“İran-Türkiyə münasibətlərindəki gərginlik təbiidir”
Bizi izləyin

Qırmızı.az

“İran-Türkiyə münasibətlərindəki gərginlik təbiidir”

Politoloq Zərdüşt Əlizadə Yaxın Şərqdə yaşanan son proseslərə münasibət bildirib. Publika.Az-ın məlumatına görə, politoloq deyib ki, regionda dinamik inkişaf gedir, yaşanan son olaylar məhz bunun fövqündə meydana çıxır.

Zərdüşt Əlizadə hesab edir ki, proseslər məntiqi yekunda xalqların xeyrinə nəticələnəcək: “Əlbəttə, region mürəkkəb proseslərlə üz-üzədir. İllərdir diktatura rejimlərindən əziyyət çəkən xalqlar öz haqlarını müdafiə, azadlıqlarını bərpa etməyə çalışır. ABŞ və İsrailin bundan öz xeyrinə istifadə etmək cəhdləri, hadisələrə öz maraqları konteksindən yanaşmaları qarşıdurmalara yol açır.

Diktator rejimlər isə öz mövcudluqlarını qorumaq, gözlənilən təhlükələri dəf etmək üçün bütün mümkün variantları işə salır. Suriyada yaşanan qanlı olaylar bunun bariz nümunəsidir.

Düşünmürəm ki, Bəşər Əsəd rejimi ciddi nəticələr əldə edə biləcək. Proseslər bu şəkildə davam edərsə, Əsədi Qəddafinin taleyi gözləyir. Qərb anlayır ki, sonda Suriya xalqı qalib gələcək. Lakin bunu elə formada həyata keçirmək istəyir ki, yeni qurulacaq hakimiyyət onların maraqlarına cavab versin”.

Misirdə keçiriləcək prezident seçkilərindən gözləntiləri böyük olan Zərdüşt Əlizadə inanır ki, Misir xalqı, nəhayət, demokratik yolla özünə normal iqtidar formalaşdıracaq: “Misirdə parlament seçkiləri demokratik standartlara cavab verdi. Xalqın iradəsi ilə qanunverici hakimiyyət formalaşdı. Yəqin ki, prezident seçkiləri də bunun davamı olacaq”.

İran-Türkiyə münasibətlərindən danışan Zərdüşt Əlizadə bildirib ki, İranın Suriya məsələsində israrı onu Türkiyənin dəstəyindən məhrum edib: “Bəllidir ki, rəsmi İran verdiyi açıqlamalarda sona qədər Bəşər Əsəd rejiminin müdafiəsində olacağını bəyan edib. Bu, səbəbsiz deyil. İran anlayır ki, Suriyada hakimiyyət devrilsə, onun işi qəliz olacaq.

Türkiyənin isə Suriya ilə bağlı mövqeyi qətidir. Belə olduqda İranla Türkiyə arasında münasibətlərin gərginləşməsi təbiidir”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm