• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bir az da SOS üçün yazaq…

Bir az da SOS üçün yazaq…

- Çox qızlar inanıb yer üzündə Allahın daha bir evinin kandarından içəri adlayıb ömrünü haqqa, dinə, ibadətə, daha nə bilim, ilahi eşqə-filana həsr eləmək şansı qazandığına. Eləcə də oğlanlar. Hamısı da bir-birindən gənc, bir-birindən ağıllı, bir-birindən savadlı…

Adam dəhşətə gəlir bu gəncləri görəndə. Nə vadar edir onları Bakını hörümçək toru kimi sarıb boğan sektalara, dini mərkəzlərə can atmağa, anlaya bilmirəm?!

Belə baxsan, araşdırsan, əksəriyyəti intellektual səviyyəsi cəmiyyətin ümumi səviyyəsindən daha üstün olan ailələrdən çıxıblar, amma bu ailələri də gedib axtarsan, içini qurdalasan, hər birində xaos görəcəksən.

Bu adamlar anlamaq istəmirlər ki, insan özü-özünü tanıyıb özü-özünü sevməyincə, özü-özünə hörmət etməyincə nə din, nə də dinsizlik qurtara bilməyəcək onun ruhunu; ürəyi can atdığı hər yerdə, hər fəaliyyətin içində narahat qalacaq, məmnunluq tapmayacaq.

Və narahat olduqları üçün də ən adi məişət davalarından tutub ən böyük dövlət çevrilişlərinə cəhdlərə qədər xərcləyəcəklər enerjilərini. Hamısı da bihudə və puç, illüzor və şeytani.

Başları qarışınca da, özlərini hər dəqiqə aldadacaqlar hər gün vacib nə iləsə məşğul olduqlarına, alqışlayacaqlar özləri kimi olanları və ittiham eləyəcəklər özləri kimi olmayanları, halbuki alqışladıqları da, ittiham elədikləri də aldanış içərisində çabalayır sadəcə.

Beləcə ömür keçəcək, beləcə ailə sıxacaq, beləcə ailədən kənarda sevgi və şəfqət axtarışları başlayacaq, beləcə də uşaqlar qalacaq diqqətsiz. Diqqətsiz qalmışınsa diqqətini çəkməyə həmən hazır olan nələr və daha nələr var bilsən! Narkotik dünyası, seks və porno aləmi, cinayət və azart cazibəsi alacaq aparacaq onları analarının, atalarının daima siyasətə, pula, şöhrətə, dinə açıldığından boş qalmış qucaqlarından.

Və bir gün də mütləq bir sektaya ilişəcək bu uşaqlar; orda yalançı ruhani missionerlər oynadacaq onları marionetka kimi, zombiyə çevirəcək, milliyyətini, mədəniyyətini, tarixini, ədəbiyyatını, yazı dilini, danışıq tərzini unutduracaq, bu uşaqların nə nağılı olacaq öz gələcək körpələrinə danışmağa, nə laylası; onlar dini mərsiyələr və nəğmələrlə nəfəs alacaqlar çünki, ruhani kitablar oxuyacaqlar çünki, peyğəmbərlərin, tanrıçaların, övliyaların həyat və yaradıcılığını əzbərləyəcəklər çünki…

İndi bizim – sənin, mənim, daha hansısa bizim nəslə aid olan insanların yaxınlarının evlərində hələ az da olsa sivil və real dünyanın atributları var, hələ kimlərsə tarix öyrənir və yazır, kimlərsə incəsənət və mədəniyyət nədir deyə anlayır, kimlərsə bədii ədəbiyyat yaradır və axtarır, kimlərsə elmin, biliyin gərəkliyini dərk eləyir; amma vaxt olacaq, silinəcək bütün bunlar da!

Sən öz yaxınlarını çəkib sektant edəcəksən, mən öz yaxınlarımı, bir başqası özününküləri…kimi vedalara sığınacaq, hindlilərə köklənəcək, kimi ərəblərə, əfqanlara, kimi daha kimlərə və nələrə…

Axtarsan, bu ölkədə adamyeyənlər kultu da tapacaqsan mütləq. Hər yola gedəcəklər, hər dona girəcəklər, təki özlərindən qaçsınlar, təki özləri olmasınlar, insan özü özü kimi olmaqdan necə imtina edərmiş, aman!!!

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR