“Qızıma sataşdığı üçün bacım oğlunu öldürdüm” - Bir cinayətin iziylə
Bizi izləyin

Qırmızı.az

“Qızıma sataşdığı üçün bacım oğlunu öldürdüm” - Bir cinayətin iziylə

Cəlilabad rayon sakini, 1967-ci il təvəllüdlü Natiq Əmirov qisas məqsədi ilə bacısı oğlunu qətlə yetirib. Onun ov tüfəngindən açdığı iki atəş 1986-cı il təvəllüdlü Rəşad Feyzullayevin həyatına son qoyub.

Belə ki Natiq Əmirov evinə gələrkən yetkinlik yaşına çatmayan qızı Fatmanın ağladığını görüb. Ata qızından ağlamasının səbəbini soruşub. Fatma evdə tək qaldığı zaman bibisi oğlu Rəşadın pəncərədən evə girərək onun belini qucaqladığını və bibisi oğlunun əlindən zorla çıxaraq qonşuları köməyə çağırdığını bildirib. Bunu eşitdikdən sonra evdən çıxan Natiq Əmirov bacısı oğlu Rəşadı taparaq evinə gətirib. O, bacısı oğlunu evdə döyüb, daha sonra ov tüfəngi ilə onu öldürüb.

Publika.az-ın məlumatına görə, Natiq Əmirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Natiq Əmirov ona elan edilən ittihamla özünü qismən təqsirli bilib:

"Hadisədən bir gün əvvəl bacımgilə qonaq getmişdim. Orada Rəşad xahiş etdi ki, bizim bağdan heyva yığıb Lənkəranda satsın. Mən də etiraz etmədim. Səhəri gün yonca sahəsini suvarırdım. Həyat yoldaşım Yeganə isə kənddə yaşayan bacısı Dilarənin pambıq sahəsində pambıq yığmağa kömək edirdi. Sahədən qayıtdıqda Rəşadın həyətdə heyva yığdığını gördüm. Yemək yedikdən sonra təkrar sahəyə qayıtdım. Axşam evə gələndə isə qızım Fatmanın həyətdə ağladığını gördüm və ondan nə baş verdiyini soruşdum. Qızım bildirdi ki, Rəşad onun belindən qucaqlayıb və ona qarşı nalayiq hərəkət etmək istəyib. Qızım qapını bağlayıb içəri girsə də, bacım oğlu pəncərədən evə girib və qızımı qucaqlayıb. Rəşad qızımın qonşuları köməyə çağırdığını gördükdə isə evdən qaçıb".

"Bacım oğlunu qızıma sataşdığı üçün döydüm"

Təqsirləndirilən şəxsin sözlərinə görə, qızının dediklərindən sonra bir söz deməyib və bacısıgilə gedərək Rəşadı axtarıb: "Rəşadı taparaq həyətimə gətirdim. Bacım oğlunu qızıma sataşdığı üçün döydüm. Rəşad qızıma heç nə etmədiyini deyərək and içsə də, ona inanmadım. Sonra onu həyətə çıxardım. Məndən təxminən 10 metr uzaqlaşdıqdan sonra ov tüfəngindən nişan aldım. Onu qarnından vurdum. Rəşad dizi üstə çökərək sağ çiyni üstə yerə yıxıldı. İkinci gülləni sol çiynindən vurdum. Bu zaman qonşum Hüseynqulu gələrək mənə mane oldu. Sonra polisə təslim olmaq üçün birbaşa kəndin icra nümayəndəsinin evinə getdim. Tüfəngi icra nümayəndəsinə verərək bacım oğlu Rəşadı öldürdüyümü və polisləri çağırmasını xahiş etdim".

"Natiqin evinə gedəndə darvazanın qarşısında Rəşadın meyitini gördüm"

Atası Yədulla Feyzullayev oğlu Rəşadın hadisədən bir il əvvəl hərbi xidmətdən qayıtdığını bildirib: "Hadisə günü həyat yoldaşım Qənirə pambıq sahəsində işləyirdi. Oğlum Rahil heyvanları otarmaq üçün çölə aparmışdı, Rəşad isə evdə yatmışdı. Saat 11 radələrində Rəşad evdən çıxaraq harasa getdi və axşam geri qayıtdı. Bir qədər sonra yoldaşları ilə görüşəcəyini bildirərək yenidən evdən çıxdı. Sonradan qaynım Natiq gələrək Rəşadın harada olduğunu soruşdu. Onun hara getdiyini bilmədiyimi dedim. Qaynım heç nə demədən getdi. Bir müddət sonra məhəllədən güllə səsləri eşitdim. Küçəyə çıxdıqda camaatın qaynım Natiqin evinə tərəf getdiyini gördüm. Natiqin evinə gedəndə darvazanın qarşısında Rəşadın meyitini gördüm".

"Rəşad içəri girərək məni qucaqlamağa cəhd etdi"

Hadisənin əsas iştirakçısı Fatma Əmirova hadisə günü həmişəki qaydada ev işləri ilə məşğul olduğunu bildirib: "Həmin gün anam pambıq yığmağa, atam və qardaşım isə çöldə işləməyə getmişdilər. Saat 10 radələrində bibim oğlu Rəşad gələrək heyva yığacağını bildirdi və bağa getdi. Sonra atam və qardaşım evə qayıdaraq çörək yedilər və yenidən işləməyə getdilər. Saat 12 radələrində qardaşım getdikdən sonra Rəşad qapını döyərək kağız və qələm istədi. Mən ona qələm verdim və kağız gətirmək üçün otağa getdim. Bu zaman Rəşad içəri girərək məni qucaqlamağa cəhd etdi. Mən Rəşadın əlindən birtəhər çıxdım və həyətə qaçaraq qışqırmağa başladım. Səsimə həyətə gələn qonşular Arzu, Adil, Məhərrəm, Yavərə Rəşadın hərəkətləri barədə bildirdim. Atam evə gələndə bu hadisəni ona danışdım. Bir müddət sonra atamın Rəşadı evə gətirdiyini və həyət qapısının ağzında onunla ucadan danışdığını gördüm. Sonra iki dəfə atəş səsi eşitdim".

İşin bütün hallarını araşdıran məhkəmə Natiq Əmirovun törətdiyi cinayəti tam sübuta yetirilmiş sayılıb. Məhkəmə cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. Məhkəmənin hökmü ilə Natiq Əmirov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm