• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gəncənin öz bulvarı olacaq - FOTO

Gəncənin öz bulvarı olacaq - FOTO

Gəncəçayın sağ sahilində salınan park-bulvar kompleksində işlərin birinci mərhələsi sürətlə gedir. Layihəyə görə birinci mərhələ bu ilin sonuna tam başa çatacaq.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncəçayın sağ sahilində salınan park-bulvar kompleksində işlər layihəyə uyğun olaraq davam etdirilir. Hazırda işlər şəhərin Nizami prospektində aparılır.

İşlər Gəncəçayın sağ hissəsinin Nizami prospektindən Mirzə Abbas Abbaszadə küçəsinə kimi olan 1200 metr ərazisini əhatə edir. Burada hazırda bənd vurma işləri gedir və artıq 120 metr ərazidə bu proses yekunlaşıb. Bəndin alt hissəsinin eni 3, yuxarı hissəsinin eni 2, hündürlüyü isə 4,5 metrdir. Bundan başqa, bulvar ərazisinə düşən bütün yüksək gərginlikli elektrik xətləri yer altına salınır.

Layihəyə görə gələcəkdə baş verə biləcək daşqınların qarşısını almaq məqsədilə çayın bənd salınacaq hissəsinin hər yüz metrində keçidlər də quraşdırılacaq. Bənd vurma işi başa çatdırıldıqdan sonra çayın yataq hissəsinin hamarlanmasına başlanılacaq.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov bildirib: “Bu park-bulvarda qapalı və açıq uşaq əyləncə mərkəzi inşa edilir, eyni zamanda, burada artıq Mətbuat Mərkəzinin binasında yekunlaşdırma işləri gedir. Bundan başqa, parkın ərazisində “Əli və Nino” park kompleksi də yaradılacaq. Burada əsərin qəhrəmanlarının heykəli qoyulacaq. Həmin adda kitab evi, kafe olması da nəzərdə tutulur”.

Park-bulvar kompleksində birinci mərhələnin bu il ərzində yekunlaşdırılması planlaşdırılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR