Formal həkim rəyləri – sürücülərin tibbi yoxlanışları necə həyata keçirilir?
Bizi izləyin

Qırmızı.az

Formal həkim rəyləri – sürücülərin tibbi yoxlanışları necə həyata keçirilir?

Son günlər paytaxtın ictimai nəqliyyatında qəzaların sayının artması bu sahədə müəyyən problemlərin mövcudluğundan xəbər verir. Şübhəsiz ki, çatışmazlıqlardan biri də səhhətində problemlər olan bəzi sürücülərin xəttə çıxmaları, bəzi marşrut xətlərində tibbi yoxlanış prosesinin formal xarakter daşımasıdır. Nazirlər Kabinetinin qərarına əsasən, ictimai nəqliyyat sürücüləri reysöncəsi tibbi müayinədən keçirilməlidir. Sürücülərin yoxlanması müəyyən səyyar məntəqələrdə reallaşmalıdır. Qərarda bilridilir ki, bu cür yoxlanış məntəqələri elə qarajda olmalıdır. Marşrut sürücülərinin səhhəti maşınlar qarajdan çıxarmadan yoxlanılmalıdır.

Təəssüf ki, bir sıra hallarda bu, formal xarakter daşıyır. Belə ki, sürücülər ad və soyadlarını yazılmış hazır arayış formalarını imzalayırlar. Araşdırmalarımız zamanı məlum oldu ki, səhiyyə nazirinin 2011-ci ilin mayında imzaladığı əmrə əsasən sürücülərin tibbi müayinəsinin ərazi poliklinikaları (poliklinika şöbələri) tərəfindən həyata keçirilməsinə başlanılıb. Müayinələri keçirən tibb müəssisələri Səhiyyə Nazirliyinin xüsusi forma-blanklarıyla təmin olunurlar. Artıq 3 ildir ki, Bakı şəhər Sürücülərin Tibbi Müayinə Mərkəzi Bakı Şəhər Təsərrüfat Hesablı Poliklinikasına çevrilib.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov Publika.az-a bildirib ki, marşrut avtobuslarının sürücüləri hər gün səhər tibbi yoxlanışdan keçirlər: “Sürücülər hər gün səhər tibbi yoxlanışdan keçirlər. Onların işə qəbulu şirkətlər tərəfindən həyata keçirilir. Amma hər biri tibbi müayinədən keçmək şərtilə. İşə götürülənlər tibb yoxlanışdan keçmələri ilə bağlı müxtəlif müddətli arayışlar təqdim edirlər”.

Əmrah Cəfərovun sözlərinə görə, sürücülərin tibbi yoxlanışı onların xəttə çıxdıqları yerlərdə həyata keçirilir. Bu prosedur səhər tezdən, xəttə çıxış zamanı reallaşır: “Sürücülər harada xəttə çıxırlarsa, onların tibbi yoxlanışı da orda olur. Bu yoxlanışlar yüngül olur - içkilidirmi, qan təzyiqləri varmı və s. Əgər sürücünün daxili orqanlarında hər hansı xəstəliyi varsa, bununla bağlı sürücü özü bildirdikdə Dəmiryol Xəstəxanasına gedib qeydiyyatdan keçir. Səhərlər isə qan təzyiqlərinin olub-olmaması, spirtli içki qəbul edib-etməmələri yoxlanılır”.

Əmrah Cəfərov qarajları olmayan sürücülərin qeydiyyata alındıqları yerdə tibbi yoxlanışdan keçdiklərini dedi.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bu prosesin vacib olduğunu, lakin formal xarakter daşıdığını diqqətə çatdırıb: “Təəssüf ki, sürücülərin tibb yoxlanışında formallıq çoxdur. Bu, bəzən formal xarakter daşıyır, korporativ maraqlara xidmət edir, ümumi milli mənafeyə yox. Bu prosedur çox vacibdir. Amma gəlin görək həmin prosedur nə dərəcədə düzgün həyata keçirilir. Sürücünün psixi, sağlamlıq durumu, alkoqol qəbulu, onun zərərli vərdişlərinin olub-olmaması. Çünki ictimai nəqliyyatda çalışan sürücülər insan taleyinə cavabdehlik daşıyırlar. Çox vaxt arayışlar formal, yalandan verilir, konkret təmənnalar fonunda. Bu isə ümumi işin ziyanınadır. Sürücülərin xeyli sayda qəzalar törətməsi, problemlərin mövcudluğu sübut edir ki, tibb yoxlanışlar çox vaxt formal xarakter daşıyır”.

Adil Qeybullanın sözlərinə görə, sürücülərə tibbi yoxlanışı təsdiq edən sənədlərin verilməsi də bəzi hallarda maraqlara söykənir: “Bununla bağlı xüsusi sistem olmalıdır. Ən azından sürücü səhər işə gələndə müəyyən yoxlanışlardan keçib xəttə buraxılmalıdır. Amma təəssüf ki, belə deyil. Sürücülərin işə qəbulu proseduru ciddi həyata keçirilməlidir. Bu, onun intellektual yoxlaması anlamına gəlmir. Sürücülərin yol hərəkəti qaydalarını bilməsi, psixoloji, emosional durumu, zərərli vərdişlərinin olub-olmaması yoxlanılmalıdır. Çünki sürücülər daha çox dözümlü, zərərli vərdişləri olmayan, kifayət qədər məsuliyyətli şəxslər olmalıdırlar. İctimai nəqliyyatda sürücülük vəsiqəsi məsul şəxslərə verilməlidir. Bu prosedurlar bir neçə mütəxəssisin rəyi əsasında həyata keçirilməlidir”.

Tibb elmləri doktoru hər gün verilən arayışların formal xarakterli olmasına diqqət çəkdi: “O ki qaldı, sürücülərin səhərlər hansı durumda olmaları məsələsinə, düzdür, indi bunu yoxlayırlar, amma bəzi arayışlar formaldır”.

Məsələylə bağlı sürücülərin də mövqeyini öyrəndik. 132 saylı marşrut avtobusunun sürücüsü bildirdi ki, onlar hər səhər tibbi yoxlanışdan keçirlər: “Bizim qarajımız Zığ qəsəbəsində, körpünün yaxınlığında yerləşir. Tibbi yoxlanışımız da orda keçirilir. Həkim hər gün səhər ora gəlir”.

Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov ilk öncə sürücülərin işə qəbulu zamanı həyata keçirilən tibbi yoxlanışın formal xarakterli olduğunu önə çəkib: “Avtobuslarda gedərkən cəmi beş dəqiqə sürücülərin əksəriyyətinin gigiyena qaydalarına necə riayət etmələrini müşahidə edin. Görün, bu qaydalara əməl olunması nə vəziyyətdədir. Özünüz də şahidi olacaqsınız ki, sağlamlıqdan söhbət gedə bilməz. Təbii ki, işə qəbul prosesində də problemlər mövcuddur. Heç bəzən işə götürülən şəxsdən sürücülük vəsiqəsinin olub-olmadığını soruşmurlar. Sadəcə olaraq “maşını idarə edə bilirsənmi? Hə, onda otur maşına, filan qədər plan gətir” – deyib xəttə çıxarırlar. Bu insanları başqa şey maraqlandırmır”.

Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri sürücülərin tibbi yoxlanışdan keçmə prosesində bir sıra çatışmazlıqların həllinin çatdığını bildirib: “Bu, indiki dövrün problem deyil, illərlə yığılıb qalmış məsələdir. Aidiyyəti qurumlar bu problemin həllini öz üzərlərinə götürüblər. Lakin sonda kommersiya xarakterli maraqlarını ortaya qoyur, yaxud məsələnin həllini sahibkarların üzərinə qoyurlar. Bu, çox böyük problemdir. Sovet dövründə həmin məsələ həllini tapmışdı. Biz qeyri-hökumət təşkilatı olaraq müəyyən dövrdə bu məsələnin həlli ilə məşğul olduq. Sadəcə olaraq, bəzi qurumlar bu məsələnin həllində müəyyən irəliləyişlərin olduğunu görüb, həmin uğurlara kommersiya maraqları baxımından yanaşdılar”.

Lakin bütün bunlara baxmayaraq, həmin problemin həlli mümkündür. Nəqliyyat üzrə ekspert bildirdi ki, sürücülərin tibbi yoxlanışı sərnişinlərin təhlükəsizliyi baxımından maraqlıdır: ”Sürücülərin tibbi yoxlanışdan keçmələri hər bir təşkilatı maraqlandırır. Bir çox strukturlar bu prosesin onlara həvalə olunmasını istəyirlər. Hal-hazırda həmin iş Nəqliyyat Nazirliyinə həvalə olunub. Nəqliyyat Nazirliyinin sahibkarlarla bu işi aparıb-aparmadıqlarını deyə bilmərəm. Hesab edirəm belə halların aradan qaldırılması istiqamətində mütləq iş görülməlidir. Sürücülərin tibbi yoxlanışı bərbad vəziyyətdədir. Demək olar ki, formal xarakter daşıyır. Onlara hansısa pilkalar paylanılır, yəni sadəcə olaraq satılır. Bu pilkalar guya sürücülərin tibbi müayinədən keçdiklərini göstərir. Amma konkret olaraq bilmirlər ki, bu pul kimə, niyə verilir. Onlara da tapşırılır ki, soruşsalar deyin ki, tibbi müayinədən keçmisiniz. Ancaq biz bu formal proseslə özümüz özümüzü aldadır, özümüzə ziyan vururuq”.

Maraqlıdır, vəziyyətdən çıxış yolu nədədir? Məzahir Rüstəmovun sözlərinə görə, sadəcə qanuna riayət etmək lazımdır: “Bizim çox gözəl qanunlarımız var, qanun alidir, ona riayət etmək lazımdır. “Nəqliyyat haqqında” qanunun tələblərinə riayət etmək lazımdır. “Avtomobil nəqliyyatı haqqında” qanunda işə qəbul çox şəffaf formada göstərilib. Müqavilələrin imzalanması, tərəflərin öhdəlikləri açıq-aydın əks olunub. Zənnimcə, sahibkarlar testdən keçirilməlidir. Onlar bu sahədə xidmət edəcəkləri biliyə malik olub-olmadıqlarını bizə sübut etməlidirlər. Araşdırılmalıdır ki, onların bu sahədə biliyi var, yoxsa yox. Təbii ki, onların pulu var. Pulsuz heç kim xəttə çıxa, avtobus ala bilməz. Amma biz onun bu xidmət sahəsi üzrə biliyinin olub-olmamasını yoxlamalıyıq. Sahibkarlar “Avtomobil nəqliyyatı haqqında” qanunu bilməlidirlər. Əgər bununla bağlı bilikləri yoxdursa, biz onlara kurslara getməyi, biliklənməyi, hüquqi cəhətdən maariflənməyi məcbur etməliyik. Sahibkarların əz azı “Avtomobil nəqliyyatı haqqında” qanunun müddəalarından xəbərləri olmalıdır. Sovet dövründə qaraj sistemi vardı. Bu sistem heç indi də tam formalaşmayıb. Qaraj sistemi sonuncu dayanacaqlar hesabınadır. Elə yerlər var, avtobusların qarajları ancaq son dayanacaqlardır. Bəziləri avtobusları axşamlar öz həyətlərinə aparır. Marşrut avtobuslarının əksəriyyətinin qarajları yoxdur. Buna görə də tibbi yoxlanışın qaraj sisteminin üstünə atılması tibbi xətadır. Həmin məsələnin həllinə sahibkarlardan başlamaq lazımdır. Monitorinq aparılmalıdır ki, xətdə işləyən sahibkarın qaraj sistemi varmı? Tibbi yoxlanış marşrut avtobuslarının xəttə çıxdıqları yerdə həyata keçirilməlidir? Sahibkarlar zəhmət çəkib, heç olmasa, səyyar tibb məntəqələri təşkil etməlidir. Sahibkarlar hansısa tibbi şirkətlə müqavilə bağlayıb bu prosesi onların vasitəsilə də həyata keçirə bilərlər. Bu prosesi qeyri-hökumət təşkilatlarına da həvalə etmək olar. Qeyri-hökumət təşkilatları tibbi yoxlanış prosesini sahibkarlarla müqavilə bağlayıb münasib qiymətlərlə həyata keçirə bilər”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm