• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Millət vəkili əsgərlərə kitab hədiyyə edib

Millət vəkili əsgərlərə kitab hədiyyə edib

Millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 22-ci il dönümü ilə bağlı olaraq Tovuz rayonu ön cəbhədə yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüş keçirib.

Publika.Az-ın verdiyi məlumata görə, əsgərlər qarşısında çıxış edən millət vəkili yaxın tarixdə millətimizin, xalqımızın başına gələn müsibətlərdən, torpaqlarımızı işğal edən, insanları yurd yuvasından didərgin qoyanların hələ də ədalət qarşısında cavab vermədiyindən bəhs edib.

O, həmin insanların layiqli cavablarını alması üçün gənclərimizin üstünə böyük iş düşdüyünü ifadə edib:

“Bizim gənclərimiz müasir tariximizi bilməlidirlər ki, nələrin baş verdiyini, bunların arxasında nələrin dayandığını dərk etsinlər və millətimizə,vətənimizə, torpağımıza qarşı törədilən haqsızlıqların, işğalların qarşısını alıb, ərazi bütövlüyümüzü bərpa etsinlər. Bu bizim vətən qarşısında borcumuzdur”.

Q.Paşayeva həmçinin bildirib ki, dünya ictimaiyyətinə yaşanan hadisələri ən düzgün çatdırmağın yolu tarixi bilməklə yanaşı, faktlara söykənən dəlillərə sahib olmaq lazımdır. Bu istiqamətdə çəkilən filmlər, yazılan kitablardan danışan millət vəkili həmin film və kitabların şahidlərin dilindən verilməsinin xüsusi əhəmiyyət daşıdığını dilə gətirib:

“Biz tariximizi yaxşı bilməliyik. Ermənistanın işğalçılıq niyyətlərinin kökünü bilməliyik. O kök sadəcə 1988-ci ildən başlamır. Bu kök daha dərinlərə, 20-ci yüz ilin əvvəllərinə gedir. Ermənilərin Qaradağlıda, Xocalıda törətdikləri soyqrımları faktlar, rəqəmlər, insan həyatları, beynəlxalq sənədlərlə əsaslanaraq çatdırmalıyıq. Eyni zamanda bu bizə ona görə lazımdır ki, Qaradağlı Soyqırımı, Xocalı Soyqrımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Onların bir çoxu Ermənistanda rahat bir şəkildə gəzirlər, havadar ölkələrinə gedirlər.

Biz təkcə bu cinayətkarların tarix qarşısında deyil, ədalət qarşısında cavab vermələrinə nail olmalıyıq. Azərbaycanın prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bütün beynəlxalq tədbirlərdə vurğulayır ki, Azərbaycan bir qarış torpağını güzəştə getməyəcək. Azərbaycan torpaqlarının hansısa bir hissəsinin güzəştə gedilməsi ümumiyyətlə müzakirə mövzusu deyil. Çünki Azərbaycanın dünya tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazi bütövlüyü var və Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində hansı addımların atılmasından asılı olmayaraq belə bir suveren hüquqa malikdir.

Bu tədbirin əsgərlər arasında keçirilməsinə səbəb odur ki, hazırda hərbi xidmətdə olan gənclərimizin əksəriyyəti həmin hadisələrdən sonra dünyaya gəlib. Siz görmədik, yaşamadığınız məntiqi ilə yox, tarixə bələd olaraq həmin acıları hiss edib, tarixi yaddaşsızlığın artmasına yol verməməlisiz. Qaradağlı Soyqırımı ilə bağlı daha bir film hazırlanıb. Mən istəyirəm ki, əsgərlərimiz bu filmləri mütəmadi olaraq izləsinlər”.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sərvaz Hüseynoğlu, yazıçı, Sahibkar Qadınlar təşkilatının rəhbəri Zemfira Ağayeva, İşgüzar Qadınların İnkişafı İB- nin sədri Sürəyya İsmayılova, Məlahət Hüseynova, simsar.az saytının rəhbəri İradə Nurəddinqızı çıxış ediblər.

Tədbirin sonunda Qənirə Paşayevanın həmmüəllifi olduğu “Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabı əsgərlərə hədiyyə olundu və Qaradağlı Soyqırımı filmi nümayiş etdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR