• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Borcunu qaytarmaq üçün intim xidmət göstərən qadın: “Həyatım alt-üst olub” - FOTO

Borcunu qaytarmaq üçün intim xidmət göstərən qadın: “Həyatım alt-üst olub” - FOTO

O, ilk baxışdan qayğılı, problemli insan təsiri bağışlayırdı. Elə buna görə də yüngül həyat tərzi keçirən bəzi qadınlardan fərqli olaraq görüşəcəyi kişiyə “romantik” anlar bəxş edən əyləncə dəlisinə, ehtiras sahibinə bənzəmirdi. Lakin bununla belə, üz-gözünə bərbəzək verərək, gözəl və cazibədar qadın təsəvvürü yaratmağa çalışırdı. Nazənin Məmmədovanın (ad şərtidir) iddiasına görə, onu kişilərlə pullu intim görüşə vadar edən səbəblər və səbəbkarlar var. Deyir ki, maddi sıxıntısı çoxdur, pul sarıdan korluq çəkir, aylıq və gündəlik qazancı heç də onun aşıb-daşan problemlərini həll edə biləcək səviyyədə deyil. Bu səbəbdən ən asan, amma çirkin yolu seçib – pullu intim xidməti. Biz də öz növbəmizdə onu söhbətə tutub nə üçün bu yola düşməsi ilə maraqlandıq.

“Həyatı alt-üst olmuş qadınam”

Özünün dediyinə görə, bu yola düşməsinə səbəb – pullu seks xidməti göstərməsi əlacsızlıqdan irəli gəlir: “Həyatım alt-üst olub. Bundan sonra yaşamağımın o qədər də mənası yoxdur. Xahiş edirəm məni pis başa düşməyin. Kişilərə nə var? Harda istəsə, gedib işləyə, pul qazana bilər. Ən azından daş daşıyar. Qadının işi çətindir. Vay o gündən ki, boşanmış, bir az yaraşıqlı, cazibədar olasan. Hara getsən, sənə yüz cür göz zillənir, hərə bir maraqda, istəkdə, niyyətdə. Rəfiqəm də bir şirkətdə işə girmişdi. Bir gün satış menecerinin rəhbəri onu liftdə görüb. Kim olduğunu, hansı sektorda işlədiyini soruşub. Ondan sonra söz göndərmişdi ki, o qadından xoşum gəlir. Yazıq qızı gözümçıxdıya saldırdı. Gördü ki, qadından istədiyini ala bilmir, qızı işdən çıxartdırdı”.

Gözəlliyinin başına bəla olduğunu iddia edən Nazənin bəhanə edir ki, neçə dəfə işə girmək istəsə də, məlum səbəblər üzündən bundan vaz keçir. Onun sözlərinə görə, əvvəllər dolanışığı babat imiş. Yaşayış tərzi də indikindən tam fərqli. Lakin risk etməsi, sadəlövh olması, insanlara inanması gələcək çətinliklərinin əsasını qoydu: “Bilirəm ki, bunun axırı yoxdur. Amma əlacım da yoxdur, neynim? Mən həyatı alt-üst olmuş qadın olduğumdan çıxış yolunu bunda görürəm. Maddi problemlərimi həll etdikdən sonra düz yola qayıdacam”.

Əslən respublikamızın şimal-qərb zonasında yerləşən rayonlardan birindən olan, həmin rayonda doğulub boya-başa çatan Nazənin Məmmədova iddia edir ki, yeniyetmə yaşlarında ikən oxumaq, ali təhsil almaq arzusunda olub. Amma istəyi elə istək olaraq qalıb: “Bir vaxtlar atam və qardaşım oxumağa icazə vermədilər. Dedilər qız nədir, oxumaq nədir? Açığı, ailəmiz də çox kasıb idi. Orta məktəbi bitirib sənədlərimi ali məktəbə verdim. Universitetə girə bilmədiyimi eşidəndə qardaşım elə sevindi ki. Oturdum evdə. 3 il sonra elçi gəldi. Ərə getdim, ailə həyatı qurdum. Amma həyat yoldaşımla yola getmədik. Əvvəlcə evdə söz-söhbətlər yarandı. Sonra bunlar böyüyüb dava-dalaşa çevrildi. Bir sözlə, başıma müsibətlər gəldi. Danışdıqca qurtaran deyil”.

Nazənin deyir ki, iki il bundan əvvəl bəzi əqidəsiz insanlara görə borca düşüb. Daha doğrusu, aldanıb və riskə gedib: “Yoldaşım obyekt işlədirdi. Bir gün gəlib dedi ki, daha əvvəlki kimi alqı-satqı yoxdur, alver ölüb. Pul qazana bilmirdi, əli gətirmirdi. Həmin yerdən uzaqlaşıb, evimizin yanında təzə market açdı. Bundan ötrü 10 min manat pul lazım idi ki, əlində maya eləsin. Neçə həftə axtardıqdan sonra qayınanam və yoldaşım dedilər ki, əl tutan yoxdur. Sən də maraqlan, gör neynirsən. Rəfiqəmdən 4 ay müddətinə ödəmək şərtilə birtəhər səkkiz min manat borc götürə bildim”.

“Ona görə bu yolu seçməyə məcbur olmuşam”

Heç bir yerdə işləməyən qadın bir ay sonra həyat yoldaşı ilə aralarında yaranmış söz-söhbətlərin daha da dərinləşdiyinə görə ayrılıb atası evinə gəlir. 10 gün sonra əri zəng edərək bu hərəkətinə görə onu heç vaxt bağışlamayacağını, üstəlik, yaxın günlərdə boşanacaqlarını bildirir: “Onun məhkəmə yolu ilə məni boşamaq istədiyini biləndə eşitdiklərimə inanmadım. Lakin sonra bəlli oldu ki, doğrudan da belə imiş. Sivil yolla boşandıq”.

Beləcə bu ailə də ölkəmizdə ayrılan cütlüklərin siyahısına düşür. Ər-arvad yollarını ayırmağa qərar verirlər: “Borcumu 4 ay qaytarmaq şərtilə götürmüşdüm. Amma ortalığa boşanma söhbəti düşdüyünə görə hər şey alt-üst oldu. Həmişə aldananları qınamışdım. Lakin indi özüm onların günündəyəm. Buna aldanmaq da deməzdim. Çox böyük risk etmışəm, nə isə, bir iş idi, oldu keçdi. Sadəcə, özüm-özümü odun içinə atmışam. Borc götürdüyüm gündən 11 aydan çox vaxt keçir. Halbuki borcu 4 ay ərzində qaytarmalıydım. Amma bir qəpik də ödəyə bilmədim. 4 ayın tamamında pulun yiyəsi zəng edib pulu istədi”.

Onun sözlərinə görə, illərdir dostluq etdiyi xanım ona borc kimi verdiyi pulu geri istədikdə Nazəninin imkanı olmadığını, üstəlik, boşandığını eşidib. Həmin səbəbdən də insafa gələrək, əl tutduğu rəfiqəsinə verdiyi pulun hissə-hissə ödənilməsinə razı olub: “Bir sözlə, borca düşmüşəm. Amma pulu heç cür qaytara bilmirəm. Ona görə də bu yolu seçməyə məcbur olmuşam. Məni qınayanlar deyir ki, get hardasa işlə. Amma vallah işləyib 200-300 manat qazanmaq mənim vəziyyətdən çıxış yolum deyil. Çünki bu pulla borc qaytarmaq olmaz. Heç özüm də dolana bilmərəm. Ayda 50-60 manat elə yol pulu edir”.

Naəlac qaldığından ən pis yollardan birini seçdiyini iddia edən qadın hədsiz dərəcədə pula ehtiyacı olduğunu bildirdi: “Məni çoxları ələ salır, əxlaqsız qadın kimi davranırlar. Amma düşünürəm ki, əgər yaxşı adamdırlarsa, borcumu qaytarmağa kömək etsinlər”.

Söz-söhbətlər nəticəsində həyat yoldaşından ayrılan, borcu vaxtında geri qaytarmadığından rəfiqəsinin etimadını itirən Nazənin indi intim xidmət göstərərək pulları ödəməli olur. Bir saatlıq seks xidməti üçün 50 manat alan Nazənin deyir ki, gündə hər cür insanla üzləşir: “Aldatmaq istəyən, atmaq istəyənlər də olur. Eləsi olur ki, deyir, əvvəl intim əlaqədə olaq, sonra pulu verim. Başa düşürəm ki, aldatmaq istəyirlər. Müştərilərin arasında yaşlılar da var, cavanlar da. Hətta bəzən yeniyetmələr, məktəblilər də görüşmək istəyirlər. Hamı mənə əşya, pozğun qadın kimi baxır. Hər gün yüz cür dəli ilə üzləşirəm. Telefon nömrələrimi tez-tez dəyişməli oluram. Çünki zəng edib məzələnirlər. Bilirəm ki, belələri zarafat, ələ salmaq üçün zəng edirlər. Söyüşün biri bir qəpikdir. Evlərə getmirəm, ancaq öz mənzilimdə qəbul edirəm. Onları da tanışlıqla”.

Nazənin sonra bir daha iddia etdi ki, borclarını qaytardıqdan sonra normal həyata qayıdacaq.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR