Kəmaləddin Heydərov gənc xilasediciləri və yanğınsöndürənləri mükafatlandırdı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov gənc xilasediciləri və yanğınsöndürənləri mükafatlandırdı - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10-cu ildönümü münasibətilə keçirilən gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışı başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə dəstəyi ilə keçirilən yarışların iyulun 6-da bağlanış mərasimi olub.

Qəbələ rayonundakı “Yeddi gözəl” otelində təşkil olunan tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

Əvvəlcə nazir Kəmaləddin Heydərov yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüşərək, onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı və qidalanması üçün yaradılan şəraitlə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb.

Sonra komandalar şərti olaraq oteldə baş verən yanğının söndürülməsi, köməksiz vəziyyətdə qalan insanların, göldə boğulmaq təhlükəsi ilə üzləşən uşağın xilas edilməsi, dərin quyuya düşən adamın çıxarılması əməliyyatını uğurla başa vurublar. Sonra gənc yanğınsöndürən və xilasedicilər hündür binanın fasadına dırmanaraq ölkəmizin üçrəngli bayrağını dalğalandırıb, gənc boksçu və taekvondoçular isə döşək üzərində bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İyulun 1-dən 6-dək Qəbələdə keçirilən gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışının final mərhələsi haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Yarışda iştirak edən yerli və xarici komandaların özlərinin milli rəqs və mahnılarını ifa etmələri mərasimə xüsusi rəng qatıb.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovu və nazirliyin bütün kollektivini 10 illik yubiley münasibətilə təbrik edərək, çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Bildirilib ki, bu yarışın hər il keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliğindən ibarətdir. Yeniyetmə və gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə davranmaq qaydalarını öyrənirlər. Belə yarışların keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açır. Əcnəbi gənc xilasedicilər bu cür yüksək səviyyəli tədbirin keçirilməsinə görə Azərbaycanın fövqəladə hallar nazirinə təşəkkür ediblər.

Məlumat verilib ki, FHN-in yaradılmasının 10 illik yubileyi münasibətilə əvvəlcə Azərbaycanın müxtəlif bölgələrində gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyinin zona yarışları keçirilib, orada yüksək nəticə əldə edən komandalar finala vəsiqə qazanıblar. Bu yarışın iştirakçısı olan 19 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Belarus, Gürcüstan, Qazaxıstan və Moldovadan olan təmsilçilər beş mərhələdə - “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparıblar.

Nazir Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi adını qazanan Siyəzən rayon komandasına və beynəlxalq yarışın qalibi olan Rusiya komandasına mükafatları təqdim edib, gənc yanğınsöndürən və xilasedicilərə uğurlar diləyib.

Beynəlxalq yarışda birinci yeri Rusiya, ikinci yeri Azərbaycan, üçüncü yeri Belarus komandaları tutublar. Respublika yarışlarında isə Siyəzən komandası birinci, Bakının Nizami rayon komandası ikinci, İsmayıllı komandası üçüncü yerə çıxıblar. (AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm