• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Miqrasiya Xidmətindən əcnəbi tələbələrə xəbərdarlıq

Miqrasiya Xidmətindən əcnəbi tələbələrə xəbərdarlıq

Dövlət Miqrasiya Xidməti Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələrə xəbərdarlıq edib.

Universitetdən Publika.az-a verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi Vahid Qəhrəmanov universitetdə təhsil alan əcnəbi tələbələrlə görüşüb. Görüş zamanı qeyd olunub ki, Azərbaycanda 10 gündən artıq yaşamaq istəyən əcnəbi vətəndaş, həmçinin tələbə ölkəyə gəldiyi gündən olduğu yer üzrə qeydiyyata alınmalıdır. Prosedur qaydası isə çox sadədir. Pasportun yalnız şəkil olan və ölkə ərazisinə girişin Dövlət Sərhəd Xidməti tərəfindən təsdiq edilmiş səhifəsinin surəti tələb olunur. Azərbaycanda qanuni əsaslarla olduğu müddətdə əcnəbilərə müvəqqəti yaşamaq üçün 1 il müddətinə icazə verilir. Tələbələrə dövlət rüsumunda xeyli güzəşt edilir. Belə ki, 1 illik yaşamaq üçün icazə alan əcnəbilər 120 manat ödədiyi halda, tələbələr üçün bu məbləğ 40 manatdır.

İdarə rəisi bildirib ki, Əmək Məcəlləsində və digər qanunlara görə, vətəndaşlığı olmayan şəxslər təhsil müddətində əmək fəaliyyəti ilə məşğul ola bilməz: “Yəni xarici ölkə vətəndaşı hansı məqsədlə gəlibsə, o məqsədlə də yaşamalıdır. Bəzən əcnəbi tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün işlədiklərini deyirlər. Buna baxmayaraq, belə hallar aşkarlanarsa, əcnəbi tələbəni işə götürən hüquqi şəxs 30 000-35 000, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər isə 3000-5000 manat məbləğində cərimə oluna bilərlər. Yaşayış yeri, qeydiyyatla bağlı qanunun tələblərini pozan əcnəbilərin özləri isə 300-400 manat məbləğində cərimə ödəməlidirlər. Əgər son 3 il ərzində qanun pozuntuları 2 dəfə təkrarlanarsa, həmin şəxslər ölkədən məcburi çıxarılır, onların ölkəyə girişinə məhdudiyyət qoyulur. Hər bir əcnəbi vətəndaş ölkəmizdə yaşamaq imkanını leqallaşdırmalıdır”.

V.Qəhrəmanov görüş iştirakçılarının suallarını da cavablandıraraq rezidentura təhsili alan əcnəbilərin haqqı ödənilməyən əmək fəaliyyəti ilə məşğul olmasında heç bir qanun pozuntusu görmədiyini vurğulayıb: "Onu da əlavə edib ki, xaricdən 2-4 həftə müddətinə mühazirə deməyə gələn professor və müəllimlər iş icazəsi almaqdan azaddırlar. Çünki bu məsələlər səfirliklər səviyyəsində həll olunur".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR