Qənirə Paşayeva Qaydar və Coltay bölgələrində erməni vandalizm aktlarından danışıb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Qaydar və Coltay bölgələrində erməni vandalizm aktlarından danışıb

Moldovanın Qaydar bölgəsinə səfər etmiş millət vəkili Qənirə Paşayeva bölgənin rəhbəri Kiosya İlya Georgiyeviç ilə görüşüb.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hər zaman Qaqauz Yerinə və Qaqauz türklərinə böyük dəstək verdiyini deyən Qaydar bölgəsinin rəhbəri Kiosya İlya Georgiyeviç Qaqauz Yerində Heydər Əliyevin çox sevildiyini bildirərək, onun siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etməsindən məmnunluğunu bildirib. Millət vəkili Qənirə Paşayeva, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və bu siyasətin davamçısı prezident İlham Əliyevin hər zaman Qaqauz türklərinə sevgi və dəstəklə yanaşdığını deyərək, Azərbaycanla, onun müxtəlif bölgələri ilə Qaqauz Yeri arasında müxtəlif sahələrdə əməkdaşlığın, əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu deyib. O, bu münasibətlərin getdikcə daha da inkişaf edəcəyinə inandığını deyib. Qaydar bölgəsinin rəhbəri Kiosya İlya Georgiyeviç bölgə barədə geniş bilgilər verərək, qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını bir daha vurğulayaraq, Azərbaycanlı iş adamlarının fəaliyyəti üçün Qaqauz Yerində hər cür imkan olduğunu, onları gözlədiklərini deyib.

Qaqauz Yerinin bölgələri ilə Azərbaycanın bölgələri arasında arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirən Qaydar bölgəsinin rəhbəri Kiosya İlya Georgiyeviç öz tərəflərindən çalışmaları daha da artıracaqlarını qeyd edib. Görüş zamanı Azərbaycanla bağlı, özəlliklə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş bilgilər verib, fikir mübadiləsi aparılıb.

Millət vəkili Q.Paşayeva eyni zamanda Moldovanın Coltay bölgəsinə də səfər edib və bölgənin rəhbəri Koşulunskiy İlya Stepanoviç ilə görüşüb. Görüşdə Azərbaycan ilə Moldova, o cümlədən Qaqauz Yeri arasında yüksək səviyyədə olmasının məmnuniyyətverici olduğunu deyən Coltay bölgəsinin rəhbəri Koşulunskiy İlya Stepanoviç qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını vurğulayaraq, əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu deyib və öz tərəflərindən çalışmaları daha da artıracaqlarını qeyd edib. Millət vəkili Q.Paşayeva Azərbaycan bölgələri ilə Coltay arasında əməkdaşlığın genişlənməsi ilə bağlı böyük potensial olduğuna dair bölgə rəhbərinin fikirləri ilə razılaşaraq əməkdaşlığın getdikcə genişlənəcəyinə inandığını deyib. Millət vəkili görüşdə ermənilərin törətdiyi vandalizm aktları, Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı haqqında geniş bilgi də verib. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışaraq, deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada ədalətin yanında olan insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımıza dair kitablar, filmlər, materiallar və eyni zamanda Azərbaycan mədəniyyətinə dair materiallar da təqdim edib. Səfər çərçivəsində millət vəkili bölgədəki tarix, arxeoloji, mədəniyyət, xalçaçılıq muzeylərini ziyarət edib, muzeylərə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar təqdim edib, bölgə ilə yaxından tanış olub. Millət vəkili səfər zamanı yerli ictimaiyyət və KİV nümayəndələri ilə də görüşərək onlara Azərbaycan, Qarabağ, Xocalı Soyqırımı barədə geniş məlumatlar və müsahibələr verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm