• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

Kəlçə: “Oğurladığım qoyunları polislərə satırdım”

Kəlçə: “Oğurladığım qoyunları polislərə satırdım”

Türmə əhvalatı

Dustaqların başlarına gələn macəraların hər biri bir hekayənin, film ssenarisinin mövzusudur. Etiraf edin ki, darıxdırıcı günlərimin, ətrafdan təcrid olunmamın acısını canımdan bu hekayətlərə qulaq asmaqla çıxarırdım. Söhbətə çəkirdim və hər kəs öz əməlini bir qəhrəmanlıq kimi nəql edirdi. Təəssüf hissləri keçirənlər də vardı. Peşman olurdular ki, niyə diqqətsizlik ediblər və həbs olunublar. “Niyə bu əməli törətdim” deyən çox az olurdu.

Ən çox da yeni dustaqları qarmağa salır, onların törətdiyi cinayətin hekayətlərinə maraq göstərirdim.

Qara, boynuyoğun, əzələli

Mal-qoyun oğruluğuna görə həbs olunanların macəraları daha maraqlı idi. Çölçülüklə məşğul olduqları üçün onların əməllərində köhnə kişilərin danışdıqları söhbətə bənzərlik tapardım. Həm də bir qorxmazlıq, qaçaqçılıq da vardı bu söhbətdə.

Əslən Ağdamdan olan, Ağcabədidə məskunlaşan Rüstəm adlı dustağın danışdıqları isə nağıllardakı kimi idi. Yaşı heç də çox deyildi, amma əməlləri, etdiyi oğurluq saysız idi, yaşından çox qabağa getmişdi elə bil. Ağdam əhlinin demək olar ki, hamısı Aqilə baş çəkirdi. Həm məsləhət, həm də kiçik təminatlarının ödənilməsi dostumun təmənnasız yardımı idi. Rüstəmi də “zon”a təzə gəldiyində Qoca ləqəbli həmyerlisi bizim otağa gətirmişdi. Qara, boynu yoğun, əzələli və nəhəng birisi idi, lap nağıl qəhrəmanları kimi.

Rüstəm tibb məntəqəsindəki otağımıza girdikdə ayaqlarını soyunub, ədəblə salam vermişdi. Onun nə üçün həbs olunduğunu biz artıq bilirdik. O, bizim “Allah qapını açsın” deməmizdən sonra kətil çəkib səssiz oturmuşdu. Qoca isə bic-bic gülürdü, bizi təqdim etmir, söhbəti öz axarına buraxırdı. Rüstəm hər ikimizin üzünə baxır, ağsaqqalın kim olmasını özlüyündə müəyyən edirdi.

Söhbətə ilk mən başladım:

- Kəlçə, düz de, tutulanda kədərləndin?

Mənim Rüstəmə “Kəlçə” deməyimə Aqil və Qoca da güldü və o gündən Rüstəmin adı Kəlçə qaldı.

Hələ öz yeni adını qəbul etməyən Rüstəm:

- Adım Rüstəmdir, Aqil qədeş.

O, məni Aqil zənn etdi. Başqa cür də ola bilməzdi, məntiqlə öz yerlisi ona ərklə belə müraciət edə bilərdi.

Kim kədərlənməz ki!

Bu sualı hər kəsə verirdim. Dustaqlar saatlarla tutulma, məhkəmə prosesini nəql edir və gözləyirdilər ki, ona təskinlik verək. Bu zaman mənim sualım onları dilxor edirdi. Bəziləri:

- Yox, sevindim... Kim kədərlənməz ki! - deyə incik halda münasibət bildirərdi.

Kəlçə də sualımdan çaşdı, gözlərimin içinə baxıb soruşdu:

- Nə etdim?

- Tutulanda kədərləndin?

- Hə, kədərləndim, - təəssüflə dedi.

- Niyə kədərləndin, qağa?

- Gərək bir az gec tutaydılar məni. Tələsdilər. 10-15 qoyun da apara bilsəydim, işimi düzüb qoşardım, heç işim məhkəməyə gedib çıxmazdı.

3-4 minim çatmadı

Sonra icazə ilə siqaret yandırıb, bizə də təklif etdi. Dörd nəfərin siqaretinin tüstüsü otağı ağuşuna aldı. Rüstəm artıq özünü rahat hiss edirdi:

- Üç-dörd min dollarım çatmadı ki, verim, canımı qurtarım.

Hamımız ürəkdən güldük. Yenidən tanış olduq. Qaradinməz dayanmış otaq yoldaşımın Aqil olduğunu bildikdən sonra bizi səhv saldığını da etiraf etdi:

- Ləhcəndən bildim ki, qarabağlı deyilsən...

Kəlçədən xahiş etdik ki, etdiyi cinayətin maraqlı hadisələrini danışsın.

Oğurluğa isə təsadüfən baş qoşdum

Əvvəlcə danışmaq istəmədi. Sonradan fikrini dəyişdi – “onsuz da hamı bilir” deyə:

- Biz qaçqınıq. Ağcabədidə, kənddən uzaq bir yerdə qazmada məskunlaşdıq. İşləmək mənlik deyil, yaxşı bir yer də tapıb köçə bilmirdik. Yerin altında yaşamaq bezdirmişdi bizi. Anam deyirdi ki, buna da şükür. Nəyə şükür edirdi, hələ də bilmirəm. İt yaşayışı idi bizimki. Oğurluğa isə təsadüfən baş qoşdum. “M” moteskletimiz vardı. Atamdan icazə alıb balığa gedirdim. Bir dəfə də axşam üstü balıqdan qayıdanda gördüm yolun kənarında bir dəstə qoyun otlayır. Ətrafa baxdım, heç kəs yox idi. Səs-küy saldım. Hay verən olmadı. Tez ikisinin qol-qıçın bağlayıb, atdım lülkaya, sürdüm İmişliyə. Orada qohumlarımız vardı. Apardım onlara. Satmağa kömək istədim, onlar da satdılar. Gecəni orda qaldım, səhər qayıdanda gördüm yenə də sürü otlayır. Ehmalca yolun üstündən əl atıb birini tutub basdım moteskletə. İmişlidən gətirib Ağcabədidə satdım. Bir-iki gün ara verdim, gördüm bundan yaxşı iş yoxdur və girişdim bu işə.

Rüstəmin sonralar oğurluq etdiyi ərazinin coğrafiyası da genişlənir:

- Haramı düzündə fermalar vardı. Gedirdim, gecə səhərə yaxın girirdim bandan içəri, qoyunların ağzını qadın kolqotkası ilə möhkəm bağlayırdım. Atırdım çiynimə, gətirib kənarda qoyurdum və yenidən gedirdim. Hər dəfə 2 qoyun götürürdüm. 3 dəfədən artıq girməzdim. Sonra da aparıb qəssablara verirdim.

Bu işdə bir nəfər azdır, iki nəfər isə çox

Uzun qış gecəsinin nağıllarına bənzəyirdi onun danışdıqları. Artıq stolun üstündəki meyvələrə girişmişdi, hər bir hadisəni bitirdikdə iki alma, yaxud armud ötürürdü içəri. Soruşdum:

- Köməkçin vardı?

- Yox, tək işləyirdim. Bu işdə bir nəfər azdır, iki nəfər isə çox. Amma mən bacarırdım. Əvvəlcə qazmadan çıxdım. Torpaq aldım, çiy kərpicdən ev tikdim. Sonra evləndim. Atam, anam o evə köçmədi. Dedilər, haram pulla tikibsən. Getdilər bir idarə binasına yığışdılar. Xəbərləri olmadı, oranın da pulunu mən ödədim. Yoxsa çıxaracaqdılar. Kişini başa sala bilmədim ki, ətrafda hamı haram pulla dolanır. Mən isə əziyyət çəkirəm. Yuxusuz qalıram, həyəcan keçirirəm. Deyirdim ki, adam fermasından 10-15 qoyunun aparıldığını hiss etmir, demək o da haram pulla var-dövlətə sahib olub. Mən kasıbın malını-pulunu aparmıram ki! Kişi bir dəfə üzümə tüpürdü, “səndən adam olmayacaq”, dedi. Amma məndən adam oldu, evim, maşınım, dost-tanış içində hörmətim, cibimdə pulum...

- Bəs fermanın ətrafında itlər olmurdu? Deyək ki, çobanlar yorğun olub, yuxuya gedib.

- Olurdu. İtin də dilini gərək biləsən. Amma mən itdən də ayıq idim. Gövdəmin bu boyda olmasına baxma, işbişkə (kibrit – F.B) kimi cəldəm.

Kəlçə həbsinin necə baş verməsini də nəql etdi.

- Bir polis vardı, bir-iki dənə qəssab dükanı açmışdı. Qoyunları onun qəssablarına verərdim. Daha ətraf rayonların polisləri də qoyun oğrularının izinə düşmüşdü. Bilirdim. Demək olar ki, iki gündən bir bunlara qoyun gətirirdim. Axırda bir nəfər dedi ki, ayə, sənin qoyunların qurtarmadı? Özü də nə sirdirsə, bazardan ucuz verirsən. Dedim qurtardı. Ağlıma gəldi ki, məndən də şübhələnə bilərlər. Özümü verdim Beyləqan bazarına, pulumla qoyun alıb gətirdim. Elə etdim ki, məni bazarda qoyun alanda, danışanda görüb tanısınlar. Düzdür, ziyan elədim. Dedim daha bacarmıram, pul qalmır.

Amma dözmədim. Yenə də getdim, bu dəfə ilişdim, çobanlar atəşə tutdular. Özümü güclə motoskletə çatdırdım və aradan çıxdım. Elə bundan sonra da həbs olundum.

Gərək gec tutulaydım

- Kədərləndin?

- Hə, gərək gec tutulaydım. Həm də heyfslənmirəm. Cəmi iki il yarıma ev tikdim, toy elədim, maşın aldım. Əmim oğlu Qarabağ gedəndən Rusiyaya gedib, hələ heç bir iş görməyib. 3 il iş almışam. Bunun da 8 ayı arxada qalıb. 4 aydan sonra “volnıya” çıxacam. Amma daha oğurluq etmərəm. İş tapıb işləyəcəm.

axar.az

Faiq Balabəyli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR