• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Sən oğlunun meyitini tapmısan, mənə ancaq bir qolu qalıb...” – 23 yaşlı şəhidin HEKAYƏSİ - FOTOLAR

“Sən oğlunun meyitini tapmısan, mənə ancaq bir qolu qalıb...” – 23 yaşlı şəhidin HEKAYƏSİ - FOTOLAR

Bu dünyada bir şəhid olmaq xoşbəxtliyi də var. Bəlkə də, heç birimiz bu barədə dərindən düşünməmişik. Bütün arzuları, xəyalları, məqsəd və planları yarımçıq kəsilərək ömrü iyirmi üç yaşında bir güllə ilə bitən Azər Ələkbərov kimi. O, 1967-ci ildə tanınmış jurnalist Nəsib Ələkbərovun ailəsində dünyaya göz açıb. Yaşasaydı, 48 yaşı olacaqdı. Bəlkə də, bu adı heç kim tanımayacaqdı, amma ailəsi, həyat yoldaşı, uşaqları, işi, gündəlik qayğıları və s. olacaqdı. Bəlkə də, tanınmış olacaqdı, bilmirəm. Şəhid olmaq necə bir duyğudur, bunu biz yalnız kənardan təsvir edə bilirik. O hissin bütün qürurverici və çətin tərəflərini elə ən azı şəhidin özü qədər duyan onun ailəsi və yaxınlarıdır. Şəhid Azər Ələkbərovun anası Sürəyya Ələkbərova ilə həmsöhbət olduq. Bu ailəni tanıdıqca, ailəyə yaxından bələd olduqca belə bir ziyalı, vətənpərvər, qayğıkeş və dürüst bir ailədə doğulub da başqa cür olmağın qeyri-mümkünlüyünü düşündüm. Bir də onu anladım ki, belə bir ailədən məhz Azər Ələkbərov kimi bir oğul çıxmalı idi. Şəhidimiz haqqında xatirələrini onun anası Sürəyya Ələkbərova danışacaq.

“Elə bil öləcəyini bilirdi...”

“25 il bundan qabaq Azər cavan oğlan idi, yəqin ki, indiyə qədər yaşasaydı, qocalardı. Mən onu elə cavan da xatırlayıram, çünki qocalığını görmədim. Uşaq vaxtından çox mülayim, istiqanlı idi, atasını, bacısını, məni çox istəyirdi. Onu institutdan Krasnodara aparmışdılar. Atasının ona cibxərci kimi verdiyi pulun hamısına bacısı üçün hədiyyə almışdı, heç birini özü üçün xərcləməmişdi. Soruşanda ki, bəs bizə niyə hədiyyə almamısan? Cavab verdi ki, bacımı hamıdan çox istəyirəm, ona görə.

Azər 32 nömrəli məktəbi bitirmişdi. Birinci il instituta girə bilmədi, o zaman staj tələb olunurdu. Sonra bir il fəhlə işlədi və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olundu. O vaxt 2-3 aydan bir həvəsləndirici mükafat alırdı. Mükafatını alıb mənə paltaryuyan maşın, tikiş maşını, qaşıq dəsti alıb gətirmişdi. Deyirdim ki, oğlum, bunu qızlar alar, sən niyə alırsan? Hər dəfə də cavabı belə olurdu ki, qoy məndən yadigar qalsın. Elə bil öləcəyini bilirdi...

“Oğlum, nə gözəl bəzənmisən, təzə bəyə oxşayırsan”

Öləndə 23 yaşı var idi. O zaman 3-cü kurs tələbəsi idi. Oğlum o qədər də qalmaqallara girişən uşaq deyildi, amma həmin vaxtlar hər kəs kimi o da azadlıq hərəkatına qoşulub meydanlara çıxardı. Hətta bir dəfə gəldi ki, ana səni də ora aparacağam, get gör nə var, nə yox.

Azər ölən gecə bacımgil Gəncədən bizə qonaq gəlmişdilər. Onlar Azərə dedilər ki, imtahanını da vermisən, gəl gedək bizə, bir az dincəl. Atası razılıq vermədi ki, Gəncədə vəziyyət pisdir, qarmaqarışıqlıqdır.

Yoldaşım da tanınmış jurnalist idi, həmişə televizora - həm yerli, həm də Moskvadan yayımlanan xəbərlərə baxırdı. Amma bu dəfə televizor söndü. Başa düşmədik nə olub. Saat təxminən 22:00 olardı. Yoldaşım hər gün saat ondan sonra Cavid bağında öz yoldaşlarıyla, akademiyanın əməkdaşlarıyla birgə yığışıb söhbətləşərdilər. Bu dəfə də dedi ki, gedim, onlarla danışım. Bizim küçədə olanlardan xəbərimiz yox idi.

Həmin gün Nəsib müəllimin dostlarından biri bizə gəlmişdi. Həmin adam ədəbiyyatçı idi, imtahandan evə gələn Azərə dedi ki, oğlum, nə gözəl bəzənmisən, təzə bəyə oxşayırsan. Mən əvvəl tamadalıq eləməmişəm, amma sənin toyunu özüm aparacam... Zarafatlaşıb güldük, həmin adam daha yoldaşımı gözləməyib getdi. Qonaqlar gedəndən sonra bir az söhbətləşdik. Azər rəqsə gedirdi, xaricə müsabiqəyə gedəcəkdilər. O, musiqini qoşdu, oynadıq. Sonra yemək yedi və dincəlmək üçün divanda uzandı. Birdən qızımın çığırtısına balkona qaçdıq. Gördük küçədə camaat çığıra-çığıra qaçır. Güllə səsləri ətrafı bürümüşdü. Qonşular hamı balkona çıxmışdılar.Güllələr fişəng kimi Bakının səmasını işıqlandırırdı. Biz onda elə bilirdik ki, bunlar nəsə oyuncaq güllələrdi. Heç kim inanmırdı ki, bunlar həqiqidir. Biz, ümumiyyətlə, nə baş verdiyini anlamırdıq. Cavan uşaqlar otərəf-butərəfə qaçırdılar. Şəhəri bu səslər bürümüşdü: “Niyə yatırsınız, niyə küçələrə çıxmırsınız? Bizi qırırlar! Tez olun, çıxın küçələrə!”

Oğlum da tez qalxdı ki, atam da küçədədi, gedib onu tapım. Nə qədər dedim ki, getmə, atan uşaq deyil, ona heç nə olmaz, razılaşmadı.Ölüm adamı elə tez aparır, nə qədər qabağına keçdimsə, saxlaya bilmədim. Getdi...

O getdi və qayıtmadı...

Onun gedişindən heç 15-20 dəqiqə keçmədi, atası gəldi. Hirsləndi ki, niyə Azəri buraxmısan, niyə saxlamamısan. Gələndə küçələrdə meyitlər görmüşdü, amma nə olduğunu dərk edə bilmirdik. Bir az gözlədik, dostlarına zəng elədik, heç kimin xəbəri yox idi. Səhər saat 6 olardı, çıxdıq ki, onu axtaraq. Hərbi şəhərciyin yaxınlığından getdik, gördük yolda maşınları tanklarla əziblər. Camaat küçələrdə ağlaşır, hər yer qan içində idi, avtobusların şüşələri sındırılmışdı. Oteldən yuxarı qalxanda küçədə kişi papaqları tökülmüşdü, bir tərəfdə xeyli sənəd, pasport, kitabçalar var idi. İstədim yerdən götürüm, yoldaşım qoymadı. Bir az irəli gedəndə dərə kimi bir yerdə düzülən 20-yə yaxın meyit gördük. Bir adamı da yaxınlaşmağa qoymurdular. Mən istədim yaxınlaşam, başladılar güllə atmağa. Ətrafda kişi və qadınlar hamısı hönkürə-hönkürə dayanmışdı, yaxına gedə bilmirdilər. Üzü maskalı, əlində avtomat olan şəxslər yaxınlaşmağa qoymurdular.

“Sən, heç olmasa, oğlunun meyitini tapmısan, mən ancaq bir qolunu tapmışam...”

Biz sonra hər yeri axtarıb evə gəldik. Bir hərbçi qonşumuz var idi, o, bizə dedi ki, “Salyanski kazarma”da ölülər var və onları harasa aparmaq istəyirlər, istəsəniz, onlarla da maraqlanın. Ümidimizi hər yerdən üzmüşdük. Yoldaşım sözü keçən jurnalist idi, Mərkəzi Komitəyə zəng elədi və oradan ona cavab verdilər ki, sən nə axtarırsan, heç şəhərin yiyəsi yoxdur. Sonra özləri zəng elədilər ki, həmin ölüləri “Semaşko”ya aparıblar. Bacım oğlu həkim işləyir, o, hamıdan qabaq həmin xəstəxanaya gedib və görüb ki, Azərin meyiti həqiqətən də oradadır. Meyiti qan içində tapıb, bütün küçəni sürüdüklərindən pal-paltarı da cırıq-cırıq olub. O, qanı təmizləyib, paltarını çıxarıb ki, onu biz elə vəziyyətdə görməyək. Sonra yoldaşım və qohumlar xəstəxanaya getdilər. Atası onu görəndə qeyri-ixtiyari nərə çəkib. Bu vaxt ona bir kişi yaxınlaşıb və deyib ki, sən, heç olmasa, oğlunun meyitini tapmısan, mən oğlumun ancaq bir qolunu tapmışam. Deyəsən, həmin qol Şəhidlər Xiyabanında bir qəbirdə dəfn olunub...

“Bizə oğlumuzun müqabilində ev təklif edirdilər...”

Əvvəlcə istədik aparıb Qazax rayonunda dəfn edək, lakin qoymadılar. Mən oğlumdan sonra özümü öldürmək istəyirdim.Qonşular məni güdürdülər, gəlib səhərə kimi mənimlə bir yerdə olurdular. Sonra gəlib Azəri apardılar və Şəhidlər Xiyabanında dəfn elədilər. Ora “KaMAZ”larla qərənfil gətirmişdirlər. Mən ömrümdə bu qədər gül görməmişdim. Bütün şəhər qərənfil idi.

Sonra da bizə başsağlığına gəlmişdilər. Bizə oğlumuzun əvəzində ev təklif edirdilər, bağ təklif edirdilər, qızım universitetin filologiya fakültəsində oxuyurdu, dedilər ki, onu oradan tibb universitetinə keçirək. Niyəsini heç indiyə qədər də anlamadım. Yoldaşım dedi ki, biz balamızın qanını heç nəyə satmarıq. Onlara dedik ki, bizə qaytara bilirsinizsə, oğlumuzu geri qaytarın. Bizə niyə bunlar təklif olunurdu, anlamadıq. Yoldaşım da uzun illər 20 Yanvar Fondunun rəhbəri olub. Təşkilatda yalnız o, savadlı idi və orada neçə illər pulsuz işlədi.Heydər Əliyev hakimiyyətə gələndən sonra Şəhidlər Xiyabanına xüsusi diqqət yetirildi. İndi ora gedəndə hiss edirəm ki, balama şəhidlik hörməti var.

Yanvarın 29-u televiziyada yeni işə başlayacaqdı

Yoldaşım bəzi şeylər görürdü və bu, ona pis təsir edirdi. Hərdən gəlib danışırdı ki, elə adamlar görürəm ki, elə qadınlar görürəm ki, ölüləri qalıb qıraqda, ev istəyirlər, pul istəyirlər. Bir dəfə mənə dedi ki, birdən mən ölərəm, sən gedib bir qapı döyərsən və ya bir şey təklif etsələr, qəbul edərsən. Dedim ki, sən nə danışırsan, sən Azərin atasısansa, mən də onun anasıyam.Biz heç vaxt oğlumuz üçün heç nə istəməmişik.Yaşadığımız bu ev də özümüzündür. Mən sonradan bu evdən getmək istəyirdim, qohumlar qoymadılar. Dedilər ki, bu evdən Azərin qoxusunu alırıq, sən getsən, bir də sənin qapını açmayacağıq. Onu bütün qohum-əqrəba çox istəyirdi.

Onun arzuları çox idi. İnstitutda oxuyanda rəqsə də gedirdi, Çexoslovakiyaya müsabiqəyə gedəcəkdilər. Bir dəfə atasının dostunun oğlunun toyuna getmişdi. Toydan kefikök gəldi və sevinə-sevinə atasına dedi ki, ata, getdim toyda sənin adından məni təbrik elədilər. Atası gülüb dedi ki, görürsən, savadlı olmaq belədi, Azər. Gərək həyatda savadlı olasan. Mən də ona görə savad yiyəsi olmuşam, oxumuşam, indi məni bütün Azərbaycan tanıyır. Oğlum isə gülüb dedi ki, ata, bir vaxt gələcək, mənim adımdan səni tanıyacaqlar.Onun ölümündən sonra atası hər dəfə harasa gedib-gələndə deyirdi ki, uşağımın sözü düz oldu. Hara gedirəm, daha mənə Nəsib müəllim demirlər, Azərin atası deyirlər. O, oğlunun ölümündən sonra yazdığı hekayələrini də Azər Nəsib təxəllüsüylə yazırdı.

Yanvarın 29-da artıq əmr verilmişdi, institutda oxuya-oxuya televiziyada işləyəcəkdi. Elə sevinirdi ki, atası ilə getmişdilər iş üçün. Onu atası rejissor assistenti işinə düzəltmişdi. Onun yolunu bacısı qızı davam etdirəcək.

“Oğluma diplom vermədilər, atası infarkt keçirdi...”

Nəsib müəllim bir dəfə çox pis olmuşdu. Evə gəldi, dedi ki, Azərin bütün qrup yoldaşlarına diplom veriblər. O da, Timurçin Əfəndiyevin yanına gedib xahiş eləmişdi ki, bir diplom da yadigar olaraq Azər üçün versinlər. O isə razılaşmadı və Azərə diplom vermədi. Bu, yoldaşıma çox ağır gəldi və infarkt keçirdi. Amma Azəri qrup yoldaşları çox istəyirdilər. Onlar oğluma 40 gün yas saxladılar, hətta bir dəfə öz təqaüdlərindən cümə axşamı da verdilər. Bu həyət 40 gün parad kimi idi. Tanıdıq-tanımadıq, başsağlığı üçün insan axını gəlirdi.

Azər şəkil çəkdirməyi və bir də gözəl geyinməyi sevirdi, hara gedirdisə, şəkil çəkdirərdi. Ona görə də şəkil çəkdirməkdən qorxuram. İndi nəvələrimi də şəkil çəkdirməyə qoymuram.

Onun ölümündən sonra mən 5 il heç nə bişirmədim. Heç mətbəxə girmədim. Yeməyi yoldaşım bişirirdi. Bir dəfə gəldim gördüm ki, yoldaşım mürəbbə bişirir. Dedim Azər yoxdur, sən necə mürəbbə bişirə bilirsən? O yeməyəcək axı bundan. O isə cavab verdi ki, axı sənin ondan başqa bir balan da var...onu yadına sal.

Oğlum xörəkdə soğanı sevmirdi. Bir dəfə qızım əməliyyat olunmuşdu, mən də xəstəxanada onun yanında qalırdım. Bir gün oğlum dərsdən evə gəlib, görüb ki, atası onuncun yemək bişirir və çox əziyyətlə xörəyin soğanlarını süzgəcdən keçirir. Bu, ona təsir eləmişdi. Elə həmin vaxtdan da xörəyin içərisində soğan yeməyə başladı.

Sevdiyi qız tanınmış aktrisadır

İstədiyi qız da var idi. Onlar ali məktəbdə bir yerdə oxuyublar. İndi ona Əməkdar artist adı verilib. O, artıq ərə də gedib, uşağı da var, adını çəkmək düzgün olmaz. Amma bir-birlərini çox seviblər. Yəqin ki, gələcəyə aid böyük arzuları, xəyalları olub.Hərənin bir taleyi olur da...

“Erməni qadının acığına oxuyub, ali məktəbə qəbul olundu”

Onun fəhlə işlədiyi vaxtda sex rəisi erməni qadın idi. Bir dəfə ona demişdi ki, onsuz da atan səni instituta qoyacaq. Bu, ona pis təsir eləmişdi. Onun cavabını belə verib: “Atam məni qoyası olsa idi, elə birinci il qoyardı instituta. Mən özüm qəbul olacağam”. Belə də elədi. Otaqda özünə çarpayı qoydu, üç ay bütün kitabları yanına yığıb otaqdan çıxmadı, heç gəzməyə də getmədi. Hazırlaşdı və qəbul olundu. Sonra həmin kağızı aparıb erməni qadına da göstərmişd iki, bax gör bunu ata gücünə almışam, yoxsa öz gücümə.

O, bədii yaradıcılıqla da məşğul olurdu. Hətta bir dəfə mətbəxə gəldi və məni qucaqlayıb dedi ki, ana, nə deyirsən, qəhrəmanı öldürək, yoxsa yox? Dedim, axı qəhrəmanı öldürsən, əsərinin marağı qalmayacaq. Mənim məsləhətimlə qəhrəmanı öldürmədi.

Azər həm istedadlı, həm qayğıkeş, həm də vətənpərvər oğul idi. 7 il öncə isə atası dünyasını dəyişib, özü də oğlunun doğum günündə - avqustun 9-da, saat 14:00-da...”

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR