Allahın “gülləsi”ndən necə xilas olaq? – Mobil telefonlardan uzaq olun
Bizi izləyin

Qırmızı.az

Allahın “gülləsi”ndən necə xilas olaq? – Mobil telefonlardan uzaq olun

Son bir həftədə ölkə ərazisində 3 nəfəri ildırım vurub. 3 hadisədən 2-si ölümlə nəticələnib. Bu hadisələrdə diqqət çəkən məqam onlardan iksinin həmin anda telefonla danışması olub.

İldırım vurmadan necə qoruna bilərik? İldırım çaxanda telefonla danışmaq həqiqətən təhlükəlidirmi? Bu yazıda həmin suallara cavab tapmağa çalışacağıq.

Publika.az-ın məlumatına görə, yer səthinin hər kvadrat kilometrinə ildə orta hesabla 6 dəfə ildırım düşür. Hər saniyədə dünyanın müxtəlif nöqtələrində təxminən 100 ildırım qeydə alınır. Fırtına, qasırğa, tufan kimi təbiət hadisələri ilə müqayisədə ildırım vurmadan ölən insanların sayı daha çoxdur. Hər il dünyada 3000-ə yaxın insan ildırım vurma nəticəsində dünyasını dəyişir. İldırım vurması ilə bağlı ölənlərin sayının artması isə insanların bu təbiət hadisəsindən kifayət qədər qoruna bilmədiklərini göstərir.

Hesablamalara görə, ildırımın düşməsi konkret olaraq ağacların hündürlüyü ilə düz mütənasibdir. Əgər ağacın hündürlüyü 4 metr olarsa, onda həmin ağacdan 4 metr aralı dayanmaq lazımdır. Deməli, hündür ağacların boyu qədər məsafədə onlardan kənar dayanmaq lazımdır.

Fizika İnstitutunun aparıcı elmi işçisi Kamil Qurbanov Publika.az-a açıqlamasında bildirib ki, ildırım vurmanın əsas səbəbi insanların qorunma yolları barədə məlumatsız olmasıdır.

“Onlar yanlış olaraq ildırım çaxanda ağacın, çox zaman ən hündür çinar ağaclarının altında gizlənirlər. Lakin bilməlidirlər ki, bu ən təhlükəli variantdır. Çünki ildırım şiş olan yerlərə, uca ağacların, hündür tikililərin üzərinə düşür. İldırım çaxanda açıq sahədə olanların mühafizə üçün heç bir imkanı yoxdursa, şaquli vəziyyətdən horizontal vəziyyətə keçməli, yəni yerə uzanmalıdır. Şəhərdə olanlar isə yaxınlıqdakı binanın zirzəmisinə girməlidirlər. İldırım binanın üzərinə düşsə də, o yuxarı mərtəbəyə zərər vuracaq. İldırım iki cür olur, buludla bulud arasında olanda təhlükəli deyil, buludla yer arasında olanda isə insan üçün qorxulu olur”.

Bəs ildırım çaxanda telefonla danışmaq həyat üçün nə qədər təhlükəlidir?

K.Qurbanov ildırım vurmanın telefonla əlaqəli olmadığını desə də, həmin anda elektrik cihazlarının təhlükədə olduğunu bildirdi.

“İldırım ancaq şiş yerləri, hündür binaları vurur. Telefonla danışmaq o qədər də təhlükəli deyil. Lakin ildırım çaxanda evlərdə cihazlar elektrikdən ayrılmalıdır. Çünki elektrik xətlərinin ətrafında elektrik sahəsi olur, ildırım həmin sahəyə düşə bilər. Bu zaman da həm istehsalçı və istehlakçı tərəfdən xətalar olur. Cihazlar sıradan çıxsa da, həmin evlərdə yaşayan insanlar üçün təhlükəsi yoxdur. Əlbəttə, elektrik transformatoru ilə işləyənlər üçün təhlükəlidir”.

Müsahibim bildirib ki, ildırım düşmə ehtimalı olan bütün obyektlərdə ildırım ötürücüləri var:

“Bu gün yeni tikilidə, binada ildırım ötürücü yoxdursa, dövlət komissiyası onu qəbul etmir. Eyni zamanda, elektrik şəbəkələrində mühafizə qurğuları yerləşdirilir”.

İldırım vuran şəxsə ilkin tibbi yardımın gösrətilməsinə gəlincə, K.Qurbanov bildirdi ki, bununla bağlı insanların məlumatlılığı çox aşağıdır:

“İldırım vuran insanın bədənindən böyük cərəyan keçir. Nəticədə insan bədənində qan donur və o, dünyasını dəyişir. Bilmədən həmin insanı torpağa basdırırlar, bu, ona daha da zərər verir.

İldırım vurma zamanı insanın ürək və tənəffüs fəaliyyəti pozulduğu üçün ilk növbədə zərərçəkmişə həkim gələnə qədər ürəyi masaj edib, süni tənəffüs vermək lazımdır. Düzdür, insanın sağ qalması həm də ildırımın gücündən asılıdır. İldırım şaxələnmiş haldadırsa, cərəyan azdırsa, həmin insan sağ qala bilir. İldırım birbaşa dəyibsə, onu həyata qaytarmaq çətindir. İlkin yardımda süni nəfəs vermək lazımdır, daha sonra xəstəxanaya çatdırmalı, müvafiq reanimasiya tədbirləri görülməlidir, yanıqlar müalicə edilməlidir”.

FHN Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsi yağışlı-şimşəkli havada ildırımdan qorunmağın yollarını açıqlayıb. Həmin vaxt mənzildə olduqda, qapı və pəncərələri bağlayın, elektrik cihaz və avadanlıqlarını cərəyan mənbəyindən ayırın, təhlükə vaxtı onlara toxunmayın, telefonla danışmayın, radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın, bu müddət ərzində duş qəbul etməyin, qab-qacaq və paltar yumayın, çünki su yaxşı elektrik keçiricisidir, təhlükə vaxtı mənzilləri tərk etməyin, çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir.

Mütəxəssislər hesab edir ki, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə bu, ildırım düşmə riskinin olması (ildırımın baş verəcəyindən xəbər verir) deməkdir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çöküb, əlləri dizlərin üstünə qoyub və önə doğru əyilmək tövsiyə olunur. Bu "embrion vəziyyəti" adlanır, yağışlı və göy gurultulu havada küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanın, çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur.

Güclü yağışlı şimşəkli havada açıq sahələrdə qalanlar üçün isə ən təhlükəsiz yer avtomobilin içi və ya digər bağlı metal konstruksiyalardır. Təhlükə zamanı avtomobili saxlayın, şüşələri qaldırın, radio-antenanı endirin və avtomobildə oturarkən onun metal hissələrinə toxunmayın. Təhlükə vaxtı avtomobili ağac altında saxlamayın. Mağara, vadi və alçaq ağaclar ən yaxşı təhlükəsiz yerlər hesab olunur. Meşədə açıq sahədə çadır qurmayın. İslanmış bədən və paltarlar ildırım vurma təhlükəsini artırır. Şimşəkli-ildırımlı havada yaş paltar və yaş ayaqqabı ilə gəzməyin. Təhlükə vaxtı üstü açıq nəqliyyat vasitələrini tərk edin. Açıq ərazilərdə çətir açmayın, çünki çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir. Yağışlı ildırımlı havada bayırda və evdə telefonla danışmayın. Təhlükə vaxtı dəmir yolunun yaxınlığında dayanmayın. Dənizdə çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sudan sahilə çıxmağa çalışın. Traktor, otbiçən maşın, motosiklet, velosiped və sair bu kimi vasitələrdən 30 metr aralı dayanın. Qrup halındasınızsa, toplu halda qalmayın, bir-birinizdən ən azı 1,5 metr məsafədə dayanın.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm