32 şagird ən yüksək nəticəni topladı
Bizi izləyin

Qırmızı.az

32 şagird ən yüksək nəticəni topladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün növbəti buraxılış imtahanların nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nəticələr qurumun internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

9-cu sinif üzrə buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar

İmtahanda iştirakı nəzərdə tutulan 21191 şagirddən 717 nəfəri imtahana gəlməyib, 6 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20468 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 14 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

11-ci sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilmişdir. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

İmtahanda iştirakı nəzərdə tutulan 18124 şagirddən 868 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 17254 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 18 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Qeyd edək ki, imtahanlar Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm