• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Prezident Qəbələdə Hotel və SPA kompleksinin açılışında oldu

Prezident Qəbələdə Hotel və SPA kompleksinin açılışında oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Qəbələdə “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni turizm obyekti ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, Qəbələnin Yengicə kəndi ərazisində yerləşən otel kompleksi 9 hektar sahədə inşa edilib. Müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda tikilib. Oteldəki 61 nömrədə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Diqqətə çatdırıldı ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan zal, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.

Dövlətimizin başçısı oteldəki nömrələrdə yaradılan şəraitlə maraqlandı.

Məlumat verildi ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə “Qafqaz Yengicə Termal Hotel və SPA”-da yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir.

Oteldə uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb. Oteldə qonaqların vaxtlarını səmərəli keçirmələri üçün xüsusi idman zalları da var. Burada qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. “Qafqaz Yengicə Termal Hotel və SPA” kompleksində 100 nəfər üçün daimi iş yeri nəzərdə tutulur. Mükəmməl infrastruktura malik kompleksin avadanlıqla təchizatı ən müasir standartlara uyğundur.

Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Beləliklə, qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu oteldə yaradılan şərait bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bölgələrdə bununla bağlı genişmiqyaslı tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Qeyd olundu ki, otelin əhəmiyyətini artıran mühüm cəhət burada müalicəvi su mənbəyinin olmasıdır. Tarixi araşdırmalar, kimyəvi və tibbi yoxlamalar bu mineral suyun yüksək dərəcədə müalicəvi və bərpaedici təsirini sübut edib. Oteldə Naftalan nefti ilə müalicə proseduru da həyata keçiriləcək.

Daha sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR