• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Türkiyədən döyüşməyə gələn Qarabağ qazisi: “Özümü saxlaya bilməyib ağladım” - “CƏBHƏ XƏTTİ”

Türkiyədən döyüşməyə gələn Qarabağ qazisi: “Özümü saxlaya bilməyib ağladım” - “CƏBHƏ XƏTTİ”

Abit Öztürk 1969-cu ildə Toqatda dünyaya gəlib. Evlidir, üç oğlu var. Hazırda Türkiyə Böyük Millət Məclisində işləyir. 1992-ci ilin sonlarından 1993-cü ilin avqustuna qədər Qarabağda döyüşüb.

“Erməni əsgəri çox qorxaqdır”

- Türkiyə vətəndaşı olduğunuz halda necə oldu ki, Qarabağ savaşına qatıldınız?

- Erməni hərbi birləşmələri rus ordusunun köməkliyi ilə Qarabağı işğal etməyə başlayanda Türkiyədəki millətçilər də ayağa qalxdı. Mən həmin vaxt Qazi Universitetində təhsil alırdım. Millətçilərin başqanı idim. Ruslar, Qərb ölkələri ermənilərin yanında idi. “Türk millətçiləri olaraq biz də azərbaycanlı türk qardaşlarımızın yanında olmalıyıq”, – deyə düşündüm və könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gəldim.

- Müharibənin canlı şahidi kimi, sizcə, erməni əsgəri ilə türk əsgərinin fərqi nədir?

- Türk əsgəri vətəni, milləti üçün qəhrəmancasına döyüşür. Ermənilər isə silahsız insanları, qocaları, qadınları və uşaqları qətlə yetirirlər. Erməni əsgəri çox qorxaqdır.

“Özümü saxlaya bilməyib mən də ağladım”

- Hansı döyüş xatirəniz unudulmazdır?

- Həyatımda bir çox xoşbəxt və çətin anlarım oldu. Azərbaycanlı qardaşlarımla birgə düşmənə qarşı döyüşməyim mənim üçün böyük xoşbəxtlik idi. Onlara eyni səngərdə xidmət etdim, eyni yeməyi yedim, eyni bardaqdan su içdim. Bir hadisə yadıma düşəndə hələ də özümə gələ bilmirəm... Bir dəfə Gəncədə hospitala gəldik, yaralılarımız var idi. Orda bir ana məni qucaqlayıb ağlamağa başladı. Yanımdakı azərbaycanlıdan “Niyə ağlayır?” – deyə soruşdum. Dedi ki, onun oğlu da könüllü döyüşə gəlib, amma ondan xəbər ala bilmirlər. Ona görə də hər gün gəlib burda oğlunu axtarır. Elə bilib ki, onun oğluyam... Özümü saxlaya bilməyib mən də ağladım.

- Heç nə vaxtsa müharibəyə getdiyinizə görə peşman olmusunuzmu?

- Azərbaycanda döyüşdüyümə görə heç vaxt peşman olmadım. Qardaş öz qardaşı üçün etdiyi bir əmələ görə peşman ola bilərmi?!

- Müharibə haqda necə bir film çəkərdiniz?

- Heç bilmirəm ki, müharibə haqda necə film çəkərdim. Film və müharibə tamam ayrı-ayrı şeylərdir. Müharibədə ölənlər yenidən dirilmir, buna görə də döyüşlər filmlərdəki kimi zövqverici deyil, kədərlidir.

“Gözlərimə inana bilmədim”

- Türkiyədə sizin Qarabağa gəlib döyüşməyinizə necə baxdılar və müharibə başlasa, yenidən döyüşərdinizmi?

- Səngərdə yaşadıqlarımı Türkiyədə heç kimə danışa bilmədim. Bunlar, sadəcə, yaşamaq üçündür. O tarixi anları sözlərə sığdırmaq olmur. Azərbaycan mənə çox doğmadır. Əlbəttə ki, sabah müharibə olsa, yenə gəlib döyüşərəm.

- Müharibədən sonra Azərbaycana qayıtdınızmı?

- Hə, qayıtdım, 2014-cü ildə gəlmişdim Azərbaycana. İnanın, 22 il yuxularıma girən bir diyarı canlı-canlı yenidən görmək məni çox xoşbəxt etdi. Dağlarını, gözəl təbiətini gəzdim... Bakı küçələri mənə qəribə bir rahatlıq bəxş etdi. Sonra döyüşdüyüm yerləri gördüm. Orada 22 il əvvəl yazdığım yazıları da tapdım, “Abit” yazmışdım, hələ də silinməyib. İnanın ki, həmin an yaşadığım hissləri sözlə ifadə etmək mənim üçün çox çətindir. Gedib su içdiyim bulaqdan yenə su içdim... İndi də xatırlayanda qəribə hisslər keçirirəm. İnanıram ki, ədalət yerini tutacaq və torpaqlar geri qayıdacaq.

(Axar.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR