“Qara şəhər”in Ağ günləri - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

“Qara şəhər”in Ağ günləri - FOTOREPORTAJ

Özünüzü eyni vaxtda Dubayda, Fransada, İngiltərədə hiss etmək istəyirsiniz? Bunun üçün mütləq Ağ Şəhərə baş çəkin. Qara Şəhər deyilən ərazidə reallaşdırılan və oranın sənaye simasını keçmişdə qoyan layihə, doğurdan da, sizi təyyarəyə bilet almadan həm Qərb, həm də Şərq ölkələrinə aparacaq. O ki qaldı həmin komplekslərin daimi sakininə çevrilmənizə onda mütləq bizim qrupun hazırladığı bu reportajı oxuyun.

Andorra Knyazlığı

Əvvəla qeyd edək ki, layihənin reallaşdırılmasına 2011-ci ildə başlanılıb. Şəhərin tikintisi üzrə baş məsləhətçi qismində“ATKİNS“ (Böyük Britaniya) çıxış edib. Layihə üzərində işə azərbaycanlı mütəxəssislərlə yanaşı, “Fosters + Partners” memarlıq şirkəti, kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik Amerika Birləşmiş Ştatlarının tanınmış “F+A Architects” arxitektura bürosu cəlb edilib. Tərəfdaşlar arasında dizayn şirkəti DLR Group, URAL Engineering Co Ltd, WSP Group və Azərbaycan şirkəti olan Konstruktor MMC də var.

Layihə Bakının neft məhsulları ilə çirklənən 221 hektar ərazisində inzibati binalar, müxtəlif ticarət mərkəzlərinin tikintisini, istirahət parkları və bulvarın yaradılmasını nəzərdə tutur. Rəqəmlərə inansaq, şəhər hazır olandan sonra orada 50 000 nəfər məskunlaşacaq. Yəni Ağ Şəhərdə Andorra Knyazlığının əhalisinin sayı qədər adam yaşayacaq.

Yaşıl Ada (22.5 ha), Babək Prospekti Rayonu (23.8 ha), Park rayonu (24.0 ha), Mərkəzi Biznes Rayonu (9.2 ha), Fəvvarələr meydanı (16.4 ha), Ticarət Mərkəzinin (16.5 ha) daxil olduğu şəhəri isə bir-biri ilə qonşu olan 10 kvartal birləşdirəcək. Tikintinin ümumi sahəsi 3,7 mln. kv.m təşkil edəcək. Ümumilikdə 18 000 yaşayış və kommersiya vahidi tikiləcək.

Evlərin qiyməti hər kvmetrə 1000 manatdan başlayır

Layihəyə görə, tikililərin sıxlığı 1,9 faiz nəzərdə tutulub. Komplekslərin 90 faizi fransız üslubunda inşa olunur. Qiymətlərə gəlincə, əsas məsələ burada başlayır. Əliniz cibinizdə olsun. Çünki Bakının ilkin mənzil bazarında bu qiymətlərə artıq alışıqsınız. Belə ki, Xətai metrostansiyasının yaxınlığında, Nobel və Babək prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsində yerləşən 7 və 4-5 mərtəbəli “Paris Evləri”ndə təmirsiz mənzillərin kvadrat metrinin qiyməti 1500-2000 manat təşkil edir. Binaların tikintisi “Park Çinar Development Company” tərəfindən aparılıb.

Şirkət eyni zamanda 7 mərtəbəli “Park Çinar” yaşayış kompleksinin də tikintisini aparıb. Həmin kompleksdə təmirsiz mənzilin kvadrat metrinin qiyməti mərtəbədən asılı olaraq 1400-1600 manat arasında dəyişir. “AQP İnşaat” şirkətinin fransız üslubunda tikdiyi yaşayış kompleksləri isə bir qədər bahadır. 7 mərtəbəli binalarda mənzillərin kvadrat metrinin qiyməti 1500-2000 manatdır. Məşhur “Həyat Park” yaşayış kompleksində mənzillərin kvadrat metrinin dəyəri 1500-1800 manatdır. 6 mərtəbəli “Fortis” yaşayış kompleksində mənzillərin qiyməti 1600-1650 manat təşkil edir.

Ən bahalı mənzillər

Şəhərdə ən bahalı evlər “Park” rayonunda yerləşir. Məsələn, 84 mənzilli 20 mərtəbəli “Rich Tower” yaşayış kompleksi Bulvar Prospektini əhatəyə alan 20 mərtəbəli hündür binalar sırası kimi layihələndirilib. Bu kompleksdə mənzillərin kvadrat metrinin qiyməti onun yerləşmə mövqeyindən asılı olaraq 2100 və 2400 manat təşkil edir. 20 mərtəbəli 84 mənzilli “Breeze Tower” yaşayış kompleksində mənzillərin kvadrat metrinin qiyməti 1600-2000 manat aralığındadır. Eyni mənzil sayına malik “Park Tower” yaşayış kompleksində mənzillərin kvadrat metrinin qiyməti 1500-2000 manat civarındadır. “Era Tower” yaşayış kompleksində mənzillər 1500 manatdan başlayır. “Altem Tower” yaşayış kompleksində mənzil 1450-1900 manat , “Sea Tower” yaşayış kompleksində 1500-2800 manatdır.

“Təməl Park” yaşayış kompleksində kvadrat metrin qiyməti 1750 -2250 manat, “Renessans” yaşayış kompleksində 1450-1600 manat civarındadır. “İnkişaf TT” Paris üslubunda yaşayış binasında mənzillərin kvadrat metrinin qiyməti 1600-2000 manat, “Gözəl Həyat” yaşayış kompleksində 1000 manat, “Sahil 14” və “Xəzər 14” yaşayış komplekslərində 1300-1500 manat, “Monparans” yaşayış kompleksində 1450-1500 manat, “Retro Park” yaşayış kompleksində 1430-1700 manat,“Ağ Saray” yaşayış kompleksində 1700-1800 manat, “Azfar” yaşayış kompleksində 1450-1500 manatdır.

Bulvarın bu başından o başına…

Onu da deyək ki, komplekslərin layihələndirilməsi, memarlıq üslubları bir-birindən kəskin fərqlənir. Şəhərə xüsusi gözəlliyi isə salınan yaşıllıq verir. Yeni “Bakı Ağ Şəhər” layihəsini tamamlayır. Bulvarın uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Fəhlələrlə söhbət zamanı öyrəndik ki, burada gələcəkdə uşaq kinoteatrının inşası da nəzərdə tutulub. Yeni bulvarda basketbol, voleybol və iki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib.

Bundan başqa, açıq havada trenajor sahəsi yaradılıb. Ən maraqlısı isə “Bulvar Hotel”dən Bayıl bulvarındakı Bakı Su İdmanı Sarayının qarşısınadək nəzərdə tutulan xüsusi qatarlardır. Hansı ki, həmin qatarların bulvar boyu bir neçə yerdə dayanacaqları olacaq.

İqdisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm