“Sarı gəlin” kitabı təqdim olundu - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Sarı gəlin” kitabı təqdim olundu - FOTOLAR

Beynəlxalq Mətbuat Mərkəzində (BMM) tanınmış tədqiqatçı alim Minəxanım Təkləlinin “Sarı gəlin” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan xalq mahnıları orijinal şəkildə oxuculara təqdim olunub. Tədbirdə “Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Filologiya elmləri doktoru, Professor Cahangir Məmmədli, Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Azərbaycan mətbuatının nümayəndələri və tədqiqatçılar iştirak ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq xalqımızın tarixini mədəniyyətinin dəyərini ifadə edən Sarı Gəlin kitabının əhəmiyyətindən danışıb: “10-dan çox kitabın müəllifi olan Minəxanım Nuriyevanın kitablarında həmişə türkçülük ön planda olub. Bu kitabda da Azərbaycan türklərinin mədəniyyətinin dərin köklərə söykəndiyini sübut edən türkülər toplanıb. Bəzi mahnılarımız var ki, onlar dəyişdirilmiş formada cəmiyyətə çatdırılır və həmin mahnılar öz tarixiliyini itirir. “Sarı Gəlin” kitabında bu mahnıların hamısı araşdırılaraq düzgün, azərbaycan dilinin sadəliyi qorunaraq təqdim olunur”. Əflatun Amaşov tədbirin təşkili üçün Filologiya elmləri üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevaya, kitabın nəşri üçün isə Qafqaz Universitetinin rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva “Sarı Gəlin” kitabının Azərbaycan Milli Konservatoriyasında tədris ehtiyaclarını ödəyəcəyini qeyd edib: “Minəxanım Nuriyevanın yaradıcılığı ilə yaxından tanışam və kitablarını sevə-sevə oxuyuram. Bu kitabı da digərləri kimi böyük dəyərə sahibdir. Burada türk tarixi coğrafiyasının böyüklüyünü göstərən şeirlərimizin, xalq mahnılarımızın bəndləri, sözləri pozulmayaraq əks olunub. Kitab tədris işlərində geniş istifadə olunaraq hələ uzun illər yaşayacaq”.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç çıxışında qeyd edib ki, Qafqaz Araşdırmaları İnstitutu Qafqaz Universitetinin daxilində 8 ildir ki fəaliyyət göstərir. İnstitutun məqsədi Azərbaycan mədəniyyətinin tarixini ən doğru şəkildə yazmaqdır. Bu günədək bu institut tərəfində 20 kitab hazırlanıb nəşr olunub. Filologiya elmləri üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevanın və Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirakı tədbirə dəyər qatır, hər iki şəxsə bu fəaliyyətin ictimaiyyətə çatdırılmasında olan əməyinə görə təşəkkür edirəm. Professor Minəxanım Nuriyevaya da kitabın ərsəyə gəlməsində çəkmiş olduğu zəhmətə görə təşəkkür edirəm.

“Səs” Media qrupun rəhbəri Bəhruz Quliyev çıxışında milli-mənəvi dəyərlərimizin daim yaşaması üçün hər bir ziyalının öz fəaliyyətində bu dəyərlərə sahib çıxmasının, qorumasının vətən borcu olduğunu vurğulayıb.

Filologiya elmləri doktoru Minəxanım Təkləli açıqlamasında bildirib ki, bu araşdırmalar uzun illər arxiv çalışmalarının nəticəsidir: ”Ömrümün yarıdan çoxunu bu tədqiqatlara sərf etmişəm. Tək arxivlərdə deyil, neçə-neçə qapılar döyüb, bu araşdırmaları aparmışam. Hər zaman müğənnilərin, bəzi xalq mahnısı ifaçılarının milli nəğmələrimizi təhrif etməsi məni narahat edib. Bu səbəbdən də, həmin mahnıların ilkin formalarını toplayıb Sarı gəlin adı ilə nəşr etdik ”. Minəxanım Təkləli həmçinin vurğulayıb ki, “Sarı gəlin”in işıq üzü görməsinin əsas səbəbkarı hazırda professoru olduğu universitet olub: “Uzun illərdir Qafqaz Universitetində çalışıram. Buradakı Qafqaz araşdırmaları İnstitutu mənim bir sıra kitablarımı çap edib. Bu kitab da məhz bu qurumun məhsuludur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm