Qarlı havada nəqliyyat necə işləyir?
Bizi izləyin

Qırmızı.az

Qarlı havada nəqliyyat necə işləyir?

Havaların soyuması yollarda sıxlığa səbəb olub. Yolların buz bağlaması ictimai nəqliyyatdan istifadə edənlərin sayını artırıb. Lakin paytaxtın bəzi qəsəbələrində xəttə buraxılan avtobusların sayında azalma müşahidə edilir.

Qar digər nəqliyyat növlərinin fəaliyyətinə necə təsir edib?

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Publika.az-a qarlı hava şəraitinin Heydər Əliyev beynəlxalq hava limanında uçuşlara təsir etmədiyini deyib.

Onun sözlərinə görə, təyyarələrin qəbulu və yola salınmasında heç bir problem yoxdur. Uçuşlar qrafik üzrə həyata keçirilir.

Bakı Beynəlxalq Avtovağzalından bildirirlər ki, avtobusların sayında azalma yoxdur.

“Şamaxı-Ağsu, İsmayıllı-Qəbələ yolunda yuxarı yollarda qar örtüyü yüksək olduğuna və yollar buz bağladığına görə avtobuslar alternativ yollardan istifadə edir. Hazırda həmin istiqamətə hərəkət edən avtobuslar Kürdəmirdən keçən aşağı yoldan istifadə edirlər. Bundan başqa, digər yollarda avtobusların hərəkətində problem yoxdur. Hava şəraitinin soyuması ilə əlaqədar olaraq sərnişin sayında azalma müşahidə edilir”.

Avtovağzal idarəsindən onu da bildirdilər ki, hava şəraiti ilə əlaqədar olaraq hərəkət edən avtobusların sayında azalma planlaşdırılmır. Çünki hələ ki heç bir yol bağlanmayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirdi ki, gələn qatarların intervalında 15-20 dəqiqə gecikmə var.

“Lakin bu, gecikmə hesab edilmir. Hazırda Böyükkəsik-Tiflis qatarı stansiyaya çatır. Bu saata qədər qatarlarda gecikmə qeydə alınmayıb. İdarənin müvafiq şöbələri tərəfindən yollara baxış keçirilir, energetika, rabitə xidmətləri yoxlanılır. Daşınma da nəzarətdə saxlanılır. Axşam da qrafik üzrə qatarlar yola salınacaq. Sərhəd keçid məntəqələrində qatarların qəbulu normal qaydada həyata keçirilir. Şimal-Qərb istiqamətində gələn yük qatarlarının hərəkətində problem yaşanmır”.

N.Əzməmmədov kəskin hava şəraitinin dəmiryol nəqliyyatının fəaliyyətinə problem yaratmayacağını deyib.

Yolların buz bağlaması ictimai nəqliyyatdan istifadə edənlərin sayını artırıb. Yerüstü nəqliyyatdan istifadə edə bilməyənlər isə metroya üz tutub. Buna görə də metroda sərnişin sayında artım müşahidə edilir.

Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev dəqiq rəqəm bəlli olmasa da, metrodan istifadə edənlərin sayında artım qeydə alındığını deyib.

“Adi günlərdən fərqli olaraq istifadəçilərin sayı artıb. Lakin bu, metronun fəaliyyətində problem yaratmayıb”.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından bildirdilər ki, soyuq hava şəraiti ilə əlaqədar olaraq müraciətlərin sayında artım olmayıb. Ötən gün 6 yol nəqliyyat hadisəsi baş verib, 8 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. 35 travma, 12 dəm qazı zəhərlənməsi olub. Bunlar da adi günlərdən çox deyil.

Qeyd edək ki, hidrometeoroloqlar ötən gecədən qarlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm