Rusiyanın baş onkoloqu ATU-nun “fəxri doktoru” oldu
Bizi izləyin

Qırmızı.az

Rusiyanın baş onkoloqu ATU-nun “fəxri doktoru” oldu

Rusiyanın baş onkoloquna Azərbaycan Tibb Universitetinin “fəxri doktoru” adı verilib. Publika.az-ın məlumatına görə, ad bu gün Azərbaycan Tibb Universitetində (ATU) Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, N. N. Bloxin adına Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin direktoru Mixail İvanoviç Davıdovla keçirilən görüş zamanı verilib.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov görüşün əvvəlində Mixail Davıdovun elmi nailiyyətləri haqqında məlumat verib.

“Mixail İvanoviç Davıdov Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin rəhbəri, İ.M.Seçenov adına Rusiya Dövlət Tibb Universitetinin kafedra müdiri, dünya miqyaslı tanınmış mütəxəssisdir. Onun bədxassəli şişlərin cərrahi müalicəsində yeni metodların hazırlanması, əvvəlki metodların təkmilləşdirilməsi üzrə xeyli praktiki işləri var. M. Davıdov elə cərrahi əməliyyatlar həyata keçirir ki, Rusiyada belə əməliyyatları edən ikinci cərrah yoxdur”.

ATU-nun rektoru, Mixail Davıdovun azərbaycanlı mütəxəssislərin yetişdirilməsində də böyük əməyi olduğunu xüsusilə vurğulayıb.

Rusiyanın baş onkoloqu bu yüksək ada layiq görüldüyünə görə ATU-nun rəhbərliyinə minnətdarlığını bildirib. M. Davıdov rəhbərlik etdiyi mərkəzdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin təkcə Rusiyada deyil, MDB məkanında və dünyada məşhur mütəxəssislər olduğunu qeyd edib.

Daha sonra AMEA-nın vitse prezidenti akademik Akif Hacıyev və akademik Böyükkişi Ağayev çıxış edərək M.İ.Davıdovun onkoloq cərrahlar mərkəzinin yaradıcısı olduğunu, həmin mərkəzdə daha dəqiq diaqnoz qoyulması, bədxassəli şişlərin müalicəsinin təkmilləşdirilməsi, eksperimental və praktiki onkologiyanın ən müasir metodlarının tətbiqi məsələlərinin öyrənildiyini qeyd ediblər.

Görüşdən sonra Rusiya nümayəndə heyətinin üzvləri Tibb Universitetinin Tədris-Cərrahiyyə, Tədris-Terapevtik və Stomatoloji klinikalarının fəaliyyəti ilə tanış olublar. Qonaqlar bu müəssisələrdə mövcud şərait, tələbə və rezidentlər üçün yaradılan imkanlardan məmnun qaldıqlarını bildiriblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm