• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Əli İnsanovun azadlığa buraxılacağı xəbərinə aydınlıq gəldi

Əli İnsanovun azadlığa buraxılacağı xəbərinə aydınlıq gəldi

Ötən gün Azərbaycanın bəzi KİV-lərində keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılacağı və bununla bağlı İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunda müzakirələrin olduğu barədə yayılan məlumatlara aydınlıq gətirilib.

İşçi Qrupunun üzvü Sahib Məmmədov Trend-ə deyib ki, Əli İnsanovun azadlığa buraxılacağı ilə bağlı yayılan məlumatlar əsassızdır: “İşçi Qrupunda hamının məsələsi müzakirə oluna bilər, amma bununla bağlı tövsiyə verilib-verilməməsi məsələsi var. Əli İnsanov barəsində heç bir qərar qəbul etmək mümkün deyil. O nə vaxtından əvvəl şərti azad olunmaq üçün məhkəməyə şikayət verir, nə də əfv üçün müraciət edir. Bu hüquqi prosedurlardan ən azı biri olmalıdır ki, Əli İnsanovun məsələsinə baxılsın. Olmadığı halda, onunla bağlı hökumət nə qərar qəbul edə bilər ki?”

İşçi Qrupunun ötən gün keçirilən növbəti iclasına toxunan S.Məmmədov bildirib ki, iclasda həmsədrlər Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Milli Məclisin üzvü Səməd Seyidov, o cümlədən Avropa Şurasının baş katibinin nümayəndəsi Aleksandr Gessel və İşçi Qrupunun üzvləri iştirak ediblər.

Onun sözlərinə görə, iclasda İşçi Qrupunun fəaliyyətini tənzimləyən reqlamenti qəbul olunub və yeni təkliflər əsasında təkrar işləniləcək.

S.Məmmədov əlavə edib ki, İşçi Qrupuna iki yeni üzv qəbul olunub: “Yeni üzvlərdən biri Daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev, digəri isə hüquq müdafiəçisi Əvəz Həsənovdur. İclasda verilən vəsatətlər, müraciətlər əsasında, İşçi Qrupunun üzvlərinin təklifləri əsasında insan hüquqları ilə bağlı bir sıra məsələlər, o cümlədən bəzi məhkumlar və istintaq altında olan bəzi təqsirləndirilən şəxslərlə bağlı müzakirələr aparıldı və müvafiq tövsiyələr hazırlandı. Bilirsiniz ki, İşçi Qrupu qərar qəbul edən orqan deyil, heç bir dövlət qrumunu əvəz etmir, yalnız tövsiyələr verir. Verilən tövsiyələrin yerinə yetirilməsi isə dövlət qurumlarının səlahiyyətindədir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR