Qar Bakıya nə gətirdi? Qazsız, işıqsız, susuz 3 gün…
Bizi izləyin

Qırmızı.az

Qar Bakıya nə gətirdi? Qazsız, işıqsız, susuz 3 gün…

“Artıq 3 gündür ki, Sabunçu qəsəbəsi Natəvan 20-də işıq yoxdur. 2-3 ay əvvəldən elektrik dirəyində qısaqapanma var. Bununla bağlı “199” qəza xidmətinə zəng edib nəzarətçiyə şifahi şəkildə bildirdim, xeyri olmadı. Sonra yazılı şəkildə müraciət etdim. Yenə də xeyri olmadı. Külək əsəndə bizim işıq sönür, yanır və özbaşına közərir. Artıq 3 gündür ki, işığımız yoxdur. İki körpə uşaqla qalmışıq soyuqda. Bütün qonşular da bizim kimi. Telefonlarımızın da enerjisi qurtarıb. Dünya ilə əlaqəmiz üzülüb. Bilmirik nə edək, kimə müraciət edək...”

Bunları Publika.az-a Sabunçu sakini Xəyalə Həsənova bildirib. O, qarlı havanın gətirdiyi problemlərdən əziyyət çəkən yeganə paytaxt sakini deyil. İçərisi özümüz daxil, ətrafımızda, qohum-əqrəbamızda, qonşuluqda heç olmasa, ya elektrik enerjisi, ya qaz, ya da suyun kəsildiyi faktdır. Lakin aidiyyəti qurumlar həmişə olduğu kimi, yenə də problemi öz üzərlərindən atmağa çalışırlar.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Publika.az-a verdiyi məlumata görə, qurum əməkdaşları bu günlərdə gücləndirilmiş iş rejimində çalışıblar:

“Bəzi problemlər olub, amma yavaş-yavaş aradan qaldırılır. Hava şəraiti ilə əlaqədar olaraq bəzi yerlərdə problemlər olduğundan həmin ərazidə elektriki bərpa etmək üçün çalışan əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək üçün elektriki kəsməli olduq. Çünki adamlar gərginlik altında işləyə bilməzlər. Fərdi qaydada hansısa problem ola bilər, amma əməkdaşlarımız hər hansı problem varsa, operativ olaraq aradan qaldırırlar”.

Qurum rəsmisi qaynar xəttin zəif işləməsi ilə bağlı şikayətləri də cavablandırdı: “Dünən bütün günü əməkdaşlarımıza, istər texniki heyətə, istərsə də, bizim özümüzə o qədər zənglər gəlib ki. Fiziki olaraq, bu zənglərə cavab vermək bir qədər çətin idi. Bizim təkcə Bakı şəhəri üzrə 850 min abonentimiz var. Bunu nəzərə alaraq hər abonentlə 2 dəqiqə danışanda qaynar xətt məşğul ola bilər. Əvvəllər xidmət göstərən 16 çıxışlı telefon əlaqəsi var idisə, bunun sayı qarlı hava şəraiti ilə əlaqədar olaraq 18-ə çatdırılmışdı. Biz 2-3 növbəli iş rejimində çalışmışıq”.

T. Mustafayev Bakının mərkəz hissəsində problem olmadığını, yalnız ətraf ərazilərdə elektrikin kəsildiyini bildirdi. Onun sözlərinə görə, “Azərenerji” ASC-nin balansında olan 110 kilovoltluq dayaq aşdığından, Xətai, Suraxanı, Sabunçu və Nizami rayonunda problemlər yaranıb. Əhmədli yarımstansiyasında bu problem axşam saat 18: 00-da aradan qaldırılıb.

“Azəriqaz” ASC və “Azəristiliktəchizat” ASC-dən də qarlı hava şəraiti ilə bağlı ciddi problem olmadığını dedilər. “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyevin Publika.az-a bildirdiyinə görə, yaranan problemlər elektrik enerjisinin kəsilməsilə bağlı olub: “Bizim sistemdə heç bir problem olmayıb. Elektrik enerjisi olan yerlərdə istilik olub. Bəzi müraciətlər daxil olsa da, bunlar qar yağmayan vaxtlarda da rastlaşdığımız şikayətlərdir. Ümumiyyətlə, yaranan problemlər bizə aid olmayan səbəblərdən olub və aradan qaldırılıb”.

“Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin Publika.az-a bildiriyinə görə, qurum əməkdaşları gücləndirilmiş iş rejimində çalışıblar: “Biz fevralın 21-22-də işdə olmuşuq. Vaxtında lazımi tədbirlər gördüyümüzdən bizdə heç bir problem olmayıb. Qaynar xəttimizə də daxil olan şikayətlərin sayı artmayıb. Əhali hazırda da tələbata uyğun olaraq qazla təmin olunur”.

Qeyd edək ki, bütün deyilənlərin həqiqətə uyğun olmasını çox istəyərdik. Amma bu da faktdır ki, bütün dünyada havaların kəskin soyuyacağıyla bağlı xəbərdarlıq edilirsə, qaz və elektrik şəbəkəsi gücləndirilmiş iş rejiminə keçir. Əslində, bu, bizdə də belə olur, görüntü olaraq. Qarlı hava şəraiti ilə əlaqədar elektrik, qaz və istilik sistemində problemlərin olması artıq ənənəvi haldır. Bəlkə də, problem olmasa, təəccüblənərik. Aidiyyəti qurumlar əvvəlcədən qara hazır olduqlarını bildirsələr də, sonradan bu hazırlığın şikayətin qaynar xətt səviyyəsində qəbuluna da yetmədiyi ortaya çıxır. Bu qar da ötənkilərdən istisna deyil.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm