• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ünvanlı sosial yardım alan ailələrin sayı azalıb

Ünvanlı sosial yardım alan ailələrin sayı azalıb

2015-ci ilin mart ayında respublikamızda 111391 ailə (485927 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 32437 ailə (141348 nəfər ailə üzvü) və ya 22,5 % azdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu azalma digər tərəfdən ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq artması ilə müşayiət edilib. Belə ki, cari ilin mart ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,97 manat (13,5 %) artaraq 143,13 manata çatıb. Ünvanlı sosial yardım alan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 230716 nəfər, onlardan 1 yaşadək ailə üzvlərinin sayı 6334 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı isə 5447 nəfərdir. Bu yardımın təyin olunduğu ailələrin 31997-i tərkibində 3 və daha çox uşağı olanlardır.

Hazırda prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin tam avtomatlaşdırılması üçün elektron əsaslar üzərində texniki infrastrukturun hazırlanması işləri aparılır. Azərbaycana məxsus bu yeni sistemin tətbiqi vətəndaşlara fərdi kommunikasiya vasitələri və ya poçt şöbələrində xüsusi olaraq quraşdırılacaq infoköşklərdən ünvanlı sosial yardım üçün elektron formada müraciət etmək imkanı yaradacaq. Vətəndaşların bu yardımı almaq hüquqlarına baxılması üçün lazımi arayış və məlumatlar isə müvafiq dövlət qurumlarının informasiya resurslarından elektron formada əldə edilməklə, yardım təyinatı tam avtomatlaşmış sistem əsasında aparılacaq. Bu isə ünvanlı yardım təyinatında məmur-vətəndaş təmaslarının aradan qaldırılmasına, aztəminatlı ailələrin ünvanlı sosial yardım sistemi üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışına imkan verəcək.

Qeyd edək ki, dövlət başçısının ötən ay imzaladığı müvafiq Sərəncama əsasən, ölkəmizdə aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımlarının təyinat müddəti də bir ildən iki ilədək uzadılıb ki, bu da əksəriyyəti təkrar olaraq ünvanlı yardım alan ailələrin hər il yenidən sənəd toplayaraq təqdim etmək çətinliyindən azad olmasına, bu yardımların təyinatında vətəndaş-məmur təmaslarının xeyli azalmasına yönəlib.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR