• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Hakim həkim barədə qərar verdi

Hakim həkim barədə qərar verdi

Bu gün Nəsimi Rayon Məhkəməsində BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı növbəti proses keçirilib.

Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilov məlumat verib. Məhkəmə prosesindən danışan S.Vəkilov qeyd edib ki, proses mart ayının 3-nə təxirə salınıb:

“Ötən məhkəmə iclasında şahid Fərəculla İdrisovun dindirilməsi zamanı açıqlamaları proses iştirakçılarının hamısının diqqətini cəlb etmişdi. O, ifadəsi zamanı özünü təkzib edən, bir-birini tutmayan şahid ifadələri vermişdi. Məlum oldu ki, o, ibtidai istintaq zamanı məsuliyyətdən necə yayınıbsa, şahid ifadələri verən zaman da bu formada məsuliyyətdən yayınmağa çalışır. Məhkəmə iştirakçıları və hakim o qərara gəldi ki, Fərəculla İdrisovun ittiham aktında verdiyin ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadələr eyniyyət təşkil etmədiyi üçün zərərçəkən Anar Niftəliyev Fərəculla İdrisovla məhkəmədə üzləşsinlər. Ancaq Fərəculla İdrisov heç bir səbəb olmadan bugünkü prosesə gəlmədi”.

S.Vəkilov qeyd edib ki, məhkəmənin qərarı ilə Fərəculla İdrisov növbəti prosesə məcburi şəkildə gətiriləcək: “Qeyd edim ki, bundan öncə də Fərəculla İdrisov iki məhkəmə iclasına gəlməyib və bircə dəfə qatıldığı prosesdə də məhkəməyə hörmətsizlik edib. Mən zərərçəkən tərəfin nümayəndəsi kimi vəsatət qaldırdım ki, Fərəculla İdrisovun məhkəmə prosesinə hörmətsizliyini nəzərə alaraq, onun məhkəmə prosesinə məcburi gətirilməsi haqqında qərar qəbul edilsin. Bütün proses iştirakçıları da bunu yekdilliklə dəstəklədi. Məhkəmə prosesinə qarşı bu cür hörmətsizlik qəbuledilməzdir. Bu səbəbdən hakim də bizim vəsatətimizi təmin etdi və Fərəculla İdrisovun məhkəməyə məcburi gətirilməsi haqqında qərar verdi”.

Növbəti məhkəmə prosesi martın 3-də keçiriləcək. Xatırladaq ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib. Hazırda iş Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın icraatındadır. Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Nəsimi Rayon Polis İdarəsi dələduzluğa cəhd maddəsi ilə cinayət işi açmaqdan imtina etdiyi üçün hazırda zərərçəkən tərəf Nəsimi Rayon Prokurorluğuna şikayət verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR