• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

10 fevral: Vətənimizin ikiyə bölündüyü gün

10 fevral: Vətənimizin ikiyə bölündüyü gün

Ana Vətən Partiyası Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Türkmənçay müqaviləsinin 186-cı ildönümü münasibətilə anım elmi konfransı keçirmişdir.

Konfransı giriş sözü ilə açan Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı 1828-ci il fevral ayının 10-da imzalanan Türkmənçay müqaviləsinin acı nəticələrindən danışaraq bu prosesin bu gün də davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. “19-cu əsrin əvvəllərində gedən Rus-Qacar müharibəsi əslində Rusiya-İran deyil, Rusiya ilə Azərbaycan arasında gedən müharibə idi. Ermənistan Azərbaycan müharibəsi indi də Rusiyanın himayədarlığı ilə davam edir. Savaş onda bitəcək ki, biz bütövlükdə Güneyli Quzeyli bütöv bir Azərbaycan yaradacağıq!”

Tarix elmləri doktoru, professor Tofiq Mustafazadə 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinə gedən yolun 100 ildən artıq davam etdiyini dedi. “Faktiki olaraq Rusiyanın Qafqaza gəlişi I Pyotrun dövrünə təsadüf edir. Lakin o zaman ruslar Qafqazda möhkəmlənə bilmədilər və həmin dövrdən Rusiyanın xarici siyasətində Qafqazın işğalı prioritet istiqamət təşkil etdi ki, bunu da onun varisləri həyata keçirdilər.”

BDU-nun Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Abdullayev Cənubi Qafqazın Rusiya tərəfindən işğalının əsas səbəbinin ilk öncə bölgədə yaranmış vəziyyətlə əlaqələndirdi: “Osmanlı imperiyasının zəifləməsi, Qacarların ancaq cənubda möhkəmlənməsi, şimalda isə ayrı-ayrı xanlıqların mənəmliyi və vahid dövlətin yoxluğu hərbi cəhətdən güclü olan Rusiyanın Cənubi Qafqazı işğal etməsini vaxt məsələsinə çevrilmişdi. Nəhayət, Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətinin yaradılması Türkmənçay müqaviləsinin acı nəticələrindəndir.”

Azərbaycan Milli Elmlər Akademiyası tarix institunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli çıxış edərək Azərbaycanın tarixi şəxsiyyətlərinin sosial şəbəkələrdə aşağılandığını pislədi və gənclərdən tarixi faktların və araşdırmaların dəqiq öyrənməklərinin vacibliyi vurğuladı. O, Azərbaycan tarixilə bağlı xaricdə nəşr olunan əsərlərin xüsusi rəydən keçdikdən sonra Azərbaycanda nəşr olunmalı və yayılmalı olduğunu diqqətə çatdırdı.

Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə, sosialogiya və hüquq institutunun böyük elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərov Sovet tarixişünaslığında qeyd olunduğu kimi Azərbaycan xalqının kölə deyil, daim öz azadlığı uğrunda mübarizə apardığını və Türkmənçay müqaviləsinə qədər Azərbaycan xalqının dövlətçilik ənənələrinin mövcudluğunu konkret faktlarla önə çəkdi.

Ana Vətən Partiyası sədrinin müşaviri Qalib Əhmədov Azərbaycan torpaqlarının bölünməsində erməni amilinin unudulmamasını vacib saydı. Ermənilərin türk torpaqlarının işğalında daim ruslara bələdçilik etdiyini və Azərbaycanın parçalanmasında xüsusi xidmətlərinin olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı və bu tarixin Vətən Günü kimi qeyd edilməsini təklif etdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR