• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qadınlarda xərçəngin 12 əlaməti

Qadınlarda xərçəngin 12 əlaməti

Son illər xərçəng xəstəliyi sürətlə artır və ən çox da qadınları təhdid edir. Bu xəstəlikdən xilas olmaq üçün erkən diaqnoz böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alan türkiyəli həkim Ahmet Bekir Öztürk xərçəng xəstəliyinin qadınlarda müşahidə edilən ilk əlamətlərini açıqlayıb.

Publika.az həmin əlamətləri təqdim edir:

Səbəbsiz yerə arıqlamaq

Bir çox qadın arıqlayanda sevinir. Ancaq pəhriz saxlamadan, idmanla məşğul olmadan, səbəbsiz yerə arıqlayırsınızsa, narahat olmalısınız. Düzdür, bu, həmişə xərçəng əlaməti olmur, bəzən troid vəzində problem olanda da insan arıqlamağa başlayır. Lakin, hər ehtimala qarşı, həkim müayinəsindən keçmək lazımdır.

Köp

Qarında yaranan şişkinlik, köp də xərçəngin xəbərçisi ola bilər. Burada bir nüansa diqqət etmək laızmdır. Əgər köp yarada biləcək qidalar qəbul etməmisinizsə, üstəlik, köplə yanaşı qarında və yumurtalıqda ağrı hiss edirsinizsə, bu, yumurtalıq xərçənginin ilk əlaməti ola bilər.

Əgər ağrı və köp az qala hər gün təkrarlanırsa, hər dəfə bir neçə həftədən çox davam edirsə, mütləq həkiminizlə məsləhətləşin.

Döşdə dəyişikliklər

Qadın hər ay döş müayinəsindən keçməlidir. Döşdə və sinədə qızartı, dərinin qalınlaşması kimi dəyişikliklər, həmiçinin, döş ətrafında meydana gələn şiş xərçəngin əlamətləri ola bilər.

Döşlərin formasının dəyişməsi, süd kisəsindən axıntı gəlməsi də xəçəngə işarədir. Belə halla üzləşdikdə dərhal həkimə müraciət etmək və lazımlı analizlərdən keçmək məsləhət görülür.

Qanaxma

Klimaksdan öncə qadınlarda menstruasiya tsiklində nizamsızlıq meydana gələ bilər. Çox vaxt bu adi hal kimi qəbul edilir. Ancaq həkimlər menstruasiya tsiklinin pozulmasını və aybaşı dövründən əlavə vaxtlarda da müşahidə edilən qanaxmanın xərçəngin əsas əlamətlərindən biri kimi qəbul edirlər. Bu kimi hallar, adətən, uşaqlıq ağzı xərçəngindən xəbər verir.

Dəridə dəyişikliklər

Dəridə görünən ani dəyişikliklər bəzən nəzərdən qaça bilər. Çox diqqətli olmaq lazımdır. Məsələn, ani şəkildə dərinizdə rəng dəyişikliyi baş verə bilər. Bu kimi hallarda müayinədən keçmək mütləqdir.

Udqunarkən çətinlik çəkmək və həzm problemləri

Uzun müddət davam edən həzm problemləri, mədə ya da yemək borusu xərçənginin xəbərçisi ola bilər. Ona görə də bütün tədbirlərə rəğmən, yemək yedikdən sonra həzm problemi yaşayırsınızsa, mütləq həkimə müraciət etməlisiniz.

Yeməyi çeynəyərkən və ya udarkən ağrı hiss edirsinizsə, bu da yemək borusunun və ya ağciyər xərçənginə işarədir.

Sidik və ya nəcisdə qan

Əgər sidik və ya nəcisdə qan fərq etsəniz, narahat olmalısınız. Xüsusilə də, nəcisin rənginin dəyişməsi diqqətə alınmalıdır.

Ağızda yaranan ağ ləkələr

Xüsusilə, siqaret çəkənlərin ağız xərçənginə yaxalanma riskləri yüksəkdir. Əgər ağız içində və ya dilin üzərində mütəmadi olaraq ağ ləkələr yaranırsa, bunu xərçəngin əlaməti hesab etmək olar.

Limfa düyünləri

Qolaltındakı və ya boyun bölgəsindəki limfa düyünlərinin şişib böyüməsi də xərçəngin əlamətidir. Belə halda dərhal həkimə müraciət etmək lazımdır.

Qızdırma

Qrip və ya infeksiyadan qaynaqlanmayan, səbəbi açıqlana bilməyən qızdırma qan xərçənginin əlaməti ola bilər.

Yorğunluq

Yorğunluq və halsızlıq bir çox xəstəliyin ilkin əlamətlərindən biri kimi qarşımıza çıxır. Elə xərçəngin də əlamətlərindən biri yorğunluqdur. Gün ərzində gərgin iş rejimində olmasanız belə, günün sonunda özünüzü çox yoğrun hiss edirsinizsə, xərçəngdən şübhələnə bilərsiniz.

Amerikan Xərçəng Dərnəyinin araşdırmasına görə, yorğunluq qan və mədə xərçənginin erkən əlamətlərindən biridir.

Qalıcı öskürək

Qrip, allergiya və bəzi dərmanlar öskürəyə səbəb ola bilər. Ancaq 3-4 həftə davam edən öskürək daha böyük təhlükədən xəbər verir. Belə halda həkiminizlə məsləhətləşin.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR