• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qəzəb, qərəz və qısqanclıq triosu - FOTO

Qəzəb, qərəz və qısqanclıq triosu - FOTO

“Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” və "Human Rights Watch”-un “3 meymun” taktikası...

Həqiqəti görmürəm, həqiqəti eşitmirəm və həqiqəti danışmıram. Dünyaca məşhur bu “3 Meymun” taktikası özlərini insan hüquqlarının və media azadlığının carçısı kimi təqdim edən "Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” və "Human Rights Watch” təşkilatlarının əsas fəaliyyət amalına çevrilib.

Sual tam aydındır. Azərbaycana qarşı əsassız iddialar irəli sürən bu təşkilatlar nə üçün Avropada və ABŞ-da dini, irqi diskriminasiyanı, rasizmi, neonasizmi və insan hüquqlarının kütləvi şəkildə pozulmasını görmürlər, yaxud görmək istəmirlər?! Halbuki Almaniya, Fransa, Böyük Britaniya kimi dövlətlərdə insan hüquq və azadlıqlarının pozulması, müstəqil bloqqerlərin, hakimiyyətləri tənqid edən medianın sıxışdırılmasına dair çoxsaylı faktlar mövcuddur.

Məlumdur ki, dünyada ilk dəfə olaraq, rasizm və nasizm Avropada baş qaldırıb. İki əsrə yaxın vaxtın keçməsinə baxmayaraq, biz bu gün də eyni tendensiyanın şahidi oluruq. Xüsusilə də, köçəri xalqlara qarşı vəziyyətin ağır olduğunu müşahidə edirik. Hazırda Avropa ölkələrində, xüsusilə də, Yunanıstanda, Çexiyada və Fransada elə bir vəziyyət yaranıb ki, burada köçəri xalqlara qarşı millətçilər tərəfindən hücumlar olduqda belə, polis müdaxilə etmir, onlarla bağlı məhkəmə və cinayət-axtarış prosesləri formal olaraq keçirilir. Bu baxımdan Almaniyada vəziyyət daha da ağırdır. Hətta diskriminasiya ilə mübarizə təşkilatının keçirdiyi rəy sorğusunun nəticəsində bəlli olub ki, almanların böyük hissəsi köçəri xalqların xüsusi yerlərə köçürülməsinin, həmçinin, deportasiyasının tərəfdarıdır.


Avropa ölkələrində islam dininin daşıyıcıları da təqiblərə məruz qalırlar. Ekspertlərin fikrincə, xüsusilə, Fransada, Almaniyada, Belçikada, Niderlandda, İsveçrədə və İspaniyada müsəlmanlar gündəlik həyat şəraitində təhqirlərlə, hətta, fiziki zorakılıqlarla qarşılaşırlar. Müsəlman qadınlar və kişilər geyimlərinə, fiziki görünüşlərinə görə iş tapmaqda çətinlik çəkirlər. Eyni zamanda, Avropa ölkələrinin bir çoxunda məscidlərin tikintisi dayandırılıb, hətta layihə olaraq ortadan qaldırılıb.

Bu xüsusda daha çox diqqətçəkən məqam Avropada İslama qarşı hərəkatların və informasiya-təbliğat vasitələrinin genişləndirilməsidir. Təkcə onu qeyd etmək kifayətdir ki, bir müddət öncə islamafob qüvvələr tərəfindən 6 dildə fəaliyyət göstərən "Qadınlar islama qarşı” saytının istifadəyə verilməsi bir daha "qoca qitə”dəki anti-islam əhval-ruhiyyəsinin göstəricisidir.

Həmçinin, tez-tez Böyük Britaniyada müsəlman qadınlarına hücumların olması, Fransada və Belçikada məscidlərin yandırılması, peyğəmbərlərin təhqir olunması, eyni zamanda, bu ilin fevral ayında ABŞ-da, Şimali Karolinada 3 müsəlman tələbənin dini zəmində qətlə yetirilməsi, növbəti gün isə Texasdakı Müsəlman Mərkəzinin yandırılması onu göstərir ki, islamafobiya qərblilərin həyat tərzinə çevrilməkdədir. Bu əsnada Avropanın və Qərbin İslamlaşmasına və miqrantlara qarşı bir qrup şəxs tərəfindən yaradılmış "PEGİDA" hərəkatı fəaliyyətini göstərə bilərik. Elə maraqlısı da odur ki, bu təşkilatın fəaliyyəti Avropadakı mövcud bütün sivil insan hüquqları qaydalarına və dəyərlərinə zidd olsa da, bizim “üçlük”( "Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” və "Human Rights Watch”) bu təhlükəni sanki görmür və ya görməzliyə vurur, hesabatlarında da bir kəlmə belə bu barədə söz yazmır.

Xarici ekspertlərin fikrincə, Avropada rasizm əvvəlki illərə nəzərən daha da genişlənib. Bu faktı elə Avropa Birliyinin 27 ölkəsində məskunlaşmış azlıqlar arasında aparılmış rəy sorğusu da sübut edir. 23 min 500 nəfər insan arasında keçirilmiş sorğunun nəticəsinə görə, onların böyük əksəriyyəti son günlər ərzində rasizmin qurbanı olublar. Lakin hakimiyyət qurumlarına inamları olmadığından polis orqanlarına müraciət belə etməyiblər. Afrikadan gəlmiş miqrantlar bildirirlər ki, Avropa ölkələrində onlara qarşı zorakılıq geniş yayılıb. Son günlərdə Avropa ölkələrində diskriminasiya və rasizm xarakterli cinayətlərin sayı xeyli artıb. Məsələn, Almaniyada türklər, balkan əsillilər daha çox təzyiqlərə məruz qalırlar. Bir sözlə Avropada antisemitizm baş qaldırsa da, dünya üzrə özünü insan hüquqlarının az qala “rəsulu” elan edən bu 3 təşkilat görmür, eşitmir və susur.

Misal üçün, Almaniyada, İspaniyada, Böyük Britaniyada, Polşada, Macarıstanda, Avstriyada və Fransada aparılmış rəy sorğularının nəticələrinə əsasən demək olar ki, yəhudi əsilli iş adamlarının dünya iqtisadiyyatında yüksək rol oynaması onlara qarşı Avropada nifrətin oyanmasına gətirib çıxarır. Bu xüsusda, Fransadakı "Soxnut” İsrail Milli Agentliyinin rəhbəri David Roşun narahatlığı diqqət çəkir. O, Fransada baş verən insidentlərə diqqət çəkərək bu ölkədə antisemitizm stereotiplərinin yenidən baş qaldırmasını göstərir. Tuluzada, Elzasda və digər şəhərlərdə son müddət ərzində 55 antisemitizm faktı qeydə alınıb. Lakin Roşun sözlərinə görə, bu olaylara qədər son 20 ay ərzində hələ bir dənə də olsun belə bir fakta rast gəlinməyib. Bundan başqa, İtaliyada, İspaniyada, Böyük Britaniyada da antisemitizm halları müşahidə olunur.

Bütün bunlar bir daha sübut edir ki, özünə beynəlxalq təşkilat statusu biçən "Amnesty İnternational”, “Sərhədsiz Reportyorlar” və "Human Rights Watch” Qərb dövlətlərində baş verən hadisələrin üzərindən sakit keçirlər, ən yaxşı halda kiçik bir münasibət bildirirlər. Halbuki, Qərbin bir sıra ölkələrində multikulturalizmdən imtina olunub. Qərb dövlətlərində ayrı-seçkilik hiss ediləcək dərəcədə çoxdur. Amma nədənsə, beynəlxalq hüquq müdafiə təşkilatları bu məsələyə göz yumurlar. Əvəzində isə dünya miqyasında sülhü və dostluğu təbliğ edəcək böyük bir idman yarışını keçirməyə hazırlaşan Azərbaycanı əsassız tənqid edir, qərəzli olaraq ölkəmiz barəsində iddialar irəli sürür . Bəli sadalanan faktlar onu göstərir ki, dünyada ikili standartlar baş alıb gedir, insan hüquqları və demokratiya yalnız Qərb dövlətləri kiməsə təsir etmək istəyəndə yada düşür. Bu təşkilatların ikili standartlar tətbiq etməsi, əlbəttə, məyusluq yaradır. Çox təəssüf ki, "Demokratiya carçılarının ” əsl siması budur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR