• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Salyanda icra başçısı ilə iş adamı arasında QALMAQAL

Salyanda icra başçısı ilə iş adamı arasında QALMAQAL

Salyan rayonunda fəaliyyət göstərən “Salyan Oil Ltd” əməliyyat şirkətinin rəhbərliyi “Samir Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi və direktoru, iş adamı Azər Ağayev barəsində hüquq mühafizə orqanlarına şikayət göndərib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Salyanın Qarabağlı, Kərimbəyli və Yolüstü kənd və qəsəbələrində geniş ticarət və restoran biznesi ilə məşğul olan iş adamı Azər Ağayev bu yaxınlarda bir qrup kənd sakinini öyrədərək, “Salyan Oil Ltd” əməliyyat şirkətinin bu ərazidə fəaliyyət göstərən ofisi önündə etiraz aksiyası keçirməsini təşkil etdirib.

Məlumatda həmçinin qeyd olunur:

“İş adamı Azər Ağayev “Salyan Oil Ltd” əməliyyat şirkətinin balansında olan neft-qaz ərazilərində, yəni Salyan-Şirvan şosesinin kənarından keçən neft-qaz borularının üzərində “Azəri” şadlıq evi, restoran-kafe, ticarət mərkəzləri və super-marketlər inşa etdirib.

Bu obyektlərin əksəriyyəti Azər Ağayevin oğlu Samir Ağayevin adına rəsmiləşdirilib.

Bundan əlavə, A.Ağayev rayonun Kərimbəyli kəndi ərazisində yerləşən və “Salyan Oil Ltd” əməliyyat şirkətinin balansında olan süni gölü də rəhmətə getmiş bələdiyyə sədrinin imzası ilə saxta formada rəsmiləşdirib, aidiyyəti təşkilatlara təqdim edən zaman ifşa olunub.

“Salyan Oil Ltd” əməliyyat şirkətinin və Salyan rayon İcra Hakimiyyətinin bir neçə dəfə etdiyi xəbərdarlığa baxmayaraq, həmin ticarət və iaşə obyektləri fəaliyyətini hələ də davam etdirir.

Hətta işə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov və digər məsul şəxslər də qarışmalı olub.

Hazırda iş adamı Azər Ağayev barəsində şikayət məktubuna Salyan rayon Prokurorluğu və Polis Bölməsi tərəfindən baxılır”.

Qeyd edək ki, Azər Ağayev Milli Məclisin 59 saylı Salyan seçki dairəsindən seçilmiş deputatı Əliağa Hüseynovun adamı kimi tanınır.

Salyan rayon İcra Hakimiyyəti başçısının köməkçisi Kərəm Muradov da sözügedən hadisənin baş verməsini təsdiqləyib.

Onun sözlərinə görə, “Salyan Oil Ltd” əməliyyat şirkətinin Kərimbəyli kəndində yerləşən ofisi qarşısında belə bir aksiya olub:

“Amma yaxşı olar ki, siz bu məsələ barədə neft şirkəti ilə əlaqə saxlayasınız”.

Sözügedən məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR