Qırmızı.az
Bakının işğaldan azad olunmasından 96 il ötür
Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 96 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına
baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar
erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət
müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə
qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə
ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi.
Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi
qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru
paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.
Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz
etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək
qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında
öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də
türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını
işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş
töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı.
Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər
rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da
1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və
bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə
həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu.
Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata
keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv
etmək və "Böyük Ermənistan" xülyasını gerçəkləşdirmək idi. Amma
türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.
Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya
köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas
mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə
demokratik qaydalar əsasında seçkilər keçirildi.
Bakının azad olunması həm də türklərin humanistliyini bir daha
sübut etdi. Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə
şəhərə daxi olan Nuru paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə
davrandı. O, nəinki Nargində türk hərbi əsirlərinə göstərilən
amansızlığa görə onlardan intiqam almağa çalışdı, hətta belə bir
mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini
təmin etdi.
Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi
şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət
təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında
keçirildi. H. Z. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və
onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta
dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı.
Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli
oldular.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna
əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti
illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah
olunmasına baxmayaraq Azərbaycan xalqı türk əsgərinin
qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.
Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri
hərbi əməliyyatlarda 1130 şəhid verdilər. Azərbaycan növbəti dəfə
müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda
deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi
bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət
səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk
əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi
keçirlir. Aradan uzun illər keçməsinə baxmayaraq Türkiyə Ordusu
tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq,
Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə
xatırlanacaq.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ