QMİ-dən fərqli Ramazan təqvimləri hazırlayanlara XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

QMİ-dən fərqli Ramazan təqvimləri hazırlayanlara XƏBƏRDARLIQ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son günlər müzakirə mövzusu olan müxtəlif “dini təqvim”lərlə bağlı açıqlama yayıb.

Publika.az-ın məlumatına görə, Komitənin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov bildirib ki, xüsusilə ölkə əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtlarda ictimai sabitliyi pozmaq üçün bəhanə arayan belə qruplar xüsusilə aktivləşirlər. Bu baxımdan, qarşıdan gələn Ramazan ayında müxtəlif “dini təqvim”lər hazırlayaraq dindar kontingent arasında yayanlar çaşqınlıq yaratmaq məqsədi güdürlər.

“Hər il olduğu kimi, Ramazan ayı öncəsi Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-dini Şurası ölkə ərazisində Ramazan ayının başlanması və bayram günlərinin vaxtı ilə əlaqədar fətva verir, ay boyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı xüsusi təqvim hazırlayır ki, məhz bu təqvim Azərbaycan ərazisi üçün dəqiq hesablanmışdır. Belə ki, həmin təqvim Qafqaz Müsəlmanları İdarəsi ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun tərtib edilir. Ölkə müsəlmanları ay boyunca bu cədvələ riayət etməlidirlər.

Lakin təəssüf ki, vətəndaşlarımız arasında müxtəlif müsəlman ölkələrində hazırlanan təqvimlərə etibar edənlər də vardır. Qeyd edək ki, “xarici təqvimlər”də çox vaxt qeyri-dəqiqlik və yerli vaxtla uyğunsuzluq olduğundan dindar vətəndaşlarımız arasında çaşqınlıq yaranır, nəticədə bir sıra xoşagəlməz söz-söhbətlər baş qaldırır. Hətta bəzi dindarlar Ramazan bayramını Qafqaz Müsəlmanları İdarəsinin təklifi əsasında dövlətin rəsmi təyin etdiyi gün yox, bu və ya digər təqvimlərə uyğun keçirirlər ki, bu da ölkədəki müsəlmanlar arasında birliyə, həmrəyliyə ciddi zərbə vurur.

Dindarlarımız yaxşı bilirlər ki, Ramazan ayının xüsusiyyəti və ümumiyyətlə müsəlman ümmətinin ən üstün keyfiyyəti elliklə, vəhdət içində icra edilən ayinlərin dərəcəsinin Uca Yaradanın dərgahında daha fəzilətli olmasıdır. Deməli, müsəlmanların parçalanması, xüsusilə on bir ayın sultanı olan Ramazanda belə halların baş verməsi təkcə təəssüf doğurmur, elə şəri baxımdan da günah sayılır. Uca Yaradan Qurani-Kərimin Ali-İmran surəsinin 103-cü ayəsində buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!”.

Ona görə də bir daha vurğulayırıq ki, vətəndaşlarımız Qafqaz Müsəlmanları İdarəsi ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının birlikdə hazırladığı öz təqvimimizdən istifadə etsinlər, mənbəyi məlum olmayan təqvimlərdən uzaq olsunlar. Çünki bu həssas məsələ təkcə dini deyil, elə vahid cəmiyyət kimi milli vəhdətimizin və həmrəyliyimizin vacib təzahürüdür. Eyni zamanda, xəbərdar edirik ki, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqvimindən başqa müxtəlif dini təqvimlər çap edərək yayanlar qanunla məsuliyyətə cəlb oluna bilərlər. Dövlət Komitəsinin müvafiq şöbələri Ramazan ayı boyunca dini ibadət yerlərində müvafiq monitorinqlər aparacaq, dini ayinləri Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqviminə uyğun icra etməyən icmalar və din xadimləri barəsində hüquqi müstəvidə ciddi ölçü götürüləcək.

Bütün müsəlmanlar üçün birlik və qardaşlıq rəmzi sayılan Müqəddəs Ramazan ayında nifaq və təfriqə halları ilə üzləşməmək üçün vahid rəsmi təqvimdən istifadə məsələsində dindarlarımızın daha həssas davranmalarını, neqativ hallarla üzləşdikləri təqdirdə dərhal məlumat vermələrini xahiş edirik”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm