• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Erməni qızın şok Sumqayıt etirafları - EKSKLÜZİV

Erməni qızın şok Sumqayıt etirafları - EKSKLÜZİV

Onu tapmaq çətin olmadı mənə. Uşaqlıq dostlarımdan birinin köməyi ilə hazırda yaşadığı mənzilin qəflətən qapısını döydüm. Uşaq vaxtı bircə dəfə rastlaşsaq da, xatırladım - uzaqdan əvvəl yaşadıqları evə baxıb ağlayan görmüşdülər onu. Mənim səkkiz yaşım var idi onda. Qonşu qadınlar da ona qoşulub ağlamışdılar. Sonra bir daha görünməmişdi.

Əvvəlki gözəlliyindən nişanə ancaq gözləri qalmışdı. İri və kədərli, qapqara, uzun kirpikli gözləri...

Azərbaycanca o qədər səlis və səhvsiz danışırdı ki, onun erməni qızı olduğunu tanımayan heç kim kəsdirə bilməzdi. Gəlişimizin səbəbini biləndən sonra üzümə baxıb zorla gülümsədi. Hər şeyi əvvəldən axıra qədər danışacağını dedi. Amma iki şərtlə: ona sual verməyəcəkdim, bir də şəklini çəkməyəcəkdim. İlk dəfə hər şeyi olduğu kimi danışacaqdı.

Və danışdı...

Lauranın danışdıqlarına heç nə əlavə etmədən, heç nəyi dəyişmədən təqdim edirəm:

- İmkanlı və təhsilli ailənin övladı olmuşam. Atam da, anam da erməni idi. Məlum hadisələr başlayanadək çox yaxşı həyat sürürdük. Sumqayıtda, ermənilərin sıx yaşadığı mikrorayonda qalırdıq. 1988-ci ildə mənim 12 yaşım var idi. Sumqayıt hadisələrindən iki həftə əvvəl baş verəcəklər haqda məlumatımız var idi. Hadisədən bir az əvvəl artıq hamı hazırlıq görürdü. İmkanlı ailələr pullarını xaricdəki qohumlarına ötürmüşdülər.

Ara sakitləşənə qədər gizlənmək üçün xaricə qaçmaq imkanları bizdən daha yüksək olan qohumlarımızın evinə yerləşdik. O dəhşətli gecədə evin də təhlükəli olduğunu nəzərə alıb “ESKA“ deyilən kluba sığınmalı olduq. Qardaşım məndən üç yaş balaca idi. Atam birtəhər imkan tapıb bizə əyin-baş gətirmək üçün evə getdi. Elə həmin vaxt evimizi qonşu Artur dayının oğlu soyurmuş. Özünü itirən oğlan atamın evə girdiyini görüb onun başına güldanı vuraraq qətlə yetirmişdi. Biz isə klubda - bütün bunlardan xəbərsiz onu gözləyirdik.

Anam qardaşımı tək qoymamaq üçün klubdan çıxa bilmirdi. Mən atamı axtarmağa başladım. Bizim mikrorayonda yaşayan Rozanın oğlu Vitya məktəbin yanında qarşıma çıxdı. Qorxudan ona qısılmışdım. Atamın işlədiyi təcili yardım xəstəxanasında olduğunu dedi. Məni ora apardı. Şəhərdə tanklar gəzirdi. Hər tərəf milislərlə dolu idi. Vitya məni yarıyolda “villis” maşınına oturtdu . Məni “villis”lə xəstəxananın həyətinə gətirdilər. Bir milis maşından düşüb getdi. Vitya mənim əllərimi bağladı. Başqa bir milis isə ayaqlarıma bağladığı ipi maşının qapısının bağlı dəstəyinə keçirdi. Mən qışqırırdım, bağırırdım. Ancaq məni heç kim eşitmirdi...

Onlar əvvəlcə mübahisə etdilər. Sonra öz aralarında razılığa gəldilər. Əvvəlcə Vitya, sonra həmin cavan milis məni zorladı. Sonra əl-qolumu açıb məni maşınla klubun həyətinə gətirdilər. Qapını açıb məni yerə tulladılar. Maşın sürətlə uzaqlaşdı. Paltarlarım cırıq və qanlı idi. İki kişinin köməyi ilə anamın yanına gəlib çıxa bildim. Huşsuz vəziyyətdə bir neçə gün klubda qaldım.

Yerli camaat gizlincə bizə yemək daşıyırdı. Gözlərimi açanda xəbər tutdum ki, artıq atam dünyada yoxdur. Anam isə ağlamaqdan məhv olmuşdu. Xaricə göndərdiyimiz pullarımızın kimdə olduğunu anam bilmirdi. Mən isə heç kimi görmək istəmirdim.. Anam və qardaşım məni axtarmağa macal tapmamış birtəhər başımı götürüb rəfiqəmgilə qaçdım. Anamla qardaşımın Ermənistana göndərildiyini eşitdim. Mən isə bir müddət rəfiqəmgildə yaşadım.

Gizlənmək, başqasının evində sıxıntı içində yaşamaq məni zara gətirmişdi. Rəfiqəmin xalasına qoşulub Daşkəndə alver etməyə - ona köməyə getdim. Mənə saxta sənəd düzəltdilər. On dörd yaşım olmuşdu. Rəfiqəmin xalası orda məni varlı bir kişiyə ərə verəcəyini dedi. Mən də razılaşdım. Sonradan bildim ki, rəfiqəmin xalası məni Bakıda bir otaqlı evə dəyişib.

Məni pulla alan adam bir müddət öz yanında saxladı. Həmin müddətdə o, və dostları tərəfindən hər cür cinsi amansızlıq gördüm. Həmin müddətin nə qədər çəkdiyini də bilmirəm. Çünki o qədər vaxtda bir dəfə də olsun, otaqdan bayıra buraxılmadım. Sonra həmin kişi məni özü ilə Mahaçqalaya gətirdi. Bir müddət burda başqa qızların da olduğu bir evdə saxlanıldım. O evdə mən olmazın zülmlər çəkdim. Hər gün 4-5 kişi ilə yatmağa məcbur edilirdim...

Bir dəfə bıçaqlandım, ev şəraitində yaram tikildi. Yataqdan tez qalxıb müştərilərə xidmət göstərməyim üçün yarama hər gün şərbət tökürdülər ki, tez sağalım. Yarama infeksiya düşdü. Sağalmağımın qeyri-mümkünlüyünü görüb məni dağlıq kəndə göndərdilər. Burda demək olar ki, nə vaxt öləcəyimi gözləyirdim.

Bir gün orda azərbaycanlı ailənin yaşadığını eşitdim. Bir yolunu tapıb onlara xəbər çatdırdım. Bakıya xəbər verildi. Min bir müsibətlə Bakıya gətirildim.

Başıma gətirilənlərə görə məni zorlayan alçağı günahkar hesab edirəm. Sonralar eşitdim ki, Rusiyada həbs olunub, elə orada da öldürülüb. Hərdən mənə elə gəlir ki, elə indicə, dünyanın harasındasa bir erməni kiçik bir qızı zorlayır. İçimdəki kin çox böyükdür. Gələcəkdən gözlədiyim ən böyük xoşbəxtlik yalnız və yalnız ailə qurmaq olardı. Uşağım olmasını çox istəyirəm. Lakin o uşağın mənim ata-anamın erməni olduğunu bilməsini əsla istəməzdim.

Milliyyətimdən təkcə başıma gələnlərə görə yox, bütün azərbaycanlılara edilənlərə görə də utanıram. İnanın ki, səmimi deyirəm. Həyatda kiminsə tam xoşbəxt olduğuna inanmıram. İnsanlar tanıyıram ki, gecələri ağlayıb yastığın bir üzünü su edib o biri üzünə çevirib yatırlar. Amma səhərlər özlərini insan içində dünyanın xoşbəxti kimi aparırdılar...

Həyat çox amansızdır: hamının dərdi var. Heç kimi xoşbəxt hesab eləmədiyim üçün heç kimə həsəd aparmıram.

Günay Muradlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR