• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prokurorlar İlham Əliyevə müraciət etdi

Prokurorlar İlham Əliyevə müraciət etdi

Azərbaycan Respublikası Prokurorluğunun kollektivi oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 96-cı ildönümü - növbəti peşə bayramını təntənəli şəkildə qeyd edib.

Publıika.az xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluğu orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

Prokurorluq işçiləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü ilə əlaqədar prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıya çıxan aktual problemlərlə bağlı elmi-praktiki konfrans keçirilib.

Konfransda ölkəmizdə səfərdə olan Türkiyə Ali Hərbi Məhkəməsinin sədri Əhməd Zəki Limanın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra konfransı açan Baş prokuror Zakir Qaralov prokurorluq işçilərinin peşə bayramı gününü və milli prokurorluğun yaradılmasının 96-cı ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini vurğulayıb. Əvvəllər adi bir iş günü kimi yaşadığımız 1 oktyabr tarixi ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamından sonra bizlər üçün gözəl bir bayram gününə çevrilib.

Baş prokuror ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır məqamda xalqının təkidi ilə yenidən hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi yenidənqurma siyasətinin nəticəsi olaraq, digər dövlət təsisatları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da müasir, demokratik məzmunlu qurum kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildiyini, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində cəmiyyətdə statusuna uyğun yerini tutduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib. Azərbaycan Respublikası digər sahələrlə yanaşı, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib.

Baş prokuror bildirib ki, ölkə həyatının bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində həyata keçirilən mütərəqqi islahatlar, əldə edilmiş möhtəşəm uğurlar və mövcud sürətli inkişaf prokurorluq orqanlarının qarşısında bir dövlət qurumu kimi mühüm vəzifələr qoyub. Prezident cənab İlham Əliyevin siyasi iradəsinə və onun rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər intensivliklə davam etdirilir. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbulun yeni əsaslarla təşkili nəticəsində işə götürülən 624 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 58 faizini təşkil etməsi, sentyabrın 30-da növbəti müsabiqədən müvəffəqiyyətlə keçmiş 71 gənc mütəxəssisin andiçmə mərasiminin keçirilməsi və onların prokurorluq orqanlarına işə qəbul olunması ölkə həyatının bütün sahələrində gənclərin əməyindən geniş istifadə olunması barədə dövlətimizin başçısının göstərişlərinin icrasının nəticəsidir. Alternativi olmayan bu kadr seçimi vasitəsinin tətbiqi bundan sonra da davam etdiriləcək.

Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi onun prokurorluğun fəaliyyəti ilə bağlı müəyyən etdiyi standartları həyata keçirmək üçün bizə yeni imkanlar yaradıb. Dövlətimizin başçısı tərəfindən göstərilən böyük etimadın təzahürü olan bu mühüm sənəd prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi yollarını müəyyənləşdirən proqram kimi hazırda da əhəmiyyətli rol oynayır, planlaşdırılan bütün islahat tədbirlərimizin fundamental əsasını təşkil edir.

Diqqətə çatdırılıb ki, ötən müddətdə prokurorluq digər hüquq mühafizə orqanları ilə, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsini təmin edib. Prokurorluğun hüquq mühafizə orqanları ilə düzgün qurduğu qarşılıqlı əlaqə kriminogen duruma səmərəli nəzarəti təmin etməyə, onun səviyyəsini təhlükəsiz hədlərdə saxlamağa imkan verib. Birgə həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır.

Baş prokuror deyib ki, bölgələr üzrə müşavirələr keçirilməklə, kriminogen durumun sabitləşdirilməsinə yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi, mütəmadi olaraq yerlərdə vəziyyət öyrənilməklə aşkar edilmiş problemlərin, o cümlədən dini ekstremizm, separatçılıq və destruktiv qüvvələrin baş verə biləcək pozucu hərəkətlərinin, mütəşəkkil cinayətkarlıq, habelə digər təhlükəli təzahürlərin qarşısının alınması və aradan qaldırılması üçün prokurorluq orqanlarının səlahiyyət hədləri daxilində zəruri tədbirlər həyata keçirilməlidir. Bildirilib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkədə korrupsiya cinayətlərinə qarşı sistemli mübarizə gücləndirilib. İxtisaslaşdırılmış prokurorluq orqanı kimi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin normal fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, əməkdaşların sayının əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni strukturun formalaşdırılması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və digər islahat tədbirləri bu qurumun işinin daha da təkmilləşdirilməsinə gətirib çıxarıb. İşini ictimai nəzarət altında və aşkarlıq şəraitində quran Baş İdarə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, korrupsiya hallarına qarşı bundan sonra da kəsərli mübarizə aparacaq.

Qeyd edilib ki, bu sahədə işin səmərəliliyinin daha da artırılması məqsədilə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürünün qarşısının alınması və onu doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, cinayət işlərinin istintaqının keyfiyyətinin artırılması, əməliyyat-axtarış fəaliyyətinin daha səmərəli həyata keçirilməsi, antikorrupsiya mühitinin yaxşılaşdırılması və görülmüş işlər barədə geniş ictimaiyyətin mütəmadi məlumatlandırılması təmin olunmalıdır.

Müasir dövrün ən aktual məsələlərindən birinin informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi olduğunu vurğulayan Baş prokuror ötən müddətdə prokurorluq orqanlarında İKT-nin tətbiqi səviyyəsinin yüksəldilməsinə, bu sahədə həyata keçirilən işin səmərəliliyinin xeyli dərəcədə artırıldığını bildirib.

Diqqətə çatdırılıb ki, dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılır, müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlər görülür.

Baş prokuror Zakir Qaralov prokurorluq orqanlarının fəaliyyətində yol verilən nöqsanlardan da danışaraq bu çatışmazlıqların tezliklə aradan qaldırılması ilə bağlı qəti tapşırıqlarını verib.

Sonra Baş prokurorun birinci müavini Rüstəm Usubov “Cinayətkarlığa qarşı mübarizə və ibtidai istintaqın aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi çərçivəsində prioritetlərə nail olunmasının əsas istiqamətləri” mövzusunda çıxış edib. R.Usubov çıxışında bu sahədə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinin cinayət işlərinin, xüsusilə ağır cinayətlərlə bağlı işlərin aparılmasında müsbət dəyişikliklərin əldə olunması ilə nəticələndiyini diqqətə çatdırıb.

Baş prokurorun müavini – respublika hərbi prokuroru Xanlar Vəliyev “Hərbi prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və Silahlı Qüvvələrdə qanunçuluğun möhkəmləndirilməsinin təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlər” mövzusunda çıxışında görülmüş tədbirlər sayəsində əvvəlki dövrdə qeydə alınan cinayətlərin sayında azalmanın müşahidə edildiyini diqqətə çatdırıb.

X.Vəliyev istintaqın keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə kriminalistika şöbəsinin fəaliyyətinin genişləndirildiyini vurğulayıb.

“Yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların qiymətləndirmə meyarlarının müəyyən edilməsi, kadrların rotasiya siyasəti və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələr” mövzusunda çıxış edən Baş prokurorun müavini Namiq Əsgərov deyib ki, 2002-ci ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində keçirilmiş 13 müsabiqə nəticəsində prokurorluq orqanlarına 627 gənc hüquqşünas işə qəbul edilib ki, bu da ümumi əməkdaşların 58 faizini təşkil edir. Diqqətə çatdırılıb ki, İKT-nin tətbiqi istiqamətində Baş Prokurorluqda geniş tədbirlər planı hazırlanaraq həyata keçilib.

Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev “Korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq təşəbbüslər” mövzusunda çıxış edərək bildirib ki, 2003-cü ildən ötən dövrdə Azərbaycan nəinki korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konvensiyalara qoşulub, həmin konvensiyaların müddəalarını öz qanunvericiliyinə implementasiya edib. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müasir qanunvericilik bazasının yaradıldığını vurğulayan K.Əliyev bu sahədə yaradılan mükəmməl ixtisaslaşmış qurumların, xüsusən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin digər ölkələrə nümunə kimi qiymətləndirildiyini bildirib.

Sonra Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov, Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov, Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov çıxış edərək prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, əldə edilən uğurlardan danışıblar.

Konfransa yekun vuran Z.Qaralov həmişə dövlətçilik ideyalarına sədaqəti ilə seçilən və fəal vətəndaşlıq mövqeyi nümayiş etdirən prokurorluğun kollektivinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası və mütərəqqi islahatların reallaşdırılması istiqamətində səylərini artıracağına, ölkədə mövcud ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitinin, milli maraqların hər cür qəsdlərdən qorunması, cinayətkarlığa qarşı barışmaz mübarizə və insan hüquq və azadlıqlarının qorunması istiqamətində bütün mümkün tədbirlərin görülməsini təmin edəcəyinə əminliyimi bildirib.

Konfransın yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident cənab İlham Əliyevə müraciət qəbul edilib.

Sonda Türkiyə Ali Hərbi Məhkəməsinin nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin binasında yaradılan şəraitlə tanış olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR