“Şuşanın işğalını Rəhim Qazıyevlə...”
Bizi izləyin

Qırmızı.az

“Şuşanın işğalını Rəhim Qazıyevlə...”

Kult.az “Başı dumanlı” layihəsində Şuşa teatrının baş rəssamı Valeh Məmmədovun Şuşa ilə bağlı xatirələrini təqdim edir.

Şuşa haqqında dostum şair Kərim Kərimlinin bir şeiri var. Şuşanın gözəlliyini o misralar çox gözəl ifadə edir:

“Sanki, bir günəşdi, sanki, bir aydı.

Parisə bənzərdi dağılmasaydı”.

Yolda gələ-gələ də fikirləşirdim Şuşa barədə... Bir dəfə Moskvadan Şuşaya bir jurnalist gəlmişdi. O yerlər jurnalistə necə təsir etmişdisə, məqaləsində yazmışdı ki, “Əgər Azərbaycana gəlib, Şuşaya gəlməmisənsə, deməli, Azərbaycanda olmamısan”.

Şuşanın iki tərəfindən çay axırdı. Biri Daşaltı çayı idi, o biri də Xəlfəli çayı. Bunlar balaca çay idi. Amma orda, Topxana meşəsi ilə Cıdır düzü arasında nəhəng kanyona bənzər bir yer var. O balaca suyun şırıltısı o qədər güclü idi ki, həmin jurnalist hətta onu Niaqara şəlaləsi ilə müqayisə etmişdi. Yazmışdı ki, “Əgər Şuşada olub bu çayda olmamısansa, deməli, heç Şuşada da olmamısan”.

Şuşa haqqında o qədər çox söz deyiblər ki, fikirləşirəm nə deyim ki, təkrarçılıq olmasın. Desəm ki, “Şuşa dünyanın ən gözəl şəhəridir”, bunu deyiblər. Desəm ki, “konservatoriyadır, musiqimizin beşiyidir” – bunu da deyiblər. Elə bir söz yoxdur ki, o yerlər haqqında deyilməsin. Bir məsəl var, dahi o kəsdir ki, Yer kürəsini özünə vətən sayır. Mən də o fikirlə şərikəm. Amma o kəs azərbaycanlıdır ki, Şuşanı özünə vətən sayır.

Çox vaxt jurnalistlərin “ən böyük arzunuz nədir?” sualına şuşalılar və şuşalı olmayan azərbaycanlılar cavab verirlər ki, “Şuşaya qayıtmaq, o yerləri təkrar görmək istəyirik”. O jurnalistlər elələrinə sual vermirlər ki, bəs sən ən böyük arzuna çatmaq üçün nə etmisən? İnanın, hamı susacaq. Çünki heç kim heç nə etmir. Edən də çox az edir. Boş-boşuna arzulamaqla deyil. Gəlin görək 25 ildə bu arzuya çatmaq üçün nə etmişik?

Mən necə sizə deyə bilərəm ki, “Allah ucadır, o böyükdür”. Tərifləsəm, sizə gülməli görünər. Bunu hamı bilir. Mənim üçün də Allahdan sonra Şuşadır. Şuşanı mən tərifləyə bilmərəm. Buna ehtiyac yoxdur.

1960-cı ildə Şuşada doğulmuşam. Orta məktəbi Şuşada oxumuşam. Fəxr edirəm ki, orda böyümüşəm. Bəlkə də, mənim o yerlərdə böyüməyim bəxtimə düşüb. İncəsənət Universitetində oxumuşam. Tələbəliyi qiyabi oxumuşam. Şuşanın işğalı günü Bakıda idim. Semestr qurtarmışdı deyə Şuşaya qayıdacaqdım, zəng etdilər ki, gəlməyin.

Şuşada elə bir tarixi və mədəni məkan yoxdur ki, biri digərindən daha üstündür deyəm. Hər daşı mənim üçün doğmadır. Gəzib-dolaşmadığım yer yox idi. Bir də görürsən, Bakıda qar-yağış yağanda, ildırım çaxanda Şuşanı xatırlayıram. Düzdür, tam da elə deməzdim, amma hardasa bənzərlik var. Yollar yağışdan yuyulub təmizlənəndə o yerlər yadıma düşür. Şuşada demək olar ki, iki-üç gündən bir axşamlar yağış yağardı. Elə bilirdin ki, səhər duranda şəhərdən heç bir əsər-əlamət qalmayacaq. Şuşada yağış yağanda elə düşünürsən ki, dünyanın sonudur, məşhərdir. Nabələd biri gəlib o səhnəni görsə, dəhşətə gələrdi. Amma səhər oyananda heç elə bil, o cür güclü yağış yağmayıb. Yollar şəffaf olurdu. Təbiət, demək olar ki, özü Şuşanın qayğısına qalırdı.

Övladımın biri Şuşada doğulub, o biri Bakıda. Amma inanın ki, Bakıda doğulan məndən daha çox şuşalıdır. Həmin oğlum Emin özü müğənnidir. Repertuarında Şuşaya aid mahnılar da çoxdur. Polad Bülbüloğlu həmişə fəxarətlə onu dostlarına təqdim edir.

Fotolarda gördüyünüz məşhur qapı, yəni Şuşaya giriş “Gəncə qapısı” adlanırdı. Şuşa qala şəhəri olduğuna görə giriş ordan sayılırdı. Rəssam olduğum üçün evimin giriş hissəsində həmin Gəncə qapısının şəklini çəkmişəm. Mənim Şuşaya aid rəsmlərim çoxdur. Hətta 120 kvadratlıq səhnə boyda ən böyük Şuşa haqqında rəsmi də mən çəkmişəm. Həmin rəsmin adı “Cıdır düzü” idi. “Güllələnmiş heykəllərin fəryadı” tamaşasında səhnədə o rəsmi çəkdik ki, tamaşanı izləyənlərin o yerlər haqqında təsəvvürü olsun. 20 yaşlarımdan Şuşada emalatxanada baş rəssam işləyirdim. Sonra Yadigar Muradov məni Şuşa teatrına dəvət etdi.

Şuşada olanda bilmirdik ki, biz cənnətdəyik. Necə ki, Adəmlə Həvva cənnətdən qovulandan sonra fərqinə vardılar, biz də elə. Biz qaçqın, yaxud məcburi köçkün yox, biz cənnətdən qovulanlarıq. Biz cənnəti vaxtında qoruya bilmədik. Bunda hamımızın günahı var. Şuşanın getməyində cavanından yaşlısına qədər hamı günahkardır. Alınmasında da hamımızın əməyi olsa, cənnətə qayıda bilərik.

1988-ci ildən bu yana arxa yolla – Laçın tərəfdən Akara yolu ilə gedib gəlirdik, ya da vertolyotla. Yollar narahat idi. Atışmalar var idi. Şuşanın işğal xəbərini eşidəndə Rabitə Nazirliyində idim. Poçtda Rima adlı qız işləyirdi. Rəhim Qazıyevlə Şuşa haqqında danışırdılar. Şuşanın çıxacağında Bakı ilə əlaqə saxlamışdılar. Bütün söhbətləri eşidirdim.

Qızılbaşlar dövründə bir savaşda döyüşçülərdən ikisi yaralı ikən döyüş məkanından qaçmaq istəyir. Şah İsmayıl ikisini də edam etdirir. Hamı deyir ki, bəs onlar vuruşdular, yaralandılar. Amma İsmayıl deyir ki, kim belə etsə, onları bu aqibət gözləyir. Kimsə şəhəri bu halda tərk edə bilməz. Hamı bir nəfər kimi vuruşub qalib gələcək. Sonda onlar bu döyüşü qalib bitirmişdilər. Qarabağdan qaçıb Bakıya sığınan birinci sakini güllələsəydilər, bəlkə də, biz məğlub olmazdıq. Qalib olmasaydıq da, heç deyilsə, ölərdik. Onsuz da, sonumuz ölüm deyil? Görürsüz, xocalılar ölümləri ilə qəhrəman kimi qaldılar tarixdə.

Deyirlər, qaçıb gələndə bizə pis nəzərlərlə baxırdılar. Bakılılar bizə torpaqlarımızdan qaçmağımıza görə pis baxmalı idilər də. Necə baxmalı idilər? Hələ çox yaxşı baxırlar.

Qaçaq qəhrəmanların milləti də qaçqın olmalıdır. Analar bağışlayandılar. Amma vətən bağışlamaz. Zəlimxan Yaqubun şeiri var: “Sizi qınamıram, ay şuşalılar. Sizi qınamıram, ay laçınlılar”. Şuşalı şair Kərim də o şeirə cavab kimi “Sizi qınayıram ay şuşalılar, sizi qınayıram ay laçınlılar” adlı şeir yazmışdı. Mənə Şuşaya qayıtmaqla bağlı deyəndə, həmişə cavab verirəm ki, “Mən qayıtmayacam. Axı nə üzlə qayıdacam ki o yerlərə? Abrım var mənim”. Şuşa işğaldan azad olsa, uzaqdan gedib baxaram.

Bizim evimizin indiki aqibətini fotolarda görmüşəm. Bizdə bina evi idi. Bina sağ-salamatdır. Olduğu kimi qalır, hətta o evdə ermənilər də yaşayır. “Ümid sonda ölür” deyirlər. Yaşayıramsa, ümidim var ki, qayıdar o torpaqlar. Öləndən ümid kəsərlər. Axı, Şuşa ölməyib...

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm