çıxmış və əməliyyat planına uyğun olaraq kənardan müşahidə aparan əməliyyat qrupunun üzvlərinə işarə etmişdir. Əməliyyat qrupunun üzvləri dəvət olunmuş hal şahidlərinin və onun iştirakı ilə İlham Mirzəyevin otağına daxil olmuşlar. Polislər xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, İlham Mirzəyevi əməliyyat tədbirinin həyata keçirilməsi ilə bağlı tərtib olunmuş qərarla tanış edərək onun barəsində şikayət edildiyini söyləmişlər. Polis əməkdaşları İlham Mirzəyevdən ondan pul alıb-almadığını soruşduqda, o, həqiqətən bir qədər əvvəl iş otağında ondan 1400 Avro pul aldığını etiraf etmişdir. Polis əməkdaşları İlham Mirzəyevə həmin pulları təqdim etməyi təklif etmişlər. Bundan sonra, İlham Mirzəyev oturduğu stolun sağ tərəfindəki şkafın siyirtmə rəfini açıb oradan 1400 Avro pulu təqdim etmişdir. Polis əməkdaşları İlham Mirzəyevin təqdim etdiyi 14 ədəd 100-lük Avro pullara baxış keçirdikdə həmin pul əsginazlarının seriya və nömrələrinin ona protokola verilmiş 14 ədəd 100-lük Avro pul əsginazlarının seriya və nömrələri ilə üst-üstə düşdüyü məlum olmuşdur. Sonra polis əməkdaşları həmin 14 ədəd 100-lük Avro pul əsginazlarını kağız zərfdə qablaşdırıb möhürləyərək götümüşlər. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o və digər iştirakçılar, o cümlədən İlham Mirzəyev protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər...”.

tezadlar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR