• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Heydər Əliyev Fondu Bolqarıstanın tarixi mədəniyyət abidəsini bərpa edəcək - FOTO

Heydər Əliyev Fondu Bolqarıstanın tarixi mədəniyyət abidəsini bərpa edəcək - FOTO

Heydər Əliyev Fondu Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası işlərini həyata keçirəcək. Bununla əlaqədar mayın 27-də Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş imzalanıb.

Bolqarıstana səfər edən Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Veliko-Tırnovo şəhərində olub.

Azərbaycan nümayəndə heyətini qarşılayan Veliko-Tırnovo şəhər bələdiyyəsinin meri Daniel Dimitrov “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu və burada təmir-bərpa işlərinə ehtiyacı olan tarixi mədəniyyət abidələri barədə məlumat verib.

Veliko-Tırnovo şəhər bələdiyyəsinin meri abidənin bolqar xalqının zəngin mənəvi dəyərlərindən biri olduğunu diqqətə çatdıraraq, belə bir mədəniyyət qoruğunun Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir edilməsi təşəbbüsünü yüksək qiymətləndirib və bu nəcib missiyanın həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə istər Azərbaycanda, istərsə də dünyanın bir çox ölkələrində qədim mədəniyyət abidələrinin bərpa edildiyini diqqətə çatdıran Fondun icraçı direktoru Anar Ələkbərov Bolqarıstan tarixinin bir parçası olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Azərbaycan tərəfindən yenidən qurulmasının ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına xüsusi təkan verəcəyini deyib. A.Ələkbərov son illər Azərbaycanda dini məbədgahların, mədəniyyət ocaqlarının tikintisinə və bərpasına xüsusi diqqət yetirildiyini bildirib və Heydər Əliyev Fondunun Avropanın ən məşhur abidələrindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunması tarixinə imza atmasının mühüm əhəmiyyətindən danışıb. İcraçı direktor bu layihənin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi diqqət mərkəzində olduğunu bildirib.

Sonra çıxış edən Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova bu abidənin bərpa edilməsinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib və bu hadisəni ölkələrimiz arasında möhkəm dostluq körpüsü adlandırıb.

Çıxışlardan sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar. Tədbir bolqar xalqının qədim adət-ənənələrini özündə əks etdirən bədii proqramla başa çatıb.

Sonra paytaxt Sofiya şəhərinin Hökumət Evində Bolqarıstanın Baş naziri Boyko Borisov və Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirakı ilə tarixi abidənin bərpasına dair Heydər Əliyev Fondu, Veliko-Tırnovo şəhər bələdiyyəsi, Bolqarıstanın Mədəniyyət Nazirliyi, Bolqarıstanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Bolqarıstandakı səfirliyi arasında saziş imzalanıb.

İmzalanma mərasimində çıxış edən Baş nazir Boyko Borisov bu ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərindən sonra ölkələrimiz arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Müstəqil Azərbaycan dövlətinin inkişaf edərək milli mənəvi dəyərlərinin sahibinə çevrilməsindən məmnunluqla söz açan Boyko Borisov xoşməramlı missiyası ilə dünyanın mədəni irsinin qorunmasına dəyərli töhfələr bəxş edən Heydər Əliyev Fondunun Bolqarıstanın ən qədim mədəniyyət abidəsi sayılan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasını və yenidən qurulmasını öz üzərinə götürməsinin xalqlarımız arasında dostluq əlaqələrinin inkişafına əsaslı təkan verəcəyini vurğulayıb və bu nəcib missiyaya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını çatdırıb.

KİV nümayəndələrinin xüsusi diqqət mərkəzində olan tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək memarı və qurucusu dahi Heydər Əliyev olan müasir müstəqil Azərbaycan dövlətinin inkişaf edərək bölgədə lider, beynəlxalq arenada isə böyük nüfuz sahibinə çevrildiyini və bunun nəticəsində ölkəmizin dünyanın ən möhtəşəm idman və mədəniyyət tədbirlərinə ev sahibliyi etdiyini vurğulayıblar. Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan natiqlər Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunacaq qədim mədəniyyət abidəsinin Azərbaycan və Bolqarıstan dostluğunun inkişafına xidmət edəcəyini bildiriblər.

Qeyd olunub ki, sazişə əsasən Heydər Əliyev Fondu tarixi abidədə 150 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 700 metr uzunluğunda turist xiyabanının inşasını, mədəniyyət mərkəzinin yaradılmasını və təchiz olunmasını, ərazidəki 3 kilsənin təmiri və konservasiyasını, qoruğa gələn qonaqlar üçün nəqliyyat infrastrukturunun yaradılmasını həyata keçirəcək. Bərpa və konservasiya işlərinin 2015-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR