• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycanda zəhərlənmələri azaldacaq yeni üsul

Azərbaycanda zəhərlənmələri azaldacaq yeni üsul

Azərbaycanda yetişdirilən bütün tərəvəz və meyvələrin, o cümlədən qarpız və yemişlərin tərkibini həmin məhsullar elə əkin sahələrində olarkən - bazara çıxarılmamışdan əvvəl yoxlamaq mümkün olacaq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov Trend-ə bildirib ki, gələcəkdə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə bütün məhsulların tərkibinin yerindəcə yoxlanılması nəzərdə tutulur.

Artıq bu istiqamətdə işlərə başlanıldığını deyən Y.İbrahimovun sözlərinə görə, bununla əlaqədar 8 zona üzrə Toksikoloji laboratoriyalar tikilir: "Onların 3-ü artıq hazırdır. Indi bizdə səyyar laboratoriyası olan avtomobil var. Onunla ərazilərdə məsulları yoxlamaq olur. Amma bunun ən yaxşı nəticəsi zona laboratoriyalarının yaradılmasıdır. Zona Toksikoloji Laboratoriyaların tikilməsi məhsulların tərkibinin bazara çıxarılmamışdan əvvəl yoxlanılmasına imkan verəcək. Nəzərdə tutulub ki, məhsul birbaşa sahədən götürülsün, analiz olunub sonra bazara göndərilsin. Təbii ki, məhsulun tərkibini birbaşa sahədə yoxlamaq ən yaxçı nəticədir”.

Y.İbrahimov bildirib ki, yeni laboratoriyalar ölkənin bütün bölgələrini əhatə edir: "Bu laboratoriyalar ölkənin bütün bölgələrində bütün mövsümi meyvə və tərəvəzlərin tərkibinin yoxlanılmasını təmin edəcək. Laboratoriyaların yaxın zamanlarda fəaliyyətə başlayacağı gözlənilir".

Xatırladaq ki, Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında qarpız və yemişlərdən zəhərlənmə hallarının baş verməməsi üçün onların tərkibinin elə tarlada ikən - bazara çıxarılmamışdan əvvəl yoxlanılmasını təklif etmişdi. O bildirmişdi ki, qarpız və yemişin küçələrdə satılması müəyyən problemlər yaradır. Buna görə də qarpız, yemiş mütləq becərildiyi yerdə - tarladan çıxarılarkən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən yoxlanılmalıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR