• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xilaskar: “Dedi astmayam, əleyhqazımı verdim, özümsə...” – FOTOLAR/VİDEO

Xilaskar: “Dedi astmayam, əleyhqazımı verdim, özümsə...” – FOTOLAR/VİDEO

Mayın 19-da baş verən yanğında xilasedicilər barədə çox danışılır, hətta bəziləri qəhrəman adlandırılır.

Təbii ki, qəhrəmanlıq ayrı anlamdır və vəzifə borcunu yerinə yetirən şəxslərin qəhrəman adlandırılmasına ehtiyac yoxdur. Ancaq...

Ancaq bir xüsusi məqam var: əgər xilasedici öz əleyhqazını çıxarıb, tüstü altında qalan sakinə verirsə, öz əynindəki odadavamlı paltarını çıxarıb, xilas etmək istədiyi adamın əyninə geyindirirsə və əleyhqazsız, çılpaq qaldığı halda belə “geyindirdiyi” zərərçəkəni çiyinlərinə alıb, 7 mərtəbə düşürürsə, huşunu itirib yerə yıxılana qədər insanları xilas etməyə davam edirsə... O, artıq qəhrəmandır.

Özünü təhlükəyə atan, yanğından qorunma paltarını, tüstüdən boğulmağa imkan verməyən əleyhqazını başqa bir insana verib, tam təhlükə altına düşdüyünü bilə-bilə yanğından insan xilas etməyin başqa adı varmı?

Həmin xilasedicini axtardıq: Xətai Şahverdiyevi, FHN-in Yanğından Mühafizə dəstəsinin Nəsimi rayon əməkdaşını. Bizim üçün sürpriz çıxışı Nəsimi rayon Yanğından Mühafizə dəstəsinin rəisi etdi: “Haqqımızda bu qədər yazmaq doğru deyil. Dəstəmiz, sadəcə, öz vəzifə tapşırığını yerinə yetirib”.

Təvazökarlıqmı? Yox, sadəcə, onlar doğrudan da belə düşünürlər. Bəlkə də bilmirlər ki, 14-cü mərtəbədə, od-alovun içində özünün yanma, boğulma, ölmə riskinə əhəmiyyət vermədən əynindəkiləri çıxarıb bir insana geyindirmək və zəhərlənib huşunu itirməklə qeyri-bərabər döyüşdə düşmən sona qədər vuruşmaq səviyyəsindədir: hər ikisində “özünüqoruma instikti” olmur: qəhrəmanlıq bu instinktin öldüyü anda başlayır. Fərq odur ki, birində Vətən, digərində Vətəndaş qorunur!

Vətəndaşları həyatı bahasına qoruyan Xətaini də ona görə danışdırdıq. Daha doğrusu, yalnız o anı bizimlə bölüşməyə zor-xoş razı sala bildik:

- Hadisə olan gün təlimdə idim. 3-cü dərəcəli həyəcan siqnalı verildikdə təlimləri yarımçıq qoyub hadisə yerinə tələsdik. Ora çatanda artıq bizim əməkdaşlarımız yanan binanın içərisində kəşfiyyat, xilasetmə işlərinə başlamışdı. Elə bu zaman əməkdaşımız, baş çavuş Məmməd İbadovu gördüm. O, artıq 3 nəfər sakini yanğından xilas etmişdi. Halsız vəziyyətdə idi, tüstüdən zəhərlənmişdi. Onun döyüş paltarını istədim, geyinib yuxarı qalxdım. 14-cü mərtəbədə döşəməyə uzanmış kişini ayağa qaldırdım. Gedək, dedim. Getmək istəmədi. Dedim, vaxt keçdikcə vəziyyət daha da pisləşir, gedək. Su içirtdim, nəm əski ilə üzünü sildim. Kişi dedi ki, astmayam, bacarmıram, hava uda bilmirəm. Tez əynimdəki döyüş paltarımı çıxarıb ona geyindirdim, əleyhqazımı ağzına bağladıb. Onu pilləkənlərlə düşürdüm, özüm isə yaş əski ilə zəhərli havadan qorunurdum. 7-ci mərtəbəyə çatanda dedim, ola bilsin, mənim havam çatmasın, mən təcili qaçaraq düşüm, sən qorxma, blokda ancaq tüstü var, alov yoxdur, özün enərsən. Gördüm, kişi tərəddüd etdi, ona görə də onu tək qoymadım, halsızlaşsam da, ondan əl çəkmədim. Bir də onda ayıldım ki, xəstəxanadayam.

Yəni mənim yerimə hamı belə edərdi, elə edirdilər də...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR