Təhsil nazirindən ən yaxşı müəllim və məktəblərlə bağlı əmr
Bizi izləyin

Qırmızı.az

Təhsil nazirindən ən yaxşı müəllim və məktəblərlə bağlı əmr

Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əmrdə müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar təşkilat komitəsi yaradılması bildirilib.

Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumtəhsil məktəblərini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, biznes qurumlarının diqqətini ümumtəhsil məktəblərinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil məktəbləri bir sıra yüksək göstəricilərə malik olmalıdırlar. Bunlar arasında son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması, eyni zamanda məzunlarının yüksək bal toplaması, müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı kimi şərtlər üstünlük təşkil edir.

Ümumtəhsil məktəblərinə veriləcək mükafatların xərclənməsi istiqamətləri də əvvəlcədən göstərilir.

“Ən yaxşı müəllim” müsabiqənin keçirilməsində başlıca məqsəd isə ölkənin ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etməkdən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər azı beş il pedaqoji iş stajına malik olmalı, ixtisasartırma kurslarından keçməli, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərin iştirakçısı olmalı, təcrübə mübadiləsi məqsədi ilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda iştirak etməli və digər keyfiyyətlərə malik olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm