• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bir qətlin tarixçəsi: Qardaşının toyunda əmisi oğlunu öldürdü

Bir qətlin tarixçəsi: Qardaşının toyunda əmisi oğlunu öldürdü

Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Fuad Məmmədov qardaşının toyunda öz əmisi oğlunu öldürdü.

Publika.Az xəbər verir ki, hadisə 13 iyun 2013-cü il tarixdə, gecə saat 00:30 radələrində baş vermişdi.

O, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Cəlilabad rayonunun Astanlı kəndində, qardaşı Faiq Məmmədovun toy mərasiminin keçirildiyi atası evinin həyətində quraşdırılmış mağarda musiqi sifarişi üstündə əvvəlcə əmisi oğlu Daşqın Məmmədovla, bir qədər sonra isə onun qardaşı İlkin Məmmədovla sözləri çəpləşib. Elə mağardaca mübahisə sülhlə başa çatsa da, Fuad Məmmədov Daşqın və İlkin Məmmədov qardaşlarını öldürmək qərarına gəlib.

Atası evinin mətbəxindən bıçaq götürərək həyətə düşüb. Təxminən 20 metr irəlidə qaranlıqdan İlkin Məmmədovun səsini eşidib. Daşqın Məmmədovun da orada olduğunu güman edən Fuad Məmmədov onların arxasınca tələsib. Amma İlkin Məmmədovun tək olduğunu görüb əlindəki bıçağı onun ürəyinə saplayır. İlkninin qışqırığına hadisə yerinə gələn Azər Məmmədov və qohumu İsrail Məmmədov bıçağı Fuadın əlindən alıblar. Ona görə, də o Daşqın Məmmədovu öldürmək planını reallaşdıra bilməyib.

Üç maddəli cinayət işi

Fuad Məmmədov istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Fuad Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.7-ci maddələri sübuta yetirilməyib.

13 il cəza

Hakimlər Fuad Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.2 və 29,120.2.7-ci maddələri üzrə bəraət hökmü veriblər. Məhkəmə həmçinin Fuad Məmmədovu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilib və həmin maddəyə əsasən Fuad Məmmədova 13 il cəza verilib. Hökmdən Baş Prokurorluq narazı qalaraq apelyasiya protesti verib. Prokurorluq Fuad Məmmədovun barəsində çıxarılan hökmün ləğv edilməsini və onun barəsində daha ağır cəza ilə hökm çıxarılmasını istəyib. Həmçinin təqsirləndirilən şəxs də aöelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hər iki şikayət baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Fuad Məmmədov ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O, bildirib ki, mərhum İlkin Məmmədov ilə əvvəllər münasibətləri yaxşı olub, aralarında heç bir narazılıq olmayıb: “12 iyun 2013-cü ildə, Cəlilabad rayonunun Astanlı kəndindəki evimizin həyətində qardaşım Faiq Məmmədovun toy məclisi keçirilib. Əmim uşaqları İlkin və Daşqın Məmmədovlar da toyda iştirak ediblər. Hətta İlkinlə birgə orada spirtli içki də qəbul etmişik. Təxminən saat 23 radələrində İlkinin qardaşı Daşqının toy mağarında növbəsiz musiqi sifarişi verib və ortalıqda rəqsə başladığı üçün əsəbiləşdim. Buna görə də musiqini dayandırdım. Bu səbəbdən Daşqınla aramızda mübahısə yarandı. Bu zaman Daşqın məni yumruqla vuraraq yerə yıxdı. Lakin xatırlamadığım şəxslər bizi ayırdı və dalaşmağa imkan vermədilər”.

“Özüm də bilmədən əlimdəki bıçaq İlkinə dəydi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir qədər sonra Daşqını mağarın yanında görüb və onun getməsini tələb edib: “Bunu görən İlkin qəzəblənərək üstümə cumdu. O, məni söyərək vurmaq istədi. Lakin qardaşlarım Yasər, Ədalət, Azər və Vidadi araya girdilər və onun məni vurmasına imkan vermədilər. Bundan sonra məni atamın evinə gətirdilər. Təxminən yarım saat keçəndən sonra öz evimə getmək qərarına gəldim. İlkin və Daşqınla yolda qarşılaşaraq məni təkləyib, döymələrindən ehtiyat etdim. Özümü qorumaq məqsədi ilə valideynlərimin evinin mətbəxindən bıçaq götürdüm. Sərxoş olduğumu yaxınlarım görməsin deyə darvazadan çıxmadım və daş hasarı aşaraq kənd yoluna çıxdım. Hasardan təxminən 50-60 metr aralandım. Bu zaman qarşıma İlkin və Zamin Məmmədov qardaşları çıxaraq mənə hücum etdilər. Onlardan yaxınlaşmamağı tələb etdim. İlkin Məmmədov buna məhəl qoymayaraq üstümə gələrək yumruqla vurdu. Onun vurduğu zərbənin təsirindən dodağımı yaraladım. Ağrıdan üzümü bir əlim ilə tutdum, biri əlimi qabağa verən zaman özüm də bilmədən əlimdəki bıçaq İlkinə dəydi. Həmin vaxt Zamin Məmmədovla tanımadığım 2 şəxs bıçağı əlimdən almaq istədilər. Qorxumdan bıçağı onlara vermədim. Lakin sonra hadisə yerinə gələn qardaşım Azər Məmmədovla həmkəndlim Şıxəli Abbasov əlimdən bıçağı aldılar”.

“Polis şöbəsində İlkinin öldüyünü bilmişəm”

Fuad Məmmədov qeyd edib ki, həmin vaxt Daşqın Məmmədov orada olmayıb: “Daşqını, yaxud da başqasını bıçaqla vurmağa cəhd etməmişəm. Sonra İlkin Məmmədovun yerdə uzanmış vəziyyətdə olduğunu gördüm. Onu yaraladığını bildim və bundan özümü pis hiss etdiyindən hadisə yerindən uzaqlaşdım. Oradan atamın evinə yollandım. Yolda Daşqın Məmmədova məxsus “VAZ-2106” markalı avtomaşınla məni vurub qaşdılar. Nəticədə qol, ayaq və dodaq nahiyələrimdən xəsarət almışam. Qəza zamanı huşumu itirmişəm. Özümə gəldikdə həmkəndlilərim Namiq Məmmədovla Şamo Əliyev məni qardaşım Vidadinin evinə gətirdilər. Sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirildim. Polis şöbəsində İlkinin öldüyünü bilmişəm”.

“Oğlumun ölüm xəbərini aldım”

“Hadisəyədək mərhum oğlum ilə qaynım oğlu Fuad Məmmədov və onun ailə üzvləri ilə aramızda narazılıq olmayıb. İyunun 12-də oğullarım İlkin, Daşqın və digər qohumlarım ilə birgə qaynım Yavər Məmmədovun oğlu Faiq Məmmədovun toy məclisində iştirak etmişik”.

Bunu məhkəmədə zərərçəkən kimi tanınan mərhum İlkin Məmmədovun anası Nazilə Məmmədova bildirib: - Toy mağarında qaynım oğlu Fuad sərxoş olduğu üçün özünü idarə edə bilmədiyini gördüm. Baldızım İradəyə təklif etdim ki, onu mağardan çıxarsınlar. Lakin sözümə əhəmiyyət verilmədi. Toy bitdikdən sonra, təxminən saat 01 radələrində Yavər Məmmədovun həyəti yanında oğlum Daşqının gəlməsini gözləyirdim. Bir qədər aralıda, kənd yolu tərəfdə qışqırtı səsləri eşitdim və səs gələn tərəfə qaçdım. Çatdıqda kiminsə yaralı vəziyyətdə həmkəndlilərim Talehin avtomaşınına qoyularaq xəstəxanaya aparıldığını gördüm. Oraya toplaşan sakinlərdən aparılanın oğlum İlkin olduğunu eşitdim. Bundan sonra xəstəxanaya getdim və orada oğlumun ölüm xəbərini aldım”.

“Pərişan olduğum üçün toyu tərk etdim”

Digər zərərçəkmiş Daşqın Abdullayev bildirib ki, təxminən bir il əvvəl Fuad Məmmədovla birlikdə Rusiyada işləyərkən aralarında pula görə kiçik narazılıq yaranıb və bundan sonra Fuad onunla münasibətlərini pozub: “Lakin aramızda ədavətimiz olmayıb. İyunun 12-də, təxminən saat 22 radələrində əmim oğlu Faiqin toy məclisində rəqs edərkən mağarda sarpayılıq edən Fuad Məmmədov qərəzli şəkildə musiqini dayandırdığı üçün aramızda mübahisə baş verib. Sərxoş vəziyyətdə olan Fuad mənimlə tutaşmaq istəsə də, orada olanlar bizi ayırdı. Bu hadisədən pərişan olduğum üçün toyu tərk etdim. İdarə etdiyim “VAZ-2106” markalı avtomaşınla əvvəl Cəlilabad şəhərinə, oradan isə evimə gəldim. Toyun bitməsini gözlədim ki, sonra anamı və digər qadın qohumlarımı evə gətirim. Təxminən bir qədər keçəndən sonra toy evinə getdim. Toy mağarından çıxan Fuadın ucadan nalayiq sözlər işlətməsini və mənə sarı baxdığını gördüm. Sözlərin mənə ünvanladığını güman etdiyi üçün Fuada bu hərəkətini irad tutdum. Ondan özünü ləyaqətli aparmağı tələb etdim. Qardaşım İlkin ailə üzvlərimi evə getməyi tələb etdiyi üçün Fuadla daha sözləşmədim. İlkinin bundan sonra nə etməsi və haraya getməsini bilməmişəm. Lakin bundan təxminən 5 dəqiqə keçmiş mağardan 50-60 metr kənarda, kənd yolu tərəfdə səs-küy eşitdim. Həmin yerə getdim. Orada 5-10 nəfərin toplaşdığını gördüm. Kim isə qardaşım İlkinin yaralandığını və onu təcili xəstəxanaya aparmaq üçün maşın lazım olduğunu dediyini eşitdim. Dərhal geri qayıdaraq avtomaşını ilə yenidən hadisə yerinə gəldim. Lakin İlkinin həmkəndlim Talehin avtomaşınında xəstəxanaya aparıldığını eşitdim. Onun ardınca gedən zaman yolda Fuadı görməmişəm. Onu və ya başqasını idarə etdiyi avtomaşınla vurmamışam. Xəstəxanaya çatdıqda həkimlər İlkinə baxaraq artıq öldüyünü bildirdilər. Orada olanlardan eşitdim ki, İlkini əmim oğlu Fuad bıçaqla öldürüb”.

Hakimlər tərəflərini fikirlərini öyrənəndən sonra qərar açıqlayıb. Qərara görə, həm Baş Prokurorluğun apelyasiya protesti, həm də təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR