Elman Babayev: “Milli jurnalistikamızda yeri səhv düşənlər hələ də var...”
Bizi izləyin

Qırmızı.az

Elman Babayev: “Milli jurnalistikamızda yeri səhv düşənlər hələ də var...”

Bu gün doğum gününü qeyd edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Publika.az-ın suallarını cavablandırıb.

- Jurnalist olmaq çətindir, yoxsa mətbuat xidmətinin rəhbəri?

- İnsan öz işinə vicdanla yanaşırsa, hansı fəaliyyət sahəsində işləməsindən asılı olmayaraq, onun üçün daim iş var. İş olan yerdə isə çətinliklər də ortaya çıxa bilər. Düşünürəm ki, yalnız bilik və peşəkar təcrübə sayəsində qarşıya çıxan hər hansı çətinliyi aradan qaldırmaq mümkündür. Bilik və peşəkar təcrübə də insanın öz fitri qabiliyyətinin, bacarığının, mənəvi-əxlaqi cəhətlərinin davamı kimi özünü göstərir.

- Mətbuat xidmətinin rəhbəri kimi jurnalistlərin işi sizi qane edirmi?

- İstedadlı və çalışqan jurnalistlərimiz az deyil. Xüsusən də müraciət etdiyi mövzuda atüstü bir şey yazıb ortaya atmayan, dərin araşdırmalar aparan və sanballı bir material təqdim edən jurnalistlərimizi görmək çox xoşdur. Amma etiraf edək ki, milli jurnalistikamızda yeri səhv düşənlər, bu fəaliyyət sahəsinə təsadüfi gələnlər, naşı jurnalistlər hələ da var.

- Mətbuatda ən çox hansı xəbərləri oxuyursunuz? Yəni öz işinizlə bağlı, yoxsa başlıq maraqlıdırsa, hamısını?

- Mətbuatda daha çox ciddi məzmunlu xəbərləri, məqalələri oxuyuram və təbii ki, ilk növbədə fəaliyyət göstərdiyim dövlət orqanının fəaliyyət sahələri ilə bağlı xəbərləri, yazıları izləyirəm. Yüngül mövzularda xəbərlərə isə başlıqlarının nə qədər cəlbedici olmalarından asılı olmayaraq, nəzər salmıram. Belə xəbərlərə sərf olunan vaxtı isə itmiş vaxt hesab edirəm. Məncə, hər bir insan özündə ciddi mütaliə zövqü formalaşdırmalıdır.

- Jurnalistlərlə münasibətləriniz necədir? Keçmiş həmkarlarınızla əlaqələriniz varmı?

- Bütün jurnalist həmkarlarımla münasibətlərdə daim səmimiliyimi qoruyub saxlayıram. Bunu mənimlə ünsiyyətdə olanlar da təsdiqləyə bilər. Ümumiyyətlə, xaraktercə belə adamam və yalnız jurnalistlərlə deyil, ünisiyyətdə olduğum hər bir insanla səmimi rəftar edirəm. Başqa cür ola da bilmərəm. İndiyədək yadıma gəlmir ki, kiminsə qəlbini qırım, könlünü sındırım. Keçmiş həmkarlarımla da əlaqələrim daim davam edir və vaxt olanda görüşürük.

- Hansısa məlumatı verəndə ayrı-seçkilik etdiyniz olub, yəni xəbəri birinci öz dostlarınıza ötürürsünüzmü?

- Bizdə məlumatların KİV-lərə ötürülməsi proseduru fərdi qaydada həyata keçirilmir ki, bəs birinci kimə ötürək, ya ikinci kimə...Hər hansı məlumat, xəbər bütün KİV-lərə eyni vaxtda və eyni mənbədən göndərilir. Burada kimə tez, kimə gec məlumat göndərilməsi prinsipi yoxdur. Həm də biz cəmiyyətə çatdırmaq istədiyimiz məlumatların bütün KİV-lərdə eyni dərəcədə əksini tapmasında maraqlıyıq və bu məlumatlar nə qədər çox saytlarda, qəzetlərdə gedərsə, bizim üçün bir o qədər əhəmiyyətlidir.

- Yəqin, müxbir işlədiyiniz vaxtda əksər dövlət qurumlarının məlumatı necə xəsisliklə ötürmələri ilə qarşılaşmısınız. Siz mətbuat xidmətinin rəhbəri kimi müxbirlərlə necə işləyirsiniz?

- Səmimi şəkildə bildirim ki, müxbir kimi fəaliyyət göstərdiyim dövrdə dövlət qurumları ilə işləməmişəm. Daxili siyasətdən yazmışam və siyasi partiyaların mətbuat xidmətləri ilə əlaqəm olub. Onlardan da məlumatların alınmasında elə bir problemim olmayıb. Bu gün çalışıram ki, mətbuat xidmətinin rəhbəri olduğum nazirlikdən hər hansı məlumatın əldə olunmasında jurnalistlər hansısa problemlərlə üzləşməsinlər. Buna necə nail oluram, yəqin bunu onların özlərindən soruşmaq olar.

Publika.az kollektivi də Elman Babayevi doğum günü münasibətilə təbrik edir, ona şəxsi və iş həyatında uğurlar arzu edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm