• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ölüm kağızını alan 92 yaşlı veteran: “Qardaşımın nə ölüsündən, nə də dirisindən xəbər ala bildik...” - XATİRƏ

Ölüm kağızını alan 92 yaşlı veteran: “Qardaşımın nə ölüsündən, nə də dirisindən xəbər ala bildik...” - XATİRƏ

“Həftələrlə ac qalırdıq, nəinki yeməyə çörək, heç təmiz su da tapmırdıq. Ayağa durmağa taqətimiz olmurdu, amma döyüşürdük”.

Babam yaşında Əmiralı Əmirəliyevin müharibə ilə bağlı xatirələrini maraqlı bir nağıla qulaq asırmış kimi dinlədim. Amma bu, nağıl deyil, bir həyat hekayəsi, bir ailənin əzablı günləri, itkiləri idi…

Ömrünün bu çağında 70 il bundan əvvəl baş vermiş hadisələrin bəziləri yaddaşından silinsə də, bəzilərini günü və saatına qədər xatırlayaraq danışır.

Bəzən kövrəlir, bəzən əsəbiləşir, amma müharibədən danışarkən gözlərinin içi parıldayırdı.

92 yaşlı müsahibim həm müharibə, həm də əmək veteranıdır. “Qafqazın müdafiəsinə görə”, “İgidliyə görə”, “Qələbə” medalları, “Almaniya faşizmi üzərində qələbəyə görə” ordenlərlə təltif edilib. Ümumilikdə 18 orden və medalı var.

1923-cü il Zərdab rayonu Xanməmmədli kəndində anadan olub. Amma bir çox SSRİ vətəndaşı kimi ittifaqın bütün ölkələri onun üçün vətən olub.

“Bizim batalyon daxilində başqa millətlərdən də olanlar var idi, buna baxmayaraq, çox səmimi və mehriban idik. Təkcə ön yox, elə arxa cəbhədə də insanlar arasında qəribə birlik var idi. Müharibə sizə çox asan gəlməsin. Həmişə uğurlarımızdan danışırıq, amma çətin günlərimiz çox olub. O vaxtlar dövlətin nüfuzuna zərər gəlməsin deyə, bu barədə danışmırdıq. Amma həftələrlə ac qaldığımız günlər olub. Təsəvvür edin, silah tutmağa qolumuzda taqətimiz yox idi, amma ayaqda qalmağa məcbur idik. Bəzən günlərlə piyada yol gedirdik. Ayaq üstə yatırdıq. Əslində, beynimiz yatmırdı, gözlərimiz isə bağlanırdı”.

Ümumi mənzərəni təsvir edəndən sonra səs tonunu dəyişərək, həyəcanla almanlar ilk hücuma başlayanda Stalinin radio vasitəsilə xalqa müraciətində dediyi sözləri təkrar edir: “Alman işğalçıları elan etmədən, qəflətən vətənimizə hücum edib. Bu faşistlər tərəfindən işğalçı, bizim üçün isə ölkəmizi müdafiə edəcəyimiz müharibədir. Bizim tərəfimizdən bu ədalətli müharibədir, biz qalib gələcəyik!”

Çıxışı bitirir və sakit səslə “o, qalib gələcəyimizi dedi və biz qalib gəldik”.

Amma qalibiyyətin səbəbi tək bu çıxış deyildi. 1942-ci ildə SSRİ ali sovetinin fərmanı ilə milli diviziyalar yaradıldı. Azərbaycanlılardan ibarət 77, 223, 402 və 416-cı diviziyaları quruldu və bunların tərkibində ölkənin müxtəlif regionlarından insanlar toplanırdı.

İndi də gözüm yoldadır...

Ə.Əmirəliyevin 4 qardaşı, 3 bacısı olub. Özündən başqa iki qardaşı da müharibə iştirakçısı olub. Müharibə bu ailənin taleyində ağır izlər qoyub. Onların dərdli günləri hələ müharibədən əvvəl başlayıb.

“Hələ müharibə başlamamışdı. Almaniya ilə SSRİ arasında müharibə etməmək barədə müqavilə bağlanmışdı. Azərbaycandan Almaniyaya taxıl aparılırdı. Qardaşım da həmin vaqonlarda gedirdi. 1939-cu ildə axırıncı dəfə həmin vaqonla getdi, “Almaniyaya çatmışam” deyə sonuncu məktubunda yazmışdı. O, bir daha geri qayıtmadı. Onun nə ölüsündən, nə də dirisindən xəbər ala bildik. İllərdir gözüm yoldadır. Ondan bir xəbər gözləyirəm. Hər gecə yuxuma girir. Elə bilirəm gerçəkdi, qardaşım gəlib. Ölmədən ondan bir xəbər ala bilsəydim...”

Qardaşından heç bir xəbər olmasa da, ailədə xidmətə yararlı olan bütün kişilər könüllü olaraq cəbhəyə gedib. Ondan əvvəl iki qardaşı müharibəyə getsə də, 1942-ci ildə orta məktəbi bitirən kimi o da könüllü olaraq orduya yazılıb. 416-cı diviziyanın 368-ci polkunda pulemyotçu olub. Bu diviziya müharibə illərində bir çox rəşadət göstərib, uğurlara imza atıb.

Bu uğurları qazanmaq üçün orduya bacarıqlı əsgərlər lazım idi. Ona görə də ilk növbədə orduya gələnlər təlimatlandırılır, müharibənin sərt qaydaları barədə məlumatlandırılırdılar.

“Döyüş yolum İnquşetiyadan başladı. Həmin vaxt almanlar sərhədə qədər gəlib çatmışdı. Vəziyyət çətin idi. Biz bir meşədə müdafiədə idik. İki ay həmin ərazidə olduq. Avqust ayında vəziyyət daha da gərginləşdi. Düşmənlə üzbəüz döyüşə başladıq. İndi də həmin səhnə gözümün qarşısına gəlir. Döyüşlərdən birində almanlar tanklarla hücuma keçdi. Onlar bir neçə həmlə edəndən sonra komandirlərimiz əlavə qoşun çağırdılar və döyüş başladı. Ardıcıl olaraq almanlara ağır zərbələr endirdik. Bu, demək olar ki, həlledici döyüş oldu. Onlara gözlərini açmağa imkan vermədik. Həmin döyüşdə biz onları geri çəkilməyə vadar etdik”.

1500 nəfərin yarısını o döyüşdə itirdik

Müsahibim deyir ki, ən dəhşətli döyüş xatirələri Rostov vilayətinin azad edilməsi ilə bağlıdır.

“Biz həmin vilayətin Taqanroq şəhərinin azad edilməsində iştirak etmişik. Bu şəhər almanların ən möhkəm, strateji dayaq məntəqəsi idi. Bu şəhərin azad edilməsi uğrunda çox ağır döyüşlər gedib. Hətta almanların bu şəhəri heç vaxt geri qaytarmayacaqları ilə bağlı iddiaları var idi. Həmin döyüşlərə bizim diviziya 1500 döyüşçü ilə başladı. Amma onların yarısı həmin döyüşdə öldü. Buna görə də həmin şəhərdə döyüşçülərimizin qəbiristanlığı salınıb. Dörd dəfə Taqanroqa gedib döyüşçü yoldaşlarımın qəbrini ziyarət etmişəm. Ora sanki mənim ikinci vətənimdir. Axı orada nə qədər dostlarım dəfn olunub. Demək olar ki, şəhərin bütün sakinləri məni tanıyır. Hətta mənə Taqanroq şəhərinin fəxri vətəndaşlığını vermək istədilər. Amma sənədləri toplamaq çətin olduğuna görə alınmadı”.

“Güllə biləyimdən girib dirsəkdən çıxdı”

Azov dənizinin sahilində yerləşən Novorossiysk şəhərində də olan döyüşlər müsahibim üçün sonuncu və ağır döyüş olur. O, bu döyüşdən qalan xatirəni bu gün də üzərində daşıyır: “Sonradan öyrəndik ki, Novorossiysk döyüşlərində almanlar çox qüvvə səfərbər edibmiş. O vaxt bunu bilməsək də, hücum və döyüşün ağırlığından bunu təxmin etmək çətin deyildi. Bu döyüşlərdə bir dəfə ayağımdan yaralandım. Yoldaşlarım məni döyüş meydanından çıxartdı. Həmin yaraya görə bir müddət hospitalda qaldım, o qəlpə hələ də ayağımdadır. Özümə gələndən sonra yenidən döyüş yoldaşlarımın yanına qayıtdım. İkinci dəfə də Novorossiysk döyüşlərində yaralandım. Əlimdə silahla döyüşərkən, düşmən snayperi məni nişan alıbmış. Düşmən snayperi ürəyimi nişan alsa da, əlimdəki silah məni qorudu. Güllə qoluma dəydi, sağ qolumda biləkdən girib, sümükdən keçib, dirsəyimi parçalayıb çıxmışdı. Həkimlər qolumu kəsmək istədilər. Amma mən razı olmadım. Həkimlər çətinliklə əməliyyat edib, qolumu kəsmədən məni sağalda bildilər. 5 ay hospitalda qaldım, ondan sonra artıq döyüşə bilməzdim. Çünki yaralı əlimin iş qabiliyyəti yox idi. İndi də bu əlimdə heç nə tuta bilmirəm. Həkimlər qolumu kəsmədilər, amma sağ əlim ancaq görünüş üçündür. Normal iş qabiliyyəti yoxdur”.

“Məndən sonra evə qara kağız gəldi”

Çətin döyüş yolunu geridə qoyan, yaralı halda evə qayıdan müsahibimi qəribə sürpriz gözləyir.

“O zaman evlə əlaqə saxlamaq asan deyildi. Ona görə də, ailəm mənim yaralanmağım, geri qayıtmağım barədə xəbərsiz idi. Həmin vaxt böyük qardaşım ağır yaralanıb geri qayıtmışdı, qayıdandan bir neçə il sonra yaralar ağırlaşdı və öldü. İkinci qardaşım hələ döyüşdə idi. Qolum və ayağımdan yaralansam da, həmin illərdə evə sağ qayıtmaq böyük bir xoşbəxtlik idi. Elə məni də böyük şadlıqla qarşıladılar. Bir həftə sonra isə kənd sovetinin sədri kəndin bir neçə ağsaqqalını toplayıb bizə gəlmişdi. Onlar evimizə qara kağız gətirmişdilər. Qəribəsi odur ki, bu qara kağız mənim haqqımda gəlmişdi. Orada mənim döyüşdə ağır yaralanıb, öldüyüm yazılmışdı. Məni evdə sağ görəndə onlar şoka düşmüşdülər. Həmin illərdə belə səhvlər olurdu”.

1943-cü ildə döyüş fəaliyyəti başa çatsa da, vətəndaş olaraq müharibəyə öz töhfəsini verməkdə davam edir. Müsahibim orta məktəbi bitirən kimi müharibəyə yollandığından təhsil ala bilməyib. Amma müharibədən tərxis olan kimi təhsilini tamamlayıb.

Əvvəlcə Göyçayda pedaqoji məktəbi bitirib, ibtidai məktəb müdiri işləyib. İşlədiyi dövrdə Azərbaycan Pedaqoji İnstitutuna daxil olub, burada tarix fakültəsində qiyabi təhsil alıb. Rayon təhsilinə verdiyi töhfələrə görə dəfələrlə rayon rəhbərliyi tərəfindən təşəkkürnamələr veriblər.

“Ot qaynadıb yeyirdik”

Müsahibim həmin illərdə əhalinin yaşadığı çətinliklərdən danışır.

“Müharibədən qayıdanda kəndimizdə vəziyyət heç də yaxşı deyildi. İnsanlar çox acınacaqlı halda idi. Yeməyə heç nə yox idi. İnsanlar müxtəlif otları qaynadıb, azca un səpib yeyirdilər. Qardaşım fermada işləyirdi. Həmin illərdə heyvanlar arasında da itki çox olurdu. Onların qursağından maya kimi istifadə edilirdi. Bir dəfə öz gözümlə gördüm ki, qonşularımızdan biri həmin qursağı alıb, yemək üçün aparır. Çöldə ölmüş heyvanların ətindən istifadə edirdilər. Aclıq idi, yemək tapılmırdı, heç kimi etdiyinə görə qınaya bilməzdik. Anamla birlikdə evimizdəki qızılı, pula dəyər olan əşyaları Gürcüstanda satıb, əvəzində taxıl, qarğıdalı alırdıq. Təkcə biz getmirdik, qonşularımız da bizimlə birlikdə idi. Bundan çətin günlər yaşamışıq, qələbəni asanlıqla əldə etmək mümkün deyildi”.

Bütün bu çətinliklərin fonunda müsahibim qalibiyyətin sevincini dadmağın daha möhtəşəm hiss olduğunu deyir.

“Həmin dövrdə hərbi generalların düzgün istiqaməti qələbəyə səbəb oldu. Gündə üç dəfə döyüşlərin gedişatı barədə Stalinə məlumat verirdilər. Yəni başçıdan tutmuş adi sakinə qədər hər kəs müharibə, qələbə üçün çalışırdı. Bu savaş milliyətindən asılı olmayaraq bizim birgə müharibəmiz idi. Ona görə də biz qalib gəldik”.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR