Tələbələr ARDNŞ-də təlim keçib
Bizi izləyin

Qırmızı.az

Tələbələr ARDNŞ-də təlim keçib

Bakı Ali Neft Məktəbində(BANM) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində təlim keçmiş “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələrinə Beynəlxalq Dəniz Təşkilatının sertifikatları təqdim edilib. Publika.Az-ın verdiyi məlumata görə, tələbələr Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində yanvarın 22-31-i tarixlərində təlim keçiblər.

Tədbiri açan rektor Elmar Qasımov BANM-də tədris prosesinin istehsalatla sıx əlaqədə həyata keçirildiyini vurğulayıb. O, tələbələrin ARDNŞ-nin müəssisə və təşkilatlarında istər semestr ərzində fənlərin tədris proqramları çərçivəsində qısamüddətli, istərsə də qış və yay aylarında uzunmüddətli təcrübə keçmələrini peşə və ixtisasyönümlü fənlər üzrə biliklərin mənimsənilməsində vacib amil kimi qiymət­lən­dirib.

ARDNŞ-nin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov yanvar ayında BANM-nin müxtəlif ixtisaslar üzrə təhsil alan 117 tələbəsinin İdarənin Kadr Hazırlığı Mərkəzinin laboratoriyalarında və emalatxanalarında, Qobustan regional təlim mərkəzində və Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində keçdikləri 10 günlük təlim haqqında məlumat verib. O, peşə təlimi təcrübəsi keçən tələbələrə elektrik avadanlıqlarının təmiri, qaynaq işləri, mexaniki və fiziki sınaqlar, kimyəvi analizlər, qazıma, nəzarət-ölçmə və avtomatika, texnoloji quğular və kompressorlara xidmət məsələləri üzrə praktiki biliklər verildiyini qeyd edib.

F.Süleymanov “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə dəniz şəraitində iş vaxtı təhlükəsizlik, yanğın təhlükəsizliyi, helikopterlərlə hidrotexniki qurğuların quraşdırılmasında təhlükəsizlik, qəza hallarında təhlükəsizliyin təmin olunması, qayıqlardan və sallardan istifadə zamanı təhlükəsizlik və ilkin tibbi yardım göstərilməsi haqqında biliklərin verilməsinin beynəlxalq standartlara cavab verən yeni mərkəzdə təşkil olunduğunu bildirib.

Dövlət Dəniz Administrasiyasının rəisi Qudrət Qurbanov Bakı Ali Neft Məktəbinin tələbələrinin ilk təhsil illərindən başlayaraq istehsalatla bilavasitə əlaqədə olmasını çox yüksək qiymətləndirmiş, dəniz şəraitində təhlükəsizlik qaydalarını mənimsəmiş tələbələrə veriləcək sertifikatların bütün dünyada qəbul edildiyini və gələcək məzunların iş tapma prosesində vacib amil kimi qiymətləndiriləcəyini deyib. O vurğulayıb ki, bu cür təlimlər Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələbləri çərçivəsində həyata keçirilir. Onların əsas tələbi dənizdə insan həyatının mühafizəsi üzrə kompleks tədbirlərin görülməsi, Azərbaycan bayrağı altında gəmilərdə və dənizçilik sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan şəxslərin xüsusi hazırlıq keçməsinin təmin edilməsidir. Bunlarla bağlı işlərin təşkilinə görə respublikamız dünyanın 180 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsi tərəfindən beynəlxalq konvensiyaları yüksək səviyyədə təşkil edən dövlətlərin siyahısına daxil edilmiş və sözügedən təşkilatın “Ağ siyahısı”nda dəniz nəqliyyatı sahəsində öndə gedən dövlətlərlə bir sıradadır. Qüdrət Qurbanov ARDNŞ-nin strukturunda müasir standartlara cavab verən Bakı Ali Neft Məktəbinin yaradılmasını təhsil sahəsində əlamətdar hadisə kimi qiymətləndirib.

Sonra dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində təlim keçmiş 47 tələbəyə beynəlxalq sertifikatlar təqdim edilib.Tədbirdə tələbələrin peşə təlimi təcrübəsi zamanı çəkilmiş videofilm nümayiş etdirilib. Peşə təlimi təcrübəsində tələbələrə rəhbərlik etmiş beynəlxalq sertifikata malik olan mütəxəssislər tədbirdə iştirak edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm